Zərdab Rayon Prokurorluğunun təşkilatçılığı ilə H.B. Zərdabi adına 1 nömrəli məktəb-liseydə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi gənclərin zərərli vərdişlərdən qorunması, narkomaniyanın cəmiyyətə və insan sağlamlığına vurduğu ağır fəsadlar barədə şagirdlərin məlumatlandırılması, sağlam həyat tərzinin təbliği və yeniyetmələr arasında hüquqi maarifləndirmə işinin gücləndirilməsi olub.
Qanunla.az xəbər verir ki, tədbirdə Zərdab rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Şəbnəm Həsənli, rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru Vasif Seyidov, Rayon İHB Aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Murad Həsənov, Təhsil sektorunun müdiri Gülağa İsgəndərov, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Əvvəlcə çıxış edənlər narkomaniyanın bəşəriyyət üçün ciddi təhlükələrdən biri olduğunu vurğulayaraq bildiriblər ki, bu bəla təkcə insan sağlamlığına deyil, eyni zamanda ailə dəyərlərinə, cəmiyyətin mənəvi mühitinə və gənc nəslin gələcəyinə ciddi zərbə vurur. Qeyd olunub ki, narkotik vasitələrin istifadəsi insanı fiziki və psixoloji asılılığa sürükləyir, bir çox hallarda cinayətkarlığın artmasına, sosial problemlərin yaranmasına səbəb olur.
Çıxışlar zamanı yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmasının vacibliyi diqqətə çatdırılıb, onların asudə vaxtlarının səmərəli təşkili, idmana və təhsilə marağın artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub. Bildirilib ki, sağlam düşüncəli və vətənpərvər gəncliyin formalaşdırılması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.
Tədbirdə hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsinə görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət barədə də ətraflı məlumat verilib. Şagirdlərə hüquqi biliklərin artırılmasının vacibliyi izah olunub, onları zərərli vərdişlərdən uzaq olmağa, sağlam həyat tərzinə üstünlük verməyə çağırıblar.
Sonda iştirakçıların sualları cavablandırılıb, narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici bukletlər paylanılıb və belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyi bildirilib.
























