15 İyun – Milli Qurtuluş Günü
Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, dövlətçiliyin möhkəmləndirilməsi və siyasi sabitliyin bərqərar olması baxımından xüsusi əhəmiyyət daşıyır.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılmasından sonra Azərbaycan mürəkkəb və ağır dövr yaşamağa başladı. O, 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və Sovet rəhbərliyinin yeritdiyi siyasətə etiraz olaraq tutduğu yüksək vəzifələrdən istefa verdi. Bu hadisədən qısa müddət sonra erməni millətçiləri və onların himayədarları Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə çıxış etdilər. Beləliklə, Azərbaycan xalqının üzləşdiyi ağır sınaqlar dövrü başladı.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkədə siyasi qeyri-sabitlik, iqtisadi böhran və hərbi uğursuzluqlar hökm sürürdü. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, ölkə daxilində isə hakimiyyət uğrunda mübarizə dərinləşirdi. Dövlət idarəçiliyində yaranmış boşluq, müxtəlif silahlı dəstələrin özbaşınalığı və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycanı parçalanmaq həddinə gətirib çıxarmışdı.
1993-cü ilin iyun ayında ölkədə vəziyyət daha da gərginləşdi. Xalq və dövlətçilik naminə məsuliyyət hissi ilə yaşayan Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya dəvət olundu. 15 iyun 1993-cü ildə o, Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Məhz bu tarix Azərbaycanın siyasi həyatında dönüş nöqtəsi oldu və ölkənin qurtuluşunun əsasını qoydu.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa edildi, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, dövlət institutları gücləndirildi və müstəqilliyimizin qorunması istiqamətində mühüm addımlar atıldı. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirdi, iqtisadi inkişafın təməli qoyuldu və xalqın gələcəyə inamı bərpa olundu.
Bu gün Milli Qurtuluş Günü təkcə tarixi hadisənin ildönümü deyil, həm də Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs hazırda da uğurla davam etdirilir və Azərbaycan hərtərəfli inkişaf edərək regionun güclü dövlətlərindən birinə çevrilmişdir.
15 İyun – Milli Qurtuluş Günü xalqımızın birliyinin, dövlətçiliyə sədaqətinin və müstəqilliyimizin əbədi olmasının rəmzidir. Bu əlamətdar gün hər bir azərbaycanlı üçün qürur mənbəyi olmaqla yanaşı, gələcək nəsillərə dövlətçilik ənənələrinin qorunmasının vacibliyini xatırladır.
Talıb Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini
























