YAP Saatlı rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının və Saatlı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “15 İyun – Milli Qurtuluş Günü” ilə bağlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər. Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin zəngin ömür yolu və siyasi fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xeberaz.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov qurtuluş fəlsəfəsinin xalqımızın taleyindəki rolundan bəhs edərək bildirdi ki, 1993-cü il iyunun 15-i sadəcə təqvim dəyişikliyi deyil, Azərbaycanın siyasi tarixində parçalanmadan xilasa, xaotik idarəçilikdən sabitliyə keçidin hüquqi və mənəvi təməlidir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə rəhbərliyə qayıdışı ölkəmizə itirilmiş milli güvəni bərpa etdi. O bildirdi ki, bu gün həmin uzaqgörən siyasətin layiqli davamçısı, Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal miqyasda söz sahibi olan, milli maraqlarını qətiyyətlə diktə edən qüdrətli bir dövlətdir. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan dövləti yaşayır və hərtərəfli inkişaf edir.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək bildirdi ki, Milli Qurtuluş Günü dövlətçiliyimizin uçurumun kənarından dönərək yüksəliş xəttinə qədəm qoyduğu tarixi dönüş nöqtəsidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən siyasi böhran, anarxiya və idarəolunmazlıq xalqımızı böyük bir sınaq qarşısında qoymuşdur. Belə bir taleyüklü məqamda cəmiyyətin mütərəqqi qüvvələrinin, ziyalıların vahid amal ətrafında birləşməsi və Ulu Öndərin fenomenal liderliyi Azərbaycanı məhv olmaq təhlükəsindən qorudu. O vurğuladı ki, bu müdrik təməllər üzərində ucalan müasir Azərbaycan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə öz inkişafının ən zirvə dövrünü yaşayır. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.
Daha sonra tədbirdə çıxış edən Sakit Bağırov, Hicran Quliyeva və Allahşükür Ağayev bildirdilər ki, Ümummilli Lider Heydər Əliyev formalaşdırdığı dövlətçilik məktəbi ilə Azərbaycanı zamanın ən mürəkkəb geosiyasi sınaqlarından uğurla çıxarmağı bacardı. Bu gün fəxrlə qeyd etdiyimiz hərtərəfli tərəqqi, iqtisadi və siyasi sabitlik məhz dahi şəxsiyyətin uzaqgörən strategiyasının bəhrəsidir. Heydər Əliyev irsi hər bir azərbaycanlı üçün tükənməz vətənpərvərlik nümunəsidir.
Tədbirin sonunda partiya sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.













































