CƏNAB PREZİDENT İLHAM ƏLİYEV TƏRƏFİNDƏN İDMANA VƏ İDMANÇILARA LAZIMİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİLİR.
Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi – Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti Azərbaycan idmançılarını yeni qələbələrə səsləyir. Son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində idmançılarımız bütün mötəbər yarışlarda ölkəmizi uğurla təmsil edir, medal və mükafatlarla Vətənə dönürlər. Bütün bunlar əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu idman siyasətinin nəticəsidir. 1997-ci ilə qədər ölkə idmanında effektiv yenilik və yüksək uğur əldə olunmayıb. Lakin Cənab Prezident İlham Əliyevin bu sahəyə rəhbərlik etməsindən sonra, ölkə idmanının çox yüksək, qızıl və parlaq günləri başladı. Bu gün hər sahədə olduğu kimi, idman sahəsində də əldə olunan bütün uğurların səbəbkarı və müəllifi cənab Prezident İlham Əliyevdir. Azərbaycanın sürətli, dinamik inkişafı idman sahəsində də özünü göstərir. Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, idman sahəsində də əsaslı irəliləyişlərə nail olmuş, beynəlxalq yarışlarda bir sıra parlaq qələbələrə imza atmışdır. Bu gün Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Cənab Prezident İlham Əliyev gülşçilərimiz və onların məşçiləri ilə görüşdə qeyd edib ki, “hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir. Tiranada qazanılan bu qələbə bir daha göstərdi ki, Azərbaycan idmanı yüksəliş dövrünü yaşayır. Bu yüksəliş isə təkcə idman arenaları ilə məhdudlaşmır – bu, xalqın ruhunda, gəncliyin baxışında, dövlətin gücündə öz əksini tapır. Azərbaycan güləşçiləri bir daha sübut etdilər: zəfər təsadüf deyil. Zəfər inamın, zəhmətin və milli ruhun nəticəsidir. Bu uğurun digər mühüm tərəfi isə Azərbaycanın idman coğrafiyasının genişlənməsidir. Artıq yalnız paytaxt deyil, regionlar da böyük idman nailiyyətlərinin əsas mənbəyinə çevrilir. Müasir Olimpiya kompleksləri, güləş zalları və yaradılan şərait nəticəsində ən ucqar bölgələrdən belə istedadlı gənclər üzə çıxır və beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər. Bu proses idmanın kütləviliyini artırmaqla yanaşı, sosial inkişafı da stimullaşdırır, gəncləri sağlam həyat tərzinə yönləndirir və cəmiyyətin ümumi rifahına müsbət təsir göstərir. Azərbaycan idmanının yeni inkişaf mərhələsində olduğunu aydın şəkildə görürük. Dövlətimiz idmanın bütün növlərinin inkişafına xüsusi diqqət göstərir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının mühasibi
Qalib Nağıyev
























