Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu
Prezident cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi. Rəsmi açılış mərasimindəki çıxışında “Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu” söyləyən cənab Prezident onu da əlavə etdi ki, zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi Bakı Enerji Həftəsi adlanır. Prezident cəab İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, dünya qazıntı yanacağı olmadan yaşaya bilməz. Hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik. Amma bu gün biz çox praqmatik olmalı və realizmə əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə əlaqədar planlaşdırmalı, həmçinin bərpaolunan enerji mənbələrinə investisiya qoymalıyıq.
Günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizindən geniş bəhs edən Prezident cənab İlham Əliyev vurğuladı ki, bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il Bakı Enerji Həftəsində Azərbaycan qazını 12 ölkənin aldığı qeyd edilirdisə, bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Ölkələrin sayının artacağını əminliklə söyləyən Prezident vurğuladı ki, boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək.
Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc
























