AYB-nin üzvü şairə Esmira Günəş şəhidlər haqqında yazdığı 20-ci kitabı çap etdirib. Avropa.info xəbər verir ki,bu dəfə kitabını 2023-cü ilin antiterror şəhidlərinə həsr edən şairə kitabının adını da, elə “Antiterror şəhidləri” qoyub. 56 şəhidin yer aldığı kitabın 300-ə yaxın səhifəsi var
Asan deyil bir-bir şəhid ailələri ilə ünsiyyətdə olub, məlumat toplamaq və hətta topladığı məlumatlardan təsirlənərək şəhidlərin hər birinə şeir yazmaq.
Onu da, qeyd edək ki, şairə xanım Azərbaycanın bütün bölgələrində şəhid ailələrinin ziyarətində olur. Onların ev guşələrini, muzeylərini, abidələrini çəkib paylaşır ki, həm ailələrinə təsəlli olsun, həm də şəhidlərimiz unudulmasın. Bu gün şəhid ailələrinin tanıdığı yeganə şairə Esmira Günəşdir. Lakin onun bu yolda heç bir dəstəyi yoxdur. Çox təəssüflər olsun ki, nəinki dəstək olmurlar hətta şairənin qarşısında maneələr yaradanlar da, az deyil. Ancaq o əzimlə maneələri təkbaşına dəf edərək, tutduğu şərəfli yoldan dönmür. Müsahibələrinin birində bildirib ki, şəhidlər haqqında yazdığı 2 kitabı da var. Lakin maliyyə xərclərini qarşılaya bilmədiyi üçün nəşr etdirə bilmir. Zamanla onları da, nəşr etdirib ailələrini sevindirəcək.
Bu çətin və şərəfli yolda şairə xanıma uğurlar arzulayırıq. O, ən böyük mükafatlara layiqdir.