image-qanunla-reklam
image-img_7497

32 ildən sonra “qazi” adını aldı — MÜSAHİBƏ

image-lady-day-az

Birinci Qarabağ müharibəsinin ağır döyüşlərində iştirak edən, 1994-cü ildə Murovdağ istiqamətində yaralanan Arif Hacıyevin 32 illik ədalət mübarizəsi sona çatıb. Onun sənədlərindəki “fərari” qeydinin ləğvi və müharibə veteranı statusunun tanınması üçün aparılan uzun hüquqi proses həm məhkəmə müstəvisində, həm də ictimai müzakirələrdə diqqət çəkib.

Demokrat.az Arif Hacıyevin 32 ildən sonra veteran statusunu qazanmasında böyük əməyi olan vəkil Çingiz Heydərov ilə söhbətləşib.

– Çingiz müəllim, ilk olaraq Arif Hacıyev haqqında məlumat verərdiniz… O kimdir və hərbi xidmət yolu necə başlayıb?

– Arif Musa oğlu Hacıyev Beyləqan rayonunun 1974-cü il təvəllüdlü sakinidir. O, 1992-ci ildə hərbi xidmətə çağırılıb. Həmin dövrün ictimai-siyasi vəziyyəti çox gərgin idi, ölkə müharibə şəraitində yaşayırdı. Hərbi xidmətini başa vurduqdan sonra isə çox qısa müddət ərzində Birinci Qarabağ müharibəsinə könüllü şəkildə qoşulub.

O, heç bir məcburiyyət olmadan, öz təşəbbüsü ilə hərbi komissarlığa müraciət edərək döyüş bölgəsinə göndərilməsini istəyib. O illərdə proseslər çox sürətli gedirdi, demək olar ki, xüsusi hazırlıq mərhələsi yox idi. Əsgərlər bəzən bir neçə gün içində birbaşa cəbhəyə yollanırdı.

Arif Hacıyev

Arif Hacıyev

– Müharibə dövründə onun iştirakı hansı istiqamətləri əhatə edib?

– Arif Hacıyev 1992-ci ilin sonlarından başlayaraq 1994-cü ilin mayında atəşkəsin imzalanmasına qədər müxtəlif döyüş istiqamətlərində iştirak edib. Bu, Azərbaycanın ən ağır müharibə dövrlərindən biri idi.

Onun iştirak etdiyi ən ağır döyüşlərdən biri 1994-cü il 14 fevralda Murovdağ istiqamətində baş verib. Həmin vaxt Azərbaycan hərbi bölmələri mühasirəyə düşmüşdü və ciddi itkilər verilmişdi. O döyüşlərdə Arif Hacıyev də ağır yaralanıb. Topuq nahiyəsindən aldığı qəlpə zərbəsi nəticəsində ayağı ciddi şəkildə zədələnib və demək olar ki, funksionallığını itirib.

– Yaralandıqdan sonra onun təxliyəsi və müalicəsi necə olub?

– Yaralı vəziyyətdə döyüş bölgəsindən çıxarılması çox çətin olub. Əvvəlcə hərbi hissəyə çatdırılıb, daha sonra isə helikopterlə Bakıya göndərilib. Həmin dövrdə təəssüf ki, vəziyyət çox ağır idi, yaralı əsgərlər və şəhidlər eyni reyslə daşınırdı.

Arif Hacıyev Sabunçu xəstəxanasına yerləşdirilib. Orada ona ilkin tibbi yardım göstərilib, lakin xəstəxanada yer çatışmazlığı və şəraitin ağır olması səbəbindən bir müddət sonra evə buraxılıb. O, yaralı ayağı ilə ev şəraitində müalicə almağa məcbur qalıb. Bu isə onun sağalma prosesini daha da çətinləşdirib.

Vəkil Çingiz Heydərov

Vəkil Çingiz Heydərov

– Müharibədən sonra onun vəziyyəti necə olub?

– 1994-cü ilin mayında atəşkəs imzalansa da, Arif Hacıyevin problemləri bitməyib. O, bir müddət sonra yenidən hərbi xidmətə qayıtmaq üçün müraciət edib. Onu xidmətə qəbul ediblər.

1997-ci ildə isə səhhətində daha ciddi problemlər yaranıb. Hər iki ağciyərində ağır pnevmoniya, o dövrdə “vərəm” kimi tanınan xəstəlik aşkarlanıb. Bu səbəbdən o, hərbi xidmətə yararsız hesab edilərək ordudan tərxis olunub.

– Veteran statusu ilə bağlı problem necə yaranıb?

– Əsas problem onun hərbi sənədlərində “fərari” kimi qeyd olunması idi. Halbuki o, yaralı idi, xəstəxanada və evdə müalicə alırdı. Sadəcə olaraq həmin müddətdə hərbi hissədə fiziki olaraq olmadığı üçün sənədlərə əsassız şəkildə “fərari” qeydi düşülüb.

Bu isə onun illərlə hüquqlarını bərpa etməsinə mane olub. O, dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, hər dəfə eyni cavabla qarşılaşıb: “sənədlərdə fərari qeyd olunduğu üçün veteran statusu verilə bilməz”.

– Siz bu işə nə zaman qoşuldunuz və ilk addımlar nə oldu?

– Mən 2022-ci ildə bu işə qoşuldum. İlk addım olaraq məqsəd hərbi biletindəki “fərari” qeydinin ləğvi idi. Çünki bu qeyd bütün hüquqi proseslərin qarşısını alırdı.

Məhkəməyə müraciət etdik və iş Şirvan İnzibati Məhkəməsində baxılmağa başladı. Proses kifayət qədər uzun çəkdi. Sübutların toplanması, tibbi sənədlərin araşdırılması və döyüş şəraitinin qiymətləndirilməsi çox vacib idi.

– Məhkəmə prosesi necə keçirdi?

– İşə əvvəlcə iki qadın hakim baxırdı. Mən dəfələrlə vəsatət qaldırdım ki, bu iş sıradan inzibati iş deyil, burada müharibə reallığı, döyüş şəraiti və yaralı əsgərin vəziyyəti nəzərə alınmalıdır.

Açığını deyim, ilkin mərhələdə yanaşmada bir qədər formalizm hiss olunurdu. Kağız üzərində olan qeydlər əsas götürülürdü, lakin real döyüş şəraiti kifayət qədər dərk edilmirdi. Mən izah etməyə çalışırdım ki, mühasirə nə deməkdir, yaralı əsgərin təxliyəsi necə baş verir, lakin bu arqumentlər dərhal qəbul olunmurdu.

Uzun sürən araşdırmalardan sonra məhkəmə nəticəyə gəldi ki, “fərari” qeydi əsassızdır və həmin qeyd ləğv edildi.

– Müdafiə Nazirliyinin mövqeyi necə idi?

– Açıq danışsaq, Müdafiə Nazirliyinin mövqeyi prosesdə aktiv deyildi. Nə məhkəmə iclaslarında real iştirak var idi, nə də dərin araşdırma aparılırdı. Əksər hallarda 3-5 cümləlik standart etiraz məktubları göndərilirdi.

Bu isə təbii ki, ciddi hüquqi proses üçün kifayət etmirdi. Biz dəfələrlə bildirdik ki, bu cür yanaşma həm ədalət prinsipinə, həm də qazilərə münasibət baxımından doğru deyil.

– Son nəticə necə oldu?

– İş yenidən Şirvan İnzibati Məhkəməsində, hakim Mirlətif Sadıqovun sədrliyi ilə baxıldı. Bu dəfə proses daha dərin və obyektiv aparıldı. Bütün tibbi sənədlər, döyüş yolu və sübutlar detallı şəkildə araşdırıldı.

Nəticədə məhkəmə əvvəlki əsassız “fərari” qeydini tamamilə ləğv etdi və Arif Hacıyevin müharibə veteranı kimi tanınması barədə qərar qəbul etdi. Ona müvafiq veteran vəsiqəsinin verilməsi təsdiqləndi.

– Bu qərarı necə qiymətləndirirsiniz?

– Bu, sadəcə hüquqi qərar deyil, 32 illik bir ədalət mübarizəsinin nəticəsidir. Arif Hacıyev bu illər ərzində həm fiziki ağrılarla, həm də hüquqi sistemlə mübarizə aparıb.

O, dəfələrlə deyirdi ki, “mən pul istəmirəm, mənə sadəcə haqqım olan adı verin”. Bu cümlə əslində hər şeyi izah edir.

– Ümumilikdə bu iş sizcə nəyi göstərdi?

– Bu hadisə bir daha göstərdi ki, müharibə iştirakçılarının hüquqlarının qorunması sahəsində boşluqlar hələ də var. Döyüşdə iştirak etmiş insanların illərlə öz statuslarını sübut etməyə məcbur qalması ciddi problemdir.

Eyni zamanda bu cür işlər cəmiyyətdə ədalət hissinə də təsir edir. Çünki bir tərəfdə haqqını illərlə sübut etməyə çalışan qazilər, digər tərəfdə isə bəzən sənədləşmə ilə asanlıqla status alan şəxslər olur. Bu balans pozulmamalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki