Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız Azərbaycan xalqı üçün deyil, bütün Şərq dünyası üçün mühüm tarixi hadisə idi
XX əsrin əvvəlləri Azərbaycan xalqının milli oyanış və azadlıq mübarizəsinin ən mühüm mərhələlərindən biri olmuşdur. Məhz bu mürəkkəb və taleyüklü dövrdə xalqımız öz dövlətçilik ənənələrinə söykənərək müstəqil dövlət yaratmağa nail olmuşdur. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla yanaşı, bütün Şərq dünyasında ilk demokratik parlament respublikasının meydana gəlməsi kimi böyük tarixi əhəmiyyət daşıyırdı. Bu hadisə xalqımızın azadlıq arzularının gerçəkləşməsi, milli kimliyinin bərpası və dövlətçilik ənənələrinin yenidən dirçəldilməsi baxımından mühüm rol oynadı.
Birinci dünya müharibəsinin yaratdığı mürəkkəb siyasi vəziyyət, çar Rusiyasının süqutu və imperiya daxilində baş verən siyasi proseslər Azərbaycan xalqı üçün yeni imkanlar yaratmışdı. Rusiyada 1917-ci ildə baş verən Fevral və Oktyabr inqilablarından sonra imperiyanın ucqarlarında milli azadlıq hərəkatları geniş vüsət aldı. Azərbaycan ziyalıları və milli qüvvələri də xalqın taleyini öz əlinə almaq üçün ciddi fəaliyyətə başladılar. Bu dövrdə milli şüurun güclənməsi və istiqlal ideyalarının yayılması müstəqil dövlətin yaradılmasına zəmin hazırladı.
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycan xalqının dövlət müstəqilliyini bütün dünyaya bəyan etdi. Bu sənəd xalqımızın tarixində ilk demokratik dövlətin hüquqi əsasını təşkil etdi. İstiqlal Bəyannaməsində Azərbaycanın müstəqil dövlət olduğu, bütün vətəndaşlara milli, dini və sosial mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqların verildiyi elan edilirdi. Bu isə həmin dövr üçün son dərəcə mütərəqqi və demokratik addım idi.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğu sahəsində mühüm işlər gördü. Cümhuriyyət hökuməti parlamentli idarəetmə sistemi yaratdı, dövlət atributlarını qəbul etdi, milli ordu formalaşdırdı və ölkənin beynəlxalq münasibətlər sistemində tanınması istiqamətində mühüm addımlar atdı. Dövlət bayrağı, gerbi və himni qəbul edildi, Azərbaycan dili dövlət dili elan olundu. Bütün bunlar milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyırdı.
Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Cümhuriyyət liderləri xalqın milli maraqlarını qorumaq üçün böyük fədakarlıqlar göstərirdilər. Onların “Bir kərə yüksələn bayraq bir daha enməz” ideyası xalqın azadlıq və müstəqillik əzmini ifadə edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri dövlətin demokratik prinsiplər əsasında inkişaf etməsinə çalışır, insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi diqqət yetirirdilər.
Cümhuriyyət dövründə təhsil və maarif sahəsində də mühüm addımlar atıldı. Məktəblərin milliləşdirilməsi, ana dilində tədrisin təşkili və savadlı kadrların hazırlanması istiqamətində tədbirlər həyata keçirildi. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması xalqın elm və təhsil sahəsində inkişafına böyük töhfə verdi. Bu addımlar Azərbaycanın gələcək inkişafı üçün möhkəm intellektual baza formalaşdırırdı.
Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq arenada da mühüm uğurlar qazandı. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyəti nəticəsində ölkənin müstəqilliyi de-fakto tanındı. Bu, gənc dövlətin beynəlxalq münasibətlər sistemində öz yerini tutması baxımından mühüm nailiyyət idi.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd ümumtəhsil tam orta məktəbin direktoru























