Biz inkişafda, insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə cəsur olmalıyıq
Azərbaycan, qlobal idarəetmə və diplomatiya arenasında növbəti tarixi zirvəsinə imza atır. Paytaxt Bakı şəhəri, Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı ilə tərəfdaşlıq çərçivəsində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edir. Dünyanın gələcək simasını, urbanizasiya xəritəsini və dayanıqlı ekosistemlərini müəyyən edən bu nəhəng platforma, rəsmi Bakının qlobal miqyaslı strateji moderator rolunu bir daha nümayiş etdirir. Prezident cənab İlham Əliyev forum çərçivəsində etdiyi çıxışda bu mötəbər missiyanın ölkəmiz üçün daşıdığı ali mənəvi və siyasi əhəmiyyəti xüsusi diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycanın beynəlxalq nüfuzunu təkzibolunmaz rəqəmlərlə ifadə edərək bildirmişdir ki, Ümumdünya Şəhərsalma Formuna ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası təkcə nəzəri müzakirələr platforması deyil, həm də Azərbaycanın praktiki uğurlarının dünyaya təqdimatıdır. Bu gün forumun gündəliyində dayanan əsas mövzular – rəqəmsal şəhərlər, emissiyasız nəqliyyat, inklüziv icmalar və yaşıl enerji zonaları – hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiq etdiyi əsas strategiyalardır.
Azərbaycan dünyaya unikal bir təcrübə təqdim edir. Belə ki, dağıdılmış şəhərlərin ən müasir texnologiyalar və süni intellekt əsaslı idarəetmə sistemləri ilə yenidən qurulması, azad edilmiş ərazilərin tamamilə ekoloji təmiz enerji mənbələrinə əsaslanan regionlara çevrilməsi, dayanıqlı məskunlaşma və şəhər mühitinin insan kapitalının inkişafına uyğunlaşdırılması, qarşıda duran ən mühüm məsələlərdən biridir. Bu kontekstdə, Bakı Forumu münaqişədən əziyyət çəkmiş və yenidənqurma mərhələsində olan digər dünya ölkələri üçün vizioner bir mayak rolunu oynayır. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sesiyası çərçivəsində qəbul ediləcək qərarlar və formalaşdırılacaq yeni yanaşmalar növbəti illərdə qlobal şəhərsalma siyasətinə birbaşa təsir göstərəcək. Forumda iqlim dəyişikliyinə davamlı şəhərlərin salınması, urbanizasiyanın sosial bərabərsizliyə təsirlərinin azaldılması və rəqəmsal keçid mövzuları sahəsində mühüm sənədlərin imzalanması gözlənilir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun, müasir inkişaf strategiyasının və şəhərsalma sahəsində qazandığı uğurların mühüm göstəricisidir.
Zərdab şəhər 1-nömrəli məktəb liseyin direktoru-Vüsalə Kərimova
























