Deputatlığa namizəd Jalə Əliyeva Kürdəmir rayonunun Muradxan kəndində Muradxan, Sorsor, Çölərəb kənd seçicilərilə görüş keçirib.
Qanunla.Az xəbər verir ki, ilk öncə xanım namizəd 2023-cü il sentyabrın 19-da Qarabağda başlayan Antiterror əməliyyatları zamanı şəhid olmuş İslam Teymur oğlu Dünyamalıyevin ailəsinə baş çəkib. Çay süfrəsi arxasında səmimi söhbətlər zamanı şəhidin ailəsi Jalə Əliyevaya uğurlar arzulamış, onlara göstərdiyi diqqət qayğısına görə təşəkkür etmişlər.
Daha sonra Sovet ittifaqı qəhrəmanı Məmiş Abdullayevin və Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzərək xatirələri ehtiramla yad edilib.
Xanım namizədin vəkilləri Zemfira Eyvazova, Tahir İsmayılov və Valeh Feyzullayev çıxış edərək Jalə Əliyevanın gördüyü işlər və platformasında nəzərdə tutulan məsələlər haqqında geniş məlumat veriblər.
Deputatlığa namizəd Jalə Əliyeva əvvəlcə Parlament seçkilərinin növbədənkənar keçirilməsini şərtləndirən mühüm amillərdən danışaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş və Müzəffər Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası həyatın bütün sahələrini əhatə etməklə yanaşı eyni zamanda bütün istiqamətlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına hədəflənmişdir. O, qalib Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini təmin etmək üçün seçkilərdə fəal olmağa, layiqli namizədlərə səs verməyə çağırıb.
Seçicilər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyinin dayandığını diqqətə çatdıraraq qeyd ediblər ki, hər bir vətəndaşın öz üzərində dövlətin hərtərəfli qayğısını hiss etməsi təqdirəlayiq haldır.
Görüş zamanı seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda seçicilər öz layiqli namizəd Jalə Əliyevaya səs verəcəklərini bildiriblər.
Qanunla.Az Vüqar Rəhimov