image-qanunla-reklam
image-images

Müstəqilliyin ilk illərində yaşanan problemlər

image-lady-day-az

Müstəqilliyin ilk illərində yaşanan problemlər.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasına baxmayaraq, müstəqilliyin ilk illəri ölkənin tarixində ən mürəkkəb və ağır dövrlərdən biri kimi xarakterizə olunur. Sovet İttifaqının dağılması ilə yaranmış siyasi və iqtisadi böhran, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, daxili siyasi qarşıdurmalar və separatçılıq meyilləri dövlət müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Müstəqilliyin ilk illərində Azərbaycan bir tərəfdən Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə qalır, digər tərəfdən isə dövlət idarəçiliyindəki problemlər və siyasi qeyri-sabitliklə mübarizə aparırdı. Respublikada hakimiyyət uğrunda siyasi çəkişmələr güclənmiş, dövlət institutlarının fəaliyyəti zəifləmiş, iqtisadi əlaqələrin pozulması nəticəsində sənaye və kənd təsərrüfatında ciddi geriləmə baş vermişdi. İstehsalın azalması, inflyasiyanın artması və əhalinin sosial vəziyyətinin ağırlaşması ölkədə narazılığı daha da artırırdı. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğalı davam edir, yüz minlərlə insan doğma yurdlarından didərgin düşürdü. 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı Azərbaycan xalqının üzləşdiyi ən ağır faciələrdən biri olmuşdur. Ardınca Şuşa, Laçın, Kəlbəcər və digər strateji ərazilərin işğalı ölkənin hərbi-siyasi vəziyyətini daha da ağırlaşdırmışdır. 1993-cü ilin əvvəllərindən etibarən ölkədə separatçılıq və parçalanma meyilləri daha açıq şəkildə özünü göstərməyə başladı. Dövlət hakimiyyətinin zəifləməsindən istifadə edən müxtəlif qruplar ayrı-ayrı bölgələrdə mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri göstərirdilər. Həmin dövrdə ölkənin müxtəlif ərazilərində qeyri-qanuni silahlı birləşmələrin fəaliyyəti genişlənmiş, dövlət idarəçiliyinə və ictimai sabitliyə ciddi təhdidlər yaranmışdı. Cənub bölgəsində separatçı meyillərin güclənməsi, şimal bölgəsində sabitliyin pozulmasına yönəlmiş cəhdlər və digər qanunsuz hərəkətlər Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyi üçün əlavə təhlükələr formalaşdırırdı. Ölkədə yaranmış siyasi böhran 1993-cü ilin iyun hadisələri zamanı daha da dərinləşdi. Gəncə hadisələri nəticəsində mərkəzi hakimiyyət faktiki olaraq idarəetmə böhranı ilə üzləşdi, vətəndaş qarşıdurması və vətəndaş müharibəsi təhlükəsi yarandı. Dövlət müstəqilliyinin itirilməsi və Azərbaycanın parçalanması ehtimalı real təhlükə kimi qiymətləndirilirdi. Belə mürəkkəb şəraitdə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, dövlətçiliyin qorunması və milli birliyin möhkəmləndirilməsi həyati əhəmiyyət kəsb edirdi. Müstəqilliyin ilk illərində yaşanan hadisələr göstərdi ki, dövlət idarəçiliyində sabitlik, qanunun aliliyi, güclü siyasi institutlar və milli həmrəylik müstəqilliyin qorunmasının əsas şərtləridir. Müstəqilliyin ilk illərində Azərbaycan Respublikası hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, separatçılıq və parçalanma təhlükələri ilə üzləşmişdir. Bu problemlər dövlətçiliyimiz üçün ciddi sınaq olmuş, eyni zamanda Azərbaycanın gələcək inkişaf strategiyasının formalaşmasına və müstəqil dövlət institutlarının möhkəmləndirilməsinə mühüm tarixi təcrübə qazandırmışdır.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki