Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi.
Ümummilli Lider Heydər Əliyevin vətəninə, xalqına tükənməz sevgisi hər kəsə daim örnəkdir. Heydər Əliyev dünya şöhrətli siyasətçi və dahi şəxsiyyət olmuşdur. Alman filosofu Şopenqauerin belə bir deyimi var ki, dahi şəxsiyyəti istedadlı insanlardan fərqləndirən cəhət odur ki, istedadlı insan heç kimin vura bilmədiyi hədəfləri vuran, dahi şəxsiyyət isə heç kimin zamanında görə bilmədiyi hədəfləri vuran insandır. Heydər Əliyev istər sovet dönəmində respublikamıza rəhbərlik etdiyi vaxt, istərsə də ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti üçün o zaman bəlkə də çoxlarının dərk edə bilmədiyi, görə bilmədiyi elə bir işlər görmüşdür ki, bu işlərin xalqımız və dövlətimiz üçün bəhrəsini biz on illərdən sonra şahidi olmuşuq.
Azərbaycanın müstəqil, suveren dövlət kimi bərqərar olub inkişaf etməsində, tərəqqisində və bugün dünya birliyində layiqli yer tutmasında Heydər Əliyev ideyalarının, onun siyasətinin əvəzsiz rolu vardır. Bu gün də həmin siyasət uğurla davam edir. Cənab Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin davamçısı olaraq ölkəmizi daha uca, yeni zirvələrə yüksəltmişdir. Ən əsası, Ulu Öndərin ən böyük arzusu olan Qarabağın işğaldan azad olunması missiyasını cənab Prezident İlham Əliyev yerinə yetirmişdir. Buna görə də, biz bu gün Ulu Öndərimizin məzarını tamamilə başqa bir əhval-ruhiyyədə, ərazi bütövlüyünü təmin edən ölkənin vətəndaşları kimi ziyarət edirik. Bu gün Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın ruhları şaddır.
Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilir. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəldir. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Daim vurğuladığımız kimi, Heydər Əliyevin həyat və fəaliyyəti bir məktəbdir. Hələ neçə-neçə nəsillər bu məktəbi öyrənəcək, Azərbaycanın uğurlu inkişafına dəstək olacaq. Nə qədər müstəqil Azərbaycan dövləti, xalqı var ulu öndər Heydər Əliyev ürəklərdə yaşayacaq.
“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən dahi Heydər Əliyev həyatını Müstəqil Azərbaycanın uğurlu gələcəyinə həsr etdi. Ona tuşlanan təzyiqlərə mərdliklə sinə gərərək, Şərqə Günəş kimi doğan Müstəqil Azərbaycan dövlətini qurdu. “Heydər-Xalq”, “Xalq-Heydər” sevgisi daimidir, əbədidir. O, bizdən cismən ayrılsa da ideyaları, əməlləri həmişə bizimlədir və qəlbimizdə həmişə yaşayacaq.
Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi
























