Bakı Enerji Həftəsi: Azərbaycanın enerji diplomatiyasının uğurlu platforması
2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin enerji sektorunun keçdiyi inkişaf yoluna və bu sahədə əldə olunan nailiyyətlərə diqqət çəkdi. Dövlət başçısı vurğuladı ki, əsası 1994-cü ildə qoyulan Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini təşkil edib. Həmin dövrdə Azərbaycan dünya enerji bazarına inteqrasiya yolunda ilk mühüm addımlarını atırdı və sərgi beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın genişlənməsinə xidmət edirdi.
Prezident qeyd etdi ki, illər keçdikcə bu təşəbbüs daha da genişlənərək beynəlxalq əhəmiyyətli platformaya çevrilib. Bu gün Bakı Enerji Həftəsi yalnız sərgi deyil, həm də enerji sahəsində əməkdaşlıq, innovasiya və gələcək perspektivlərin müzakirə olunduğu mühüm beynəlxalq tədbirdir. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələri, enerji şirkətlərinin rəhbərləri və ekspertlər bu platformada bir araya gələrək qlobal enerji təhlükəsizliyi ilə bağlı məsələləri müzakirə edirlər.
Çıxışda Azərbaycanın qaz sənayesinin inkişafında mühüm rol oynayan “Şahdəniz” yatağına da xüsusi diqqət yetirildi. Prezident İlham Əliyev xatırlatdı ki, dünyanın ən iri qaz yataqlarından biri olan “Şahdəniz” üzrə müqavilə məhz 30 il əvvəl – 1996-cı ilin iyun ayında imzalanıb. Bu müqavilə Azərbaycanın müasir qaz hasilatı tarixində yeni mərhələnin başlanğıcı oldu və ölkənin beynəlxalq enerji bazarında mövqeyini daha da gücləndirdi. Sonrakı illərdə həyata keçirilən iri layihələr nəticəsində Azərbaycan Avropanın və regionun enerji təhlükəsizliyinə mühüm töhfə verən etibarlı tərəfdaş kimi tanındı.
Dövlət başçısı Azərbaycanın enerji siyasətinin əsas prioritetlərindən birinin tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına dəstək vermək olduğunu vurğuladı. Bu gün Azərbaycan təbii qaz ixrac etdiyi ölkələrin sayını davamlı şəkildə artırır və enerji resurslarının şaxələndirilmiş marşrutlarla dünya bazarlarına çatdırılmasını təmin edir.
Bakı Enerji Həftəsinin əhəmiyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Bu baxımdan ABŞ Prezidenti Donald Trampın tədbirlə bağlı göndərdiyi nəzakətli məktub xüsusi diqqət çəkir. Məktubda Azərbaycanla enerji sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanır, ölkəmizin qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr yüksək dəyərləndirilir. Bu cür beynəlxalq dəstək Azərbaycanın enerji diplomatiyasının uğurlarını və ölkənin strateji əhəmiyyətini bir daha nümayiş etdirir.
Bakı Enerji Həftəsi yalnız enerji sənayesinin nailiyyətlərini nümayiş etdirən tədbir deyil, həm də Azərbaycanın beynəlxalq əməkdaşlıq, enerji təhlükəsizliyi və davamlı inkişaf sahələrində artan rolunun bariz göstəricisidir. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər ölkənin enerji strategiyasının uğurla həyata keçirildiyini və Azərbaycanın qlobal enerji xəritəsində mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Talıb Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini
























