Əlbəttə ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var.
Son illərdə Azərbaycan dinamik və hərtərəfli inkişaf yolu keçərək regionun ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi, müasir infrastruktur layihələrinin həyata keçirilməsi və rəqəmsal transformasiya istiqamətində atılan addımlar ölkənin davamlı inkişafını təmin edib. Eyni zamanda, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, beynəlxalq ticarət marşrutlarında fəal iştirak və enerji resurslarının səmərəli idarə olunması Azərbaycanın qlobal iqtisadi sistemdə rolunu daha da artırıb. Sosial sahədə həyata keçirilən islahatlar, təhsil və innovasiyaya yönəlmiş siyasət isə insan kapitalının inkişafına mühüm töhfə verir.
Bu inkişaf fonunda 2026-cı il mayın 4-də Ciorcia Meloninin Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlər və verilən bəyanatlar iki ölkə arasında əməkdaşlığın geniş spektrini əhatə etdiyini göstərir. Görüş zamanı cənab Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında iqtisadi, ticarət və humanitar sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini xüsusi vurğulayıb.
Çıxışı zamanı cənab Prezident bildirib ki; “Əlbəttə ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir.” Bu fikirlər Azərbaycan-İtaliya əməkdaşlığının yalnız iqtisadi sahə ilə məhdudlaşmadığını, eyni zamanda sosial və humanitar istiqamətləri də əhatə etdiyini göstərir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr regionun bərpası və inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. İtaliya şirkətlərinin bu prosesdə fəal iştirakı iki ölkə arasında qarşılıqlı etimadın və tərəfdaşlığın yüksək səviyyədə olduğunu təsdiqləyir.
Təhsil sahəsində də əməkdaşlığın vurğulanması gələcək nəsillərin inkişafına yönəlmiş strateji yanaşmanın göstəricisidir. Müasir dövrdə bilik və innovasiya əsaslı inkişaf modelinə keçid fonunda bu istiqamət xüsusi aktuallıq daşıyır.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru























