“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qalib dövlətin vətənpərvər gəncləri” adlı layihəninin təqdimatını Heydər Əliyev mərkəzində 1 noyabr 2024-cü il tarixində həyata keçirib. Təqdimatda 100 nəfər – gənclər, məktəblilər və dövlət işçiləri iştirak edib.
Qanunla.Az xəbər verir ki, təşkilatın sədri Vəfa Xəlilli Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Gəncliyə Dəstək” İctimai Birliyi haqqında məlumat verib.
Daha sonra layihə rəhbəri Kəmalə Xəlilli layihə mövzusu və gedişatı haqda geniş məlumat vermiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqindən sitat gətirərək layihənin aktuallığını bu sözlərlə əsaslandırmışdır: “İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır”. Təqdimatda Zərdab RİH nümayəndəsi Tural Nağıyev, ehtiyyatda olan polkovnik-leytenant Hərbi Pilot Siracəddin Əhmədov qonaq qismində çıxış edərək vətənpərvərlik ruhunun gənclər arasında aşılanmasının vacibliyindən və layihənin önəmindən danışıblar.
Layihənin məqsədi məsuliyyətli vətəndaş modelinin gənclərə aşılanması, onlar arasında vətənpərvərlik tərbiyəsinin inkişafı və milli və mənəvi dəyərlərin təbliğ edilməsi, ideoloji risklərin təsirinin azalmasının təmin edilməsindən ibarətdir.
Təqdimat iştirakçılarına materiallar (papka, dəftər, qələm) paylanılıb. İştirakçılar çay süfrəsində müzakirələrə davam ediblər.
Qeyd edək ki, Layihənin növbəti mərhələsində 2 məktəbdə Maarifləndirmə görüşləri, Göyçay şəhərində Region gənclərinin 2 günlük “Vətənpərvər Gənclik düşərgəsi” keçiriləcək.
“Gəncliyə Dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli