image-qanunla-reklam
image-709ceb72-b6cf-4d22-af96-de52ef258d4b

Enerji məsələsi yenidən normal məcraya qaytarılır

image-lady-day-az

Enerji məsələsi yenidən normal məcraya qaytarılır

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı enerji sektorunun qlobal iqtisadiyyat və təhlükəsizlik üçün əhəmiyyətindən danışıb. Dövlət başçısı bildirib ki, Bakı Enerji Həftəsi artıq dünyanın aparıcı enerji platformalarından birinə çevrilib və burada qəbul olunan qərarlar beynəlxalq enerji bazarının gələcəyinə təsir göstərir.

Prezident İlham Əliyev tədbir münasibətilə təbrik məktubları göndərən ABŞ Prezidenti Donald Trampa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Böyük Britaniyanın Baş naziri Kir Starmerə təşəkkürünü ifadə edib. O, xüsusilə Donald Trampın enerji siyasəti ilə bağlı mövqeyini yüksək qiymətləndirərək bildirib ki, enerji məsələsinin yenidən normal məcraya qaytarılması mühüm əhəmiyyət daşıyır.

Dövlət başçısının sözlərinə görə, son illər ərzində neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlər əsassız tənqidlərə məruz qalıb. Onlar bəzən planetin ekoloji problemlərinin əsas səbəbkarları kimi təqdim olunub, müxtəlif ittihamlarla üz-üzə qalıblar. Prezident qeyd edib ki, bu yanaşma reallığı tam əks etdirmir və dünya iqtisadiyyatının inkişafında ənənəvi enerji resurslarının rolu hələ də böyük olaraq qalır.

İlham Əliyev vurğulayıb ki, enerji təhlükəsizliyi hər bir dövlət üçün milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Onun fikrincə, neft və qaz istehsalçılarına qarşı mənfi münasibətin formalaşdırılması enerji bazarında balansın pozulmasına və bir sıra ölkələrin enerji təminatında problemlərin yaranmasına səbəb ola bilər.

Prezident Azərbaycanın bu sahədə etibarlı tərəfdaş olduğunu bir daha diqqətə çatdırıb. O bildirib ki, ölkəmiz uzun illərdir beynəlxalq bazarlara sabit enerji təchizatı həyata keçirir və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bununla yanaşı, Azərbaycan yalnız ənənəvi enerji resurslarına deyil, həm də yaşıl enerji layihələrinin inkişafına böyük sərmayələr yatırır.

Çıxışında enerji keçidinin mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edən dövlət başçısı vurğulayıb ki, bərpa olunan enerji mənbələrinin inkişafı ilə yanaşı, neft və qaz resursları da uzun müddət qlobal enerji balansının mühüm hissəsi olaraq qalacaq. Bu baxımdan enerji siyasətində praqmatik və balanslı yanaşmanın tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin çıxışı həm ənənəvi enerji sektorunun əhəmiyyətinin qorunması, həm də gələcək enerji keçidinin realist prinsiplər əsasında həyata keçirilməsinin vacibliyi barədə mühüm mesajlar kimi qiymətləndirilir.

 

Aqil Mehdiyev – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki