İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır.
2026-cı il mayın 4-də Azərbaycanın paytaxtı Bakı mühüm diplomatik görüşə ev sahibliyi etdi. Ciorgia Meloninin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə keçirilən görüşlər və verilən bəyanatlar iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Prezident İlham Əliyev çıxışı zamanı xüsusilə enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bildirdi ki, “İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır”. Bu fikir təsadüfi deyil. Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən birinə çevrilib və bu kontekstdə İtaliya əsas tərəfdaşlardan biri kimi önə çıxır. Eyni zamanda, Azərbaycan nefti uzun illərdir ki, İtaliya bazarında sabit mövqeyə malikdir. İtaliya Azərbaycanın enerji sektorunda əsas idxalçı ölkələrdən biri olmaqla yanaşı, həm də investisiya və texnologiya sahəsində mühüm tərəfdaşdır. Bu əməkdaşlıq təkcə enerji ilə məhdudlaşmır. Nəqliyyat, sənaye, kənd təsərrüfatı və bərpa olunan enerji kimi sahələrdə də geniş əməkdaşlıq imkanları mövcuddur.
Ciorgia Meloninin səfəri zamanı aparılan müzakirələr göstərdi ki, tərəflər mövcud əlaqələri daha da genişləndirmək niyyətindədir. Xüsusilə Avropada enerji resurslarına olan tələbatın artdığı bir dövrdə Azərbaycanın etibarlı tərəfdaş kimi rolu daha da aktuallaşır. Bütün bunlar onu deməyə əsas verir ki, İtaliya bazarı Azərbaycan üçün yalnız iqtisadi baxımdan deyil, həm də geosiyasi baxımdan strateji əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, bu əməkdaşlıq uzunmüddətli perspektivdə hər iki ölkənin maraqlarına xidmət edir və qarşılıqlı fayda prinsipi əsasında inkişaf edir.
Nəticə etibarilə, Azərbaycan-İtaliya münasibətləri sabit və yüksələn xətt üzrə inkişaf edir. Enerji sahəsində qurulan bu möhkəm tərəfdaşlıq gələcəkdə digər sahələrdə də əməkdaşlığın dərinləşməsinə zəmin yaradır.
Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


























