Müasir Azərbaycanın inkişaf modeli və gənc nəslin qarşısında duran vəzifələr
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində səsləndirdiyi fikirlər ölkəmizin keçdiyi inkişaf yolunu, əldə olunan nailiyyətləri və qarşıda duran strateji hədəfləri bir daha aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısının çıxışı yalnız enerji sektorunun uğurlarını deyil, bütövlükdə Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətləri, ölkənin iqtisadi, siyasi və sosial inkişaf modelini əks etdirən mühüm proqram xarakterli çıxış kimi qiymətləndirilə bilər.
Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan dövlət kimi tanınır. Lakin bu mövqeyə gəlmək asan olmamışdır. Ölkəmiz müstəqilliyinin ilk illərində ciddi iqtisadi çətinliklər, siyasi qeyri-sabitlik, işğal faktı, qaçqın və məcburi köçkün problemləri ilə üz-üzə idi. Məhz uzaqgörən dövlət siyasəti, milli maraqlara əsaslanan idarəetmə və təbii sərvətlərdən səmərəli istifadə nəticəsində Azərbaycan qısa müddət ərzində regionun aparıcı dövlətinə çevrilmişdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın enerji strategiyasının əsası ötən əsrin sonlarında qoyulmuşdur. Bu strategiya təkcə neft və qaz hasilatını artırmaq məqsədi daşımamış, həm də əldə olunan gəlirlərin insan kapitalına, təhsilə, səhiyyəyə, sosial rifaha və infrastrukturun inkişafına yönəldilməsini nəzərdə tutmuşdur. Bu gün ölkəmizdə yoxsulluğun minimum səviyyəyə enməsi, işsizliyin azalması, sosial layihələrin genişləndirilməsi və iqtisadi sabitliyin təmin olunması məhz həmin siyasətin nəticəsidir.
Ölkənin əldə etdiyi bütün uğurların təməlində insan amili dayanır. Güclü dövlət güclü vətəndaşların, savadlı gənclərin, milli dəyərlərə bağlı nəslin hesabına formalaşır. Bu gün Azərbaycan məktəblərinin qarşısında duran əsas vəzifələrdən biri dövlətçilik düşüncəsinə malik, müasir bilik və bacarıqlarla silahlanmış, vətənpərvər gənclər yetişdirməkdir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın təbii sərvətlərdən əldə etdiyi gəlirləri gələcəyə yönəltməsi ilə bağlı fikirlər idi. Bu yanaşma əslində bütün cəmiyyət üçün mühüm dərsdir. Resurslardan düzgün istifadə, strateji planlaşdırma və gələcəyə hesablanmış fəaliyyət hər bir uğurun əsasını təşkil edir. Məktəblərdə şagirdlərə aşılanan bilik və dəyərlər də məhz bu prinsipə əsaslanmalıdır. Gənclər yalnız bu günü deyil, gələcəyi düşünməyi, məsuliyyətli qərarlar verməyi, milli maraqları üstün tutmağı öyrənməlidirlər.
Azərbaycanın enerji sahəsində qazandığı uğurlar beynəlxalq nüfuzumuzun daha da artmasına səbəb olmuşdur. Hazırda ölkəmiz bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan qazının Avropanın müxtəlif ölkələrinə çatdırılması, iri beynəlxalq layihələrin həyata keçirilməsi, strateji tərəfdaşlıqların qurulması ölkəmizin dünya miqyasında etibarlı tərəfdaş kimi tanınmasını təmin etmişdir. Bu uğurlar isə öz növbəsində gənc nəslə böyük qürur hissi yaşadır və onları daha yüksək nailiyyətlər əldə etməyə ruhlandırır.
Müasir dövrdə enerji təhlükəsizliyi ilə yanaşı ekoloji təhlükəsizlik də qlobal əhəmiyyət daşıyan məsələlərdəndir. Prezident İlham Əliyevin çıxışında bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət ayrılması Azərbaycanın gələcəyə hesablanmış siyasətinin göstəricisidir. Günəş, külək və hidroenerji layihələrinin genişləndirilməsi ölkəmizin yaşıl enerji strategiyasının əsas istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən layihələr gələcək nəsillər üçün daha sağlam və təhlükəsiz mühit formalaşdırmağa xidmət edir.
Məktəblərdə ekoloji maarifləndirmə işinin gücləndirilməsi, şagirdlərdə təbiətə qayğı hissinin formalaşdırılması, ətraf mühitin qorunması ilə bağlı biliklərin artırılması xüsusi əhəmiyyət daşıyır. Çünki yaşıl gələcəyin qurucuları bugünkü məktəblilərdir. Onların ekoloji məsuliyyət hissi ilə böyüməsi ölkəmizin dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.
Azərbaycanın son illərdə qazandığı ən böyük uğurlardan biri torpaqlarımızın işğaldan azad olunmasıdır. Dövlət başçısının da qeyd etdiyi kimi, güclü iqtisadiyyat güclü ordunun formalaşdırılmasına imkan yaratmışdır. Vətən müharibəsində əldə edilən tarixi Qələbə xalqımızın milli birliyinin, dövlətimizin gücünün və düzgün siyasətin nəticəsi olmuşdur. Bu gün məktəblərdə vətənpərvərlik tərbiyəsi xüsusi önəm daşıyır. Şagirdlərimiz qəhrəman şəhidlərimizin xatirəsini əziz tutmalı, dövlətimizin əldə etdiyi nailiyyətləri dərindən öyrənməli və onların qorunmasına töhfə verməyə hazır olmalıdırlar.
Prezident İlham Əliyevin çıxışında vurğulanan mühüm məqamlardan biri də beynəlxalq əməkdaşlığın əhəmiyyəti ilə bağlı idi. Azərbaycanın müxtəlif ölkələrlə qurduğu tərəfdaşlıq münasibətləri, regional və qlobal layihələrdə fəal iştirakı ölkəmizin diplomatik uğurlarının göstəricisidir. Bu uğurlar gənc nəslin dünyagörüşünün formalaşdırılması baxımından da böyük əhəmiyyət daşıyır. Şagirdlər beynəlxalq prosesləri izləməyi, xarici dilləri öyrənməyi, müasir texnologiyalara yiyələnməyi və qlobal düşüncə tərzi formalaşdırmağı vacib hesab etməlidirlər.
Bu gün Azərbaycan sürətlə inkişaf edən, regionun siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilən güclü dövlətdir. Qarşıdakı illərdə enerji, nəqliyyat, logistika, innovasiya və rəqəmsal texnologiyalar sahəsində yeni nailiyyətlərin əldə olunacağı gözlənilir. Bu inkişafın davamlı olması isə ilk növbədə təhsilin keyfiyyətindən, yetişən nəslin bilik və bacarıqlarından asılıdır.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycanın inkişaf yolu düşünülmüş strategiyaya, milli maraqlara və güclü dövlət idarəçiliyinə əsaslanır. Bu yol ölkəmizi daha böyük uğurlara aparır və gənc nəslin qarşısında yeni imkanlar açır. Bizim əsas vəzifəmiz həmin imkanlardan səmərəli istifadə edən, müasir dünyaya inteqrasiya olunmuş, eyni zamanda milli kimliyinə sadiq olan vətəndaşlar yetişdirməkdir. Azərbaycanın gələcəyi məhz belə gənclərin əllərində daha parlaq və daha güclü olacaqdır.
Dərya Əhmədova
Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin direktoru
























