Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb.
Müasir dövrdə cənab Prezident İlham Əliyev Azərbaycanın inkişaf strategiyasının əsas memarı kimi çoxşaxəli fəaliyyəti ilə seçilir. Onun rəhbərliyi ilə ölkə həm daxili sabitliyin möhkəmləndirilməsi, həm də beynəlxalq arenada nüfuzunun artırılması istiqamətində mühüm uğurlar əldə edib. Enerji siyasətində balanslaşdırılmış yanaşma, iri beynəlxalq layihələrin həyata keçirilməsi, nəqliyyat-logistika dəhlizlərinin inkişafı və regional əməkdaşlığın təşviqi Prezidentin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Bununla yanaşı, diplomatik sahədə aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan qlobal siyasi və iqtisadi platformalarda etibarlı tərəfdaş kimi tanınır. Xüsusilə post-münaqişə dövründə sülh təşəbbüslərinin irəli sürülməsi və regionda yeni reallıqların formalaşdırılması istiqamətində atılan addımlar dövlət başçısının strateji baxışının göstəricisidir.
2026-cı il 4 may tarixində keçirilən Avropa Siyasi Birliyi Zirvə toplantısı çərçivəsində videobağlantı vasitəsilə çıxış edən Prezident İlham Əliyev regionda sülh prosesinin gedişi, əldə olunan razılaşmalar və iqtisadi əməkdaşlığın yeni mərhələsi barədə mühüm mesajlar verib. O, xüsusilə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan real nəticələrə diqqət çəkərək, tərəflər arasında etimadın formalaşmağa başladığını bildirib.
Çıxış zamanı cənab Prezident qeyd edibki; “Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı – benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.” Prezidentin bu bəyanatı regionda yeni iqtisadi və siyasi reallıqların formalaşdığını göstərir. Xüsusilə nəqliyyat əlaqələrinin bərpası, ticarət münasibətlərinin başlanması və enerji resurslarının paylaşılması kimi addımlar uzun illər davam edən qarşıdurmadan sonra etimad quruculuğu baxımından mühüm əhəmiyyət daşıyır. Bu proseslər yalnız iki ölkə arasında münasibətlərin normallaşmasına deyil, həm də bütövlükdə Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycanın sülhə əsaslanan strateji kursunu, regional inteqrasiyaya verdiyi töhfəni və iqtisadi əməkdaşlıq vasitəsilə davamlı inkişafın təmin olunması istiqamətində atdığı addımları bir daha nümayiş etdirir. Bu yanaşma ölkənin beynəlxalq arenada mövqelərini daha da gücləndirir və onu regionda əsas aktorlardan biri kimi ön plana çıxarır.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru























