Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq
Dünyada yaşayan insanların, mədəniyyətlərin, maddi imkanların və sosial siniflərin fərqi dünyanın zənginliyi kimi qəbul oluna bilər. Əsas məsələ dünya əhalisinin təşkil etdiyi xalqların fərqliliklərini zənginlik kimi qəbul etmək və onların inkişafına töhfə verməkdir. Məhz bu səbəbdən də sülh və əməkdaşlıq yeni dünya nizamının əsas şüarı olmalıdır. Böyük dövlət olmaq yalnız hərbi, siyasi və iqtisadi güclə deyildir. Müasir dünyada “böyüklük” anlayışı əhalinin və ərazinin miqyası ilə ölçülmür. Hətta bəzən böyük miqyas ölkələr üçün ciddi problemlər yaradır. Yalnız öz məsələlərinin həllinə deyil, dünyanın bir çox probleminə dəstək olmaq, ölkələri bir yerə toplamaq, həmrəylik yaratmaq ölkənin böyüklüyünün təzahürüdür. Azərbaycan dünyada sosial bərabərliyi, ədaləti qoruyan, dünya birliyinə xidmət edən ölkələrdəndir. Baxmayraq ki, ölkəmiz uzun illər ədalətsizliyə, ikili standartlara məruz qalmışdır. Biz söz sahibi kimi yalnız öz regionumuzda deyil, bütün dünya miqyasında böyük hörmətə malikik. Azərbaycan dünyada yüksək səviyyəli tədbirlərin mahir təşkilatçısı kimi çıxış edir. Artıq 10 ildən çoxdur ki, bir çox idman, mədəni – kütləvi tədbirlər ölkəmizdə keçirilir. Mədəni- kütləvi tədbirləri son illər daha çox siyasi və iqtisadi yönümlü tədbirlər əvəz etməyə başlamışdır. Bu gün Azərbaycan öz milli sərvətlərini milli maraqlarının əsas sütunu kimi dəyərləndirir. Dünyada ən etibarlı enerji təminatçısı kimi çıxış edən ölkəmiz bu sahəyə diqqət ayıran əsas ölkələrdəndir. Ölkəmizdə həyata keçirilən siyasiyönümlü beyin mərkəzlərinin görüşlərinin, forumlarının keçirilməsi, ümumdünya miqyasında problemlərin ölkəmizdə müzakirə olunması, həll yollarının tapılması dövlətimizin və xalqımızın nüfuzunun bariz nümunəsidir.
2024-cü ildə COP29 kimi böyük tədbirdən sonra 2026-cı ildə WUF13 BMT səviyyəsində meqa bir tədbirin Azərbaycanda keçirilməsi həm böyük etimad, həm də dünya əhalisinə verdiyimiz dəyərin ifadəsidir. Axı ölkəmiz bir çox taleyüklü məsələlərdə dünya əhalisini müdafiə edən bəyanatlar ilə yanaşı, əməli addımlar da atmışdır. WUF13 ölkəmizin tarixində baş tutan COP29-dan sonra ən böyük ikinci tədbirdir. COP29 daha çox iqlim dəyişiklikləri, yaşıl enerji və ekoloji təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əhəmiyyət daşıyırdısa, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası urbanizasiya, dayanıqlı şəhər inkişafı, postmünaqişə bərpası və müasir şəhərsalma modellərinin gələcəyinə dair qlobal baxışların formalaşdırıldığı mühüm beynəlxalq platforma kimi xüsusi əhəmiyyət kəsb edir. Bugünlərdə ölkəmizdə keçirilən WUF13-də 182 ölkədən 42 mindən artıq qonaq iştirak edir. Bu rəqəm bu tədbirin tarixində ən böyük saydır. Prezident cənab İlham Əliyevin WUF13-də səsləndirdiyi mesajlar bir daha nümayiş etdirdi ki, Azərbaycan dağıntılar üzərində nifrət deyil, insanlığa sevgi əsasında inkişaf qurur, viranə qalmış torpaqlarda isə intiqam deyil, layiqli həyat yaradır.
Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru əvəzi























