image-qanunla-reklam
image-media-images-4-7nbvg4ao6i5f1rjtk2zx

Azərbaycanın Müstəqilliyinin Xilas Tarixi

image-lady-day-az

Azərbaycanın Müstəqilliyinin Xilas Tarixi

 

XX əsrin sonlarında Azərbaycan xalqı uzun illər davam edən sovet hakimiyyətindən sonra öz dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illəri ölkəmiz üçün son dərəcə mürəkkəb və ağır sınaqlarla yadda qaldı. Dövlət idarəçiliyində təcrübəsizlik, siyasi qeyri-sabitlik, iqtisadi böhran və Ermənistanın hərbi təcavüzü Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoymuşdu.

1992–1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarı ölkədə yaranmış mürəkkəb vəziyyəti idarə etməkdə ciddi çətinliklərlə qarşılaşdı. Dövlət idarəetmə sistemi tam formalaşdırılmamış, vahid idarəçilik mexanizmi yaradılmamışdı. Müxtəlif siyasi qruplar arasında qarşıdurmalar dərinləşir, dövlət orqanlarının fəaliyyəti zəifləyirdi. Nəticədə ölkədə anarxiya və özbaşınalıq halları geniş yayılmışdı.

Həmin dövrdə Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən silahlı dəstələr qanunsuz hərəkətlər edir, dövlətin nəzarətindən kənarda fəaliyyət göstərirdilər. Silahlı qruplaşmalar arasında qarşıdurmalar ölkədə sabitliyin pozulmasına səbəb olurdu. Bununla yanaşı, bəzi bölgələrdə separatçılıq meylləri güclənir, ölkənin ərazi bütövlüyü və dövlət müstəqilliyi üçün ciddi təhlükələr yaranırdı. Bütün bu hadisələr vətəndaş qarşıdurması və qardaş qırğını təhlükəsini daha da artırırdı.

1993-cü ilin iyun ayında ölkədə siyasi böhran kulminasiya nöqtəsinə çatdı. Gəncə hadisələri nəticəsində vəziyyət daha da gərginləşdi və Azərbaycan dövlətçiliyi real məhv olmaq təhlükəsi ilə üzləşdi. Belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev Bakıya dəvət olundu. 1993-cü il iyunun 15-də o, Azərbaycan Ali Sovetinin sədri seçildi.

Bu tarix Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində ölkədə sabitliyin bərpası istiqamətində mühüm addımlar atıldı. Vətəndaş qarşıdurmasının qarşısı alındı, qanunsuz silahlı dəstələrin fəaliyyəti məhdudlaşdırıldı, dövlət idarəçiliyi sistemi möhkəmləndirildi və milli həmrəyliyin təmin olunması istiqamətində tədbirlər görüldü. Azərbaycanın parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi aradan qaldırıldı.

Məhz buna görə də 15 İyun Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu əlamətdar gün dövlət müstəqilliyimizin qorunub saxlanılmasının, siyasi sabitliyin bərqərar edilməsinin və müasir Azərbaycan dövlətçiliyinin möhkəm təməllərinin qoyulmasının simvoludur. Bu gün hər bir azərbaycanlı üçün dövlətçilik ənənələrinin, milli birliyin və müstəqilliyin dəyərini xatırladan mühüm tarixi hadisədir.

 

 

Aqil Mehdiyev – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki