Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır
Malik olduğu təbii resurslardan səmərəli istifadə edərək iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə ölkələri və xalqları bir araya gətirən Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini günbəgün möhkəmləndirir, dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən ənənəvi olaraq keçirilən Beynəlxalq Neft-Qaz sərgiləri Azərbaycanın enerji sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayır.
Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoq, beynəlxalq əməkdaşlıq və yeni biznes əlaqələrinin qurulduğu mühüm platforma kimi çıxış edir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşüb. Hazırda sözügedən tədbir ənənəvi enerji sektorundan daha geniş istiqamətləri əhatə edərək enerji keçidi, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrini də birləşdirən beynəlxalq biznes ekosisteminə çevrilib. İyunun 1-də start götürən Bakı Enerji Həftəsində dünyanın 44 ölkəsindən 274 şirkət iştirak edir. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir. Sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Bakı Enerji Həftəsinin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər. Prezident cənab İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bir daha tədbirin yüksək beynəlxalq statusunu və əhəmiyyətini nümayiş etdirir. Bakı Enerji Həftəsi artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.
Şamil Babayev -Zərdab Gənclər evi, Dərnək rəhbəri
























