Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır
XXI əsrdə enerji təhlükəsizliyi dünya dövlətlərinin iqtisadi və siyasi gündəliyində ən vacib məsələlərdən biri kimi çıxış edir. Qlobal enerji bazarlarında baş verən dəyişikliklər, geosiyasi proseslər və enerji resurslarına artan tələbat enerji təchizatının etibarlılığını daha da ön plana çıxarmışdır. Bu baxımdan Azərbaycan zəngin enerji ehtiyatları, uzaqgörən enerji siyasəti və beynəlxalq əməkdaşlığa əsaslanan təşəbbüsləri sayəsində qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkələrdən birinə çevrilmişdir. Azərbaycanın həyata keçirdiyi ən mühüm strateji layihələrdən biri Cənub Qaz Dəhlizidir. Bu layihə təkcə enerji infrastrukturu deyil, eyni zamanda dövlətlər arasında əməkdaşlığı, iqtisadi inteqrasiyanı və regional sabitliyi gücləndirən mühüm geosiyasi təşəbbüs kimi tarixə düşmüşdür. Bu gün Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın təbii qazı 16 ölkəyə çatdırılır ki, bu da ölkəmizin beynəlxalq enerji bazarındakı rolunun əyani göstəricisidir.
Azərbaycanın enerji strategiyasının əsası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qoyulmuşdur. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin enerji sektorunda yeni dövrün başlanğıcını qoymuş, xarici investisiyaların cəlb edilməsinə və enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasına imkan yaratmışdır. Sonrakı illərdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və Azərbaycanın enerji diplomatiyası daha da gücləndirilmişdir. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmiş nəhəng enerji layihəsidir. Layihənin əsas məqsədi Xəzər dənizində yerləşən zəngin qaz yataqlarından hasil olunan təbii qazın beynəlxalq bazarlara, xüsusilə Avropa ölkələrinə təhlükəsiz və fasiləsiz şəkildə çatdırılmasını təmin etməkdir. Bu layihə bir neçə mühüm komponentdən ibarətdir. Buraya Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. Bu infrastruktur sistemi vasitəsilə Azərbaycan qazı minlərlə kilometr məsafəni qət edərək müxtəlif ölkələrin enerji bazarlarına daxil olur. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihənin ərsəyə gəlməsi asan olmamışdır. Layihədə iştirak edən ölkələrin hər biri ilə uzunmüddətli danışıqlar aparılmış, müxtəlif sazişlər imzalanmış, mövcud fikir ayrılıqları aradan qaldırılmış və qarşılıqlı etimad mühiti yaradılmışdır. Bu proses illərlə davam edən diplomatik fəaliyyətin, siyasi iradənin və strateji baxışın nəticəsidir. Cənub Qaz Dəhlizi yalnız enerji layihəsi deyil, həm də beynəlxalq əməkdaşlıq modelidir. Layihənin həyata keçirilməsi üçün müxtəlif ölkələr, beynəlxalq maliyyə institutları, enerji şirkətləri və dövlət qurumları arasında sıx əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq nəticəsində regionda yeni iqtisadi imkanlar yaranmış, nəqliyyat və logistika infrastrukturunun inkişafına təkan verilmişdir. Layihənin ən mühüm xüsusiyyətlərindən biri onun çoxşaxəli xarakter daşımasıdır. Bu gün Azərbaycan qazı Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və digər Avropa ölkələri daxil olmaqla ümumilikdə 16 ölkəyə ixrac olunur. Bu ölkələrin bir çoxu enerji mənbələrinin şaxələndirilməsi siyasəti həyata keçirir və Azərbaycan bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edir.
Zərdab tayoni üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov
























