DÜNYA AZƏRBAYCANLILARI DAİMA LİDERİMİZ CƏNAB İLHAM ƏLİYEVİN ƏTRAFINDA SIX BİRLƏŞİB!
Həmrəylik günü dünya azərbaycanlılarının ümummilli bayramıdır. Həmin gün harada yaşamasından asılı olmayaraq 50 milyon soydaşımızın qəlbi bir-birinə və ana Azərbaycana böyük sevgi ilə döyünür. Vətənimizin uğurları ilə qürur duyuruq. Qəlbimizdə min bir arzu, istək baş qaldırır. Sevinirik, fərəhlənirik, xalqımıza və ölkəmizə əmin-amanlıq, yeni qələbələr arzulayırıq. Bu ümummilli ideyanı Azərbaycan məfkurəsinə gətirən isə böyük siyasətçi Heydər Əliyev olub. O, Özünə xas olan uzaqgörənliklə qədim diyarda – Naxçıvanda həmrəylik günümüzün əsasını qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə tarixi qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət ünvanlayıb. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq müvafiq qərar qəbul edib. Dünyada qloballaşmanın geniş vüsət aldığı indiki dövrdə Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəylik gününün əsasını qoymasının önəmi daha dərindən dərk olunur. Biz görürük ki, qloballaşma ayrı-ayrı xalqların milli kimliyinə ciddi təhdidlər yaradır. İndi hər bir xalq üçün ənənələrin, milli-mənəvi dəyərlərin qorunması heç vaxt olmadığı qədər böyük aktuallıq daşıyər. Milli dövlətlər və xalqlar genişlənən qloballaşma təsirlərinin qarşısında yalnız ümummilli ideyalar ətrafında sıx birləşməklə duruş gətirə bilərlər. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, bu dəyərlərin daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Heydər Əliyevin dillər əzbəri olan “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı azərbaycanlılar üçün bir müqəddəs çağırışdır.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması üçün dekabrın 31-nin müəyyənləşdirilməsi də təsadüfi deyil. Bəllidir ki, imperialist güclərin maraqları bütöv coğrafiyamızı və xalqımızı Arazın o tayı və bu tayı deyilən iki hissəyə bölüb. Keçmiş SSRİ-nin süqutu ərəfəsində – 1989-cu il dekabrın son günlərində Araz sahillərində yaddaşımızda əbədi qalacaq hadisələr yaşandı. Arazın o tayından və bu tayından olan azərbaycanlılar onları ayıran tikanlı çəpərləri dağıtdılar. Hava soyuq və şaxtalı olsa da, Arazın sahilində bir-birinə qovuşan azərbaycanlılar günlərlə orada qaldılar və birləşmək istədiklərini bütün dünyaya bəyan etdilər. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü məhz xalqımızın birləşmək istəyini simvolizə edir. Dünya azərbaycanlılarının 2001-ci ildə Bakıda keçirilən birinci qurultayında Heydər Əliyev əminliklə bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Bu missiyanı xalqımız dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmağa nail oldu. Artıq müstəqil Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Şanlı Azərbaycan Bayrağının ölkənin bütün ərazisində əzəmətlə dalğalanması dünya azərbaycanlılarına sonsuz qürur hissi yaşadır. Eyni zamanda, soydaşlarımız son dərəcə qürurludurlar ki, uzun işğal illərindən sonra dünya azərbaycanlılarının V qurultayı azad Şuşada keçirildi. 22 aprel 2022-ci ildə baş tutan qurultayın açılış mərasimindəki çıxışında cənab Prezident İlham Əliyev Şuşadan dünya azərbaycanlılarını salamlayıb. Qurultay çərçivəsində “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi”, “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzularında panel icaslar da təşkil olunub.
Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır-deyə cənab Prezident İlham Əliyev dünya azərbaycanlılarına xitabən bildirib. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş cənab Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi kimi müəyyənləşdirib. Cənab Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının mühasibi
Qalib Nağıyev