Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin (ATV) efirində yayımlanan, Azərbaycan Respublikası Audiovizual Şurasının maliyyə dəstəyi ilə ərsəyə gələn və CNF Production tərəfindən istehsal olunan “Girov” serialının pərdəarxasında böyük bir rəzalət, maliyyə fırıldaqları və hüquqi özbaşınalıq yaşanır.
Edliyyeinfo.az-ın məlumatına görə, ekrandan tamaşaçıya təqdim olunan dram, sən demə, elə çəkiliş meydançasında gecəsini gündüzünə qatan yaradıcı və texniki heyətin real həyat dramına çevrilibmiş. İddialara görə, layihədə iştirak edən aktyorlar və texniki əməkdaşlar gördükləri işlərin qarşılığında nəzərdə tutulan əməkhaqlarını və zəhmət haqlarının müəyyən hissəsini aylardır ki, hələ də ala bilmirlər. Bu biabırçı vəziyyətin və bütün maliyyə oyunlarının mərkəzində isə layihənin ssenari müəllifi olan və faktiki olaraq bütün pul axınını təkbaşına idarə edən İkram Əliyev dayanır.
Çəkilişlər başlayarkən heyətlə istehsalçı şirkət olan CNF Production arasında cəmi iki aylıq rəsmi müqavilə bağlanıb. Şirkət tərəfindən heyətə cəmi iki aylıq ödəniş edilsə də, faktiki iş prosesi uzanaraq üç aydan artıq bir müddəti əhatə edib. Bu müddət ərzində İkram Əliyev çəkiliş meydançasında hamıya ağızdolusu vədlər verərək, artıq işlənən üçüncü ay üçün yeni müqavilələrin bağlanacağını və ödənişlərin tam şəkildə həyata keçiriləcəyini desə də, sözünə əməl etməyib. Ortada kütləvi bir haqsızlıq var — layihədə çalışan aktyorlardan tutmuş texniki işçilərə qədər heç kimə üçüncü ayın qonorarı ödənilməyib! Serial artıq ATV telekanalının efirində yayımlandığı, reytinqlər qazandığı bir vaxtda belə, haqqını tələb edən insanları “bu gün-sabah” deyərək düz altı ay uzadıb və yubadıb. Prosesin sonunda isə maskasını tamamilə yırtan İkram Əliyev heyətə “heç nə sübut edə bilməzsiniz” deyərək həm müqavilənin uzadılmasından, həm də insanların alın təri olan maaşların ödənilməsindən açıq-aşkar boyun qaçırıb.
Lakin İkram Əliyevin və CNF Production rəhbərliyinin bu arxayınlığı sadəcə iki tərəf arasında olan sıradan bir pul davası deyil, birbaşa ağır qanun pozuntusu və maliyyə maxinasiyasıdır. İnsanları rəsmi müqavilə olmadan, qeyri-qanuni şəkildə işlətmək Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin kobud surətdə tapdalanması və vətəndaşların əməyinin istismar olunmasıdır. İşin ən dəhşətli və cinayət tərkibli tərəfi isə daxil olan şok iddialardır: layihədə ümumiyyətlə iştirakı və əməyi olmayan kənar şəxslərlə saxta müqavilələr bağlanaraq onlara pullar köçürülüb və bu vasitə ilə dövlətin ayırdığı vəsait nağdlaşdırılaraq mənimsənilib!
Real işləyən heyətin haqqı kəsildiyi halda, layihəyə aidiyyəti olmayan adlar üzərindən pul manipulyasiyası etmək birbaşa dövlət büdcəsindən vergilərin, məcburi dövlət sosial sığorta haqlarının yayındırılması və ciddi maliyyə cinayətidir. Dövlət qurumunun maliyyə ayırdığı bir layihədə bu dərəcədə irimiqyaslı vergidən yayınma və qanunsuz nağdlaşdırma fırıldaqlarına yol vermək cəsarəti görəsən haradan gəlir?
Heyətlə müqavilələr birbaşa CNF şirkəti ilə bağlansa da, burada ən böyük mənəvi və ictimai məsuliyyət həm də Azad Azərbaycan Televiziyasının (ATV) rəhbərliyinə ünvanlanır.
Nüfuzlu və böyük bir telekanal olan ATV, öz efir məkanını təqdim etdiyi serialın pərdəarxasında dayanan bu hüquqsuzluğa, əmək istismarına və maliyyə oyunlarına necə göz yumur?
Vergi qanunvericiliyini heçə sayan, saxta müqavilələrlə pul nəğdləşdirən və aktyorların üçüncü ayının maaşını mənimsəyən bir istehsalatla tərəfdaşlıq etmək ATV-nin korporativ reputasiyasına nə dərəcədə yaraşır?
“Heç nə sübut edə bilməzsiniz” deyib insanların haqqını yeyənlər unutmamalıdırlar ki, medianın və ictimai qınağın gücü, eləcə də dövlətin müvafiq hüquq-mühafizə və vergi orqanlarının nəzarəti qarşısında hər şey çox rahat sübut olunur. Bu “Girov” skandalının hüquqi müstəvidə cavabı çox ağır olacaq.
P.S. Adı çəkilən tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.

























