Şuşa Bəyannaməsi çərçivəsində nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına da xüsusi diqqət yetirilir
Müasir dövrdə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi də məhz bu məqsədlərə xidmət edən tarixi sənədlərdən biridir. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanan bu sənəd iki qardaş ölkə arasındakı münasibətləri yeni mərhələyə yüksəltməklə yanaşı, regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə də mühüm töhfə verir. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsini nəzərdə tutur. Bu sənəd iki ölkənin siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığını genişləndirməyi qarşıya məqsəd qoyur. Bəyannamənin ən mühüm cəhətlərindən biri onun yalnız iki ölkənin maraqlarına deyil, bütövlükdə regionun inkişafına və təhlükəsizliyinə xidmət etməsidir. Tarix boyu Azərbaycan və Türkiyə xalqları ortaq dilə, dinə, mədəniyyətə və milli-mənəvi dəyərlərə malik olmuşlar. Bu yaxınlıq zaman keçdikcə daha da möhkəmlənmiş və dövlətlərarası münasibətlər səviyyəsinə yüksəlmişdir. Şuşa Bəyannaməsi bu münasibətlərin hüquqi və siyasi əsaslarını daha da gücləndirərək müttəfiqlik səviyyəsinə çatdırmışdır. Bu baxımdan sənəd təkcə iki ölkə arasında deyil, regionun gələcəyi baxımından da mühüm strateji əhəmiyyət daşıyır.
Bəyannamənin regional sülhə verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Uzun illər münaqişələrdən və gərginlikdən əziyyət çəkmiş Cənubi Qafqaz regionu bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra bölgədə davamlı sülhün təmin olunması əsas prioritetlərdən birinə çevrilmişdir. Şuşa Bəyannaməsi də məhz bu məqsədə xidmət edərək regionda sabitliyin qorunmasına, qarşılıqlı etimadın artırılmasına və əməkdaşlıq mühitinin formalaşmasına dəstək verir. Sənədin mühüm istiqamətlərindən biri də iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan və Türkiyə arasında həyata keçirilən birgə layihələr regionun iqtisadi inkişafına ciddi töhfələr verir. Xüsusilə enerji və nəqliyyat sahələrində reallaşdırılan layihələr həm iki ölkənin, həm də digər dövlətlərin iqtisadi maraqlarına xidmət edir. Bu layihələr region ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsinə, yeni iş yerlərinin açılmasına və insanların rifahının yüksəlməsinə şərait yaradır. Şuşa Bəyannaməsi çərçivəsində nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına da xüsusi diqqət yetirilir. Müasir dövrdə nəqliyyat dəhlizləri ölkələr arasında iqtisadi münasibətlərin əsas sütunlarından biri hesab olunur. Azərbaycanın əlverişli coğrafi mövqeyi və Türkiyənin Avropa ilə Asiyanı birləşdirən strateji rolu regionun tranzit imkanlarını artırır. Bu əməkdaşlıq sayəsində beynəlxalq yükdaşımaların həcmi artır, ticarət əlaqələri genişlənir və bölgənin iqtisadi potensialı daha səmərəli şəkildə istifadə olunur.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru

























