“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir.
Azərbaycan son illərdə qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkələrdən biri kimi beynəlxalq aləmdə xüsusi nüfuz qazanıb. Ölkəmizin təşəbbüsü və tərəfdaşlığı ilə həyata keçirilən irimiqyaslı enerji layihələri Avropanın enerji təchizatının şaxələndirilməsinə, regional əməkdaşlığın möhkəmlənməsinə və enerji bazarlarında etibarlı tərəfdaşlıq münasibətlərinin formalaşmasına əhəmiyyətli töhfə verib. Xəzər dənizinin zəngin enerji resurslarının dünya bazarlarına çıxarılması istiqamətində atılan addımlar Azərbaycanın enerji diplomatiyasını beynəlxalq səviyyədə nümunəvi modelə çevirib.
2026-cı il iyunun 1-də Bakıda keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi də Azərbaycanın qlobal enerji gündəliyində tutduğu mühüm mövqeni bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, enerji şirkətlərinin rəhbərlərinin və ekspertlərin iştirak etdiyi tədbirdə enerji təhlükəsizliyi, yaşıl keçid, yeni texnologiyalar və beynəlxalq əməkdaşlıq məsələləri geniş müzakirə olundu.
Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev beynəlxalq enerji siyasətinin aktual məsələlərinə toxunaraq son illərdə enerji sektoruna münasibətdə müşahidə olunan yanaşmaları dəyərləndirib. Dövlət başçısı qeyd edib ki,: “Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm. Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar”.
Prezidentin fikirləri enerji təhlükəsizliyi ilə iqlim gündəliyi arasında balansın qorunmasının vacibliyinə diqqət çəkir. Müasir dünyada enerji resurslarına tələbatın davam etdiyi bir dövrdə neft və qaz istehsalçısı ölkələrin qlobal iqtisadiyyatın inkişafına verdiyi töhfələrin obyektiv qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan da bu baxımdan həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də bərpaolunan enerji sahəsində yeni layihələrin təşəbbüskarı kimi çıxış edir.
Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr bir daha göstərdi ki, enerji sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı etimad qlobal sabitliyin mühüm amillərindəndir. Azərbaycanın bu platformaya ev sahibliyi etməsi ölkənin enerji siyasətinin açıq, praqmatik və gələcəyə hesablanmış xarakterini nümayiş etdirərək onun dünya enerji xəritəsində strateji mövqeyini daha da gücləndirir.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru

























