Biz ətraf mühit sahəsində çox işləri görməli olduq
Azərbaycanın ev sahibliyi etdiyi, Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında 182 ölkədən 45 mindən artıq iştirakçını bir araya gətirdi. Tədbir Azərbaycanın dayanıqlı şəhərsalma siyasətini, tarixi Zəfərimizdən sonra azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri fonunda təkmil dirçəliş modelini dünyaya təqdim edir. Dövlətimizin başçısı İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında “Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq” söyləyərək onu da əlavə etdi ki, 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini, hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olduğunu önə çəkən cənab İlham Əliyev vurğuladı ki, bu, həmçinin ölkəmizin memarlığında əks olunub: “Beləliklə, əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz, sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss edəcəksiniz – vaxtilə üç kilometr olmuş Bakı Bulvarı hazırda 15 kilometrdən artıq tanınmış dənizkənarı məkandır”.
Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Prezident İlham Əliyev bildirdi ki, şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir. 2022-ci ildən etibarən biz BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda, uzun illər işğal altında olmuş şəhərlərdə – Ağdamda, Zəngilanda və Xankəndidə üç milli şəhərsalma forumlarını keçirmişik. Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artdığını, qlobal proseslərdə fəal iştirakını və xüsusilə şəhərsalma ilə dayanıqlı inkişaf sahələrində həyata keçirilən siyasətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Forumun regionda ilk dəfə olaraq Azərbaycanda təşkil edilməsi isə ölkəmizin beynəlxalq əməkdaşlıq və müasir şəhərsalma gündəliyində artan rolunun mühüm göstəricisidir.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri

























