Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bacarığımızı birgə inkişaf etdirək” layihəsinin final konsert proqramı Zərdab Uşaq İncəsənət məktəbində uğurla baş tutdu.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Daha sonra layihə çərçivəsində rəssamlıq üzrə iştirak edən istedadlı gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Qanunla.az xəbər verir ki, tədbiri giriş nitqi ilə açan layihə rəhbəri Kamal Xəlilov layihənin əsas məqsədi, gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi istiqamətində görülən işlər və layihənin əldə etdiyi nəticələr barədə ətraflı məlumat verdi.
Ardınca Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov çıxış edərək layihənin əhəmiyyətini vurğuladı və iştirakçılara uğurlar arzuladı. Gənclərə layihədə fəal iştirak etməyi və əldə olunan biliklərdən səmərəli yararlanmağı tövsiyə etdi. Daha sonra Elyurə Məmmədova və ardınca Həsən bəy Zərdabi adına Ev Muzeyinin direktoru Vəfa Bayramova çıxış edərək belə layihələrin region gənclərinin inkişafında mühüm rol oynadığını vurğuladılar.
Tədbirin bədii hissəsində fasilə zamanı iştirakçılar və qonaqlar üçün çay, kofe süfrəsi təşkil olundu, səmimi söhbətlər aparıldı və gənclər arasında xoş ünsiyyət mühiti formalaşdı.
Konsert proqramı boyunca istedadlı gənclər müxtəlif musiqi, rəqs, bədii gimnastika və yaradıcılıq nömrələri ilə çıxış edərək tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılandılar.
Sonda iştirakçılar münsiflər heyəti tərəfindən qiymətləndirildi, iştirakçılar diplom və xatirə hədiyyələri ilə təltif olundular.

















































