Ulu Öndərin əbədi və unudulmaz xidməti
Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir. Bu gün xalqımızın müstəqilliyinin qorunub saxlanılmasında, ölkədə sabitliyin bərqərar olunmasında və dövlət quruculuğu prosesinin uğurla davam etdirilməsində müstəsna rol oynamış Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını əks etdirir.
1990-cı illərin əvvəllərində Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qalmışdı. Ölkədə hakimiyyət uğrunda qarşıdurmalar dərinləşmiş, idarəetmə sistemi iflic vəziyyətinə düşmüş, torpaqlarımızın işğalı davam etmişdi. Belə bir mürəkkəb və təhlükəli şəraitdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın gələcək taleyini müəyyənləşdirən mühüm hadisə oldu.
1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi və iqtisadi inkişafın təməli qoyuldu. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulmasına şərait yaratdı. Xüsusilə enerji strategiyasının uğurla həyata keçirilməsi ölkənin iqtisadi müstəqilliyini daha da gücləndirdi.
Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir. Müstəqil Azərbaycan dövləti onun ideyaları əsasında inkişaf edir, əldə olunan nailiyyətlər xalqımızın rifahının yüksəldilməsinə xidmət edir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, milli maraqlara əsaslanan siyasəti və xalqına bağlılığı gələcək nəsillər üçün örnək olaraq qalır.
Milli Qurtuluş Günü Azərbaycan xalqının həmrəylik, birlik və dövlətçilik iradəsinin təntənəsidir. Bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin əbədi və unudulmaz xidmətlərinin xalqımızın yaddaşında daim yaşayacağını bir daha təsdiq edir.
Vüsalə Kərimova – Zərdab şəhər 1 saylı – məktəb liseyin direktoru
























