Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub
İlham Əliyevin 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası zamanı etdiyi çıxışda Azərbaycanın tarixi, memarlıq irsi və müasir şəhərsalma siyasəti xüsusi vurğulanmışdır. Prezident Azərbaycanın coğrafi və mədəni baxımdan Avropa ilə Asiyanın qovşağında yerləşdiyini qeyd edərək, bu xüsusiyyətin ölkənin memarlığında və şəhər quruculuğunda aydın şəkildə əks olunduğunu bildirmişdir. O, xüsusilə Bakının qədim və müasir memarlığın harmoniyasını özündə birləşdirən nadir şəhərlərdən biri olduğunu diqqətə çatdırmışdır.
Prezident çıxışında qeyd etmişdir ki, Bakının qədim hissəsi olan İçərişəhər Azərbaycanın çoxəsrlik tarixini yaşadan mühüm memarlıq abidəsidir. İçərişəhərin qədim qala divarları arasında qorunub saxlanılan tarixi atmosfer şəhərin milli kimliyini nümayiş etdirir. Bununla yanaşı, şəhərin bir neçə addımlığında yerləşən müasir tikililər və genişlənmiş dənizkənarı bulvar Bakının sürətli inkişafını və müasirləşməsini simvolizə edir. Prezident qeyd etmişdir ki, vaxtilə cəmi üç kilometr uzunluğunda olan Bakı Bulvarı bu gün artıq 15 kilometrdən çox uzunluğa malik beynəlxalq səviyyədə tanınan bir məkana çevrilmişdir.
Çıxışda XIX əsrdə Avropa memarları tərəfindən layihələndirilmiş binaların Bakının memarlıq simasında mühüm yer tutduğu da vurğulanmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, şəhərdə qədimliklə müasirliyin təbii vəhdəti formalaşıb və bu, Azərbaycan xalqının yüksək memarlıq zövqünün və şəhərsalma ənənələrinin göstəricisidir. Tarixi irsin qorunması ilə yanaşı, müasir şəhərsalma və infrastruktur layihələrinin həyata keçirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim olunmuşdur.
Prezident öz çıxışında şəhərsalma məsələlərinin yalnız Bakı ilə məhdudlaşmadığını da qeyd etmişdir. Azərbaycanın müxtəlif şəhərlərində yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yenilənməsi, parkların və ictimai məkanların yaradılması ölkənin ümumi inkişaf strategiyasının mühüm hissəsi kimi xarakterizə olunmuşdur. Xüsusilə son illərdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi Azərbaycanın müasir şəhərsalma sahəsində yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Prezident İlham Əliyevin WUF13 forumundakı çıxışı Azərbaycanın tarixi irsə sadiqliyini, eyni zamanda müasir urbanizasiya və dayanıqlı şəhər inkişafı istiqamətində həyata keçirdiyi siyasəti beynəlxalq auditoriyaya təqdim edən mühüm çıxışlardan biri olmuşdur.
Firdovsi Məmmədov – Zərdab rayonu Alıcanlı kənd sakini

























