Bakı Enerji Həftəsi: Azərbaycanın enerji tarixində dönüş nöqtəsi
Azərbaycanın müasir enerji tarixində mühüm yer tutan hadisələrdən biri də vaxtilə “Xəzər Neft və Qaz Sərgisi” adı ilə başlayan və bu gün “Bakı Enerji Həftəsi” kimi tanınan beynəlxalq platformadır. Ötən illər ərzində bu tədbir təkcə sərgi formatından çıxaraq enerji sənayesinin aparıcı şirkətlərini, dövlət rəsmilərini və ekspertləri bir araya gətirən nüfuzlu beynəlxalq tədbirlər kompleksinə çevrilib. Müstəqilliyinin ilk illərində iqtisadi çətinliklərlə üzləşən Azərbaycan üçün enerji sektoru ölkənin inkişaf strategiyasının əsas istiqamətlərindən biri oldu. Məhz bu kontekstdə təşkil edilən Xəzər Neft və Qaz Sərgisi xarici investorların diqqətini Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına yönəltdi və yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaratdı. Sonrakı dövrdə enerji layihələrinin genişlənməsi ilə tədbirin miqyası da böyüdü və nəticədə “Bakı Enerji Həftəsi” adı altında beynəlxalq enerji gündəminin vacib platformalarından birinə çevrildi.
Bu il Azərbaycan enerji tarixinin daha bir əlamətdar hadisəsinin – “Şahdəniz” qaz yatağı üzrə müqavilənin imzalanmasının 30 illiyini qeyd edir. 1996-cı ilin iyun ayında imzalanan bu müqavilə ölkənin qaz sənayesində yeni mərhələnin başlanğıcı oldu. “Şahdəniz” layihəsi Azərbaycanın dünyanın mühüm təbii qaz ixracatçılarından birinə çevrilməsində həlledici rol oynadı. Yatağın işlənilməsi nəticəsində ölkənin qaz hasilatı əhəmiyyətli dərəcədə artdı, yeni ixrac marşrutları yaradıldı və Azərbaycanın enerji bazarlarındakı mövqeyi gücləndi. Bu gün “Şahdəniz” yatağından hasil olunan qaz vasitəsilə Azərbaycan bir sıra ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasına imkan yaradıb. Beləliklə, ölkəmiz etibarlı enerji tərəfdaşı kimi beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirib. Bakı Enerji Həftəsinin əhəmiyyəti beynəlxalq liderlərin diqqətindən də kənarda qalmır. Tədbir münasibətilə ABŞ Prezidenti Donald Trampın ünvanladığı nəzakətli məktubda Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol yüksək qiymətləndirilib. Məktubda enerji sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanaraq Azərbaycanın beynəlxalq enerji bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinə diqqət çəkilib. Bu gün Bakı Enerji Həftəsi təkcə enerji layihələrinin təqdim olunduğu platforma deyil, həm də qlobal enerji siyasətinin, yeni texnologiyaların, yaşıl enerji təşəbbüslərinin və beynəlxalq əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi mühüm məkan kimi çıxış edir. Azərbaycanın zəngin enerji təcrübəsi, uğurla həyata keçirdiyi strateji layihələr və etibarlı tərəfdaş imici bu tədbirin nüfuzunu ildən-ilə artırır. Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan təşəbbüs bu gün regionun ən böyük enerji platformalarından biri olan Bakı Enerji Həftəsinə çevrilib. “Şahdəniz” müqaviləsinin 30 illiyi fonunda keçirilən builki tədbir Azərbaycanın enerji tarixində əldə olunan nailiyyətləri nümayiş etdirməklə yanaşı, ölkənin gələcək enerji strategiyasının əsas istiqamətlərini də müəyyənləşdirən mühüm hadisə kimi yadda qalır.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini
























