image-qanunla-reklam
image-agdam_1

Ağdam – Qafqazın Xirosiması

image-lady-day-az

Ağdam – Qafqazın Xirosiması.

Hər birimiz Şanlı Zəfərin təqvimlərimizdə al qırmızı rəngə boyadığı daha bir qürurlu tarixi, qədim Qarabağın xanzadə yurdu Ağdamın azadlıq gününü fəxrlə qeyd edirik.
Ürəyimizdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəhbərlik etdiyi yenilməz Azərbaycan Ordusuna böyük minnətdarlıq, ana torpağımız uğrunda şəhid olan vətən övladlarının ruhuna dərin ehtiram hissi ilə 2020-ci il noyabrın 20-də cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət, həyata keçirdiyi mükəmməl hərbi taktika sayəsində Ağdam bir güllə atılmadan, bir itki verilmədən azad edildi, 27 illik həsrətin, intizarın sonunda bu tarixi türk diyarında yenidən Azərbaycan bayrağı dalğalandırıldı.
Qalib Lider cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyeva ilə birlikdə 2020-ci il noyabrın 23-də, azadlığından cəmi üç gün sonra Ağdama yollanması,  rayonun mənəvi rəmzi Ağdam Cümə məscidini ziyarət edərək məscidin önündən ağdamlılara, Azərbaycan xalqına Ağdam şəhərinin, bütün kəndlərin bərpa ediləcəyinə dair əzm və qətiyyətlə söz verməsi Ağdam şəhərinin ruhunun tezliklə özünə qaytarılacağının xoşbəxtliyini yaşadıq.  Artıq qurucu Lider cənab İlham Əliyev Qarabağın barlı-bərəkətli yurdu Ağdamı müasir inkişaf və quruculuq məkanına çevirib.
Müdrik rəhbərimiz cənab İlham Əliyev hər zaman torpaqlarımızın işğaldan azad edilməsinin, bir milyona yaxın köçkünümüzün yurduna qaytarılmasının özünün ən ümdə vəzifəsi olduğunu bəyan etdi.

2021-ci il – Müstəqillik Günündə Ağdamın bərpasının başlanğıcını qoyan dövlət rəhbərimiz ən müasir Ağdamın qurulacağının və buranın tezliklə modern şəhərə çevriləcəyinin xoş xəbərini verdi. Müharibədən qısa müddət sonra dövlətimiz tərəfindən bütün işğaldan azad edilən ərazilərdə olduğu kimi, Ağdamda da sürətli tikinti və bərpa işləri aparılmasının nəticəsidir ki, indi rayon quruculuq, abadlıq ünvanına çevrilib.
Bir zamanlar görənlərin dəhşət, qorxu ilə “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırdığı viranə şəhərdən əsər-əlamət qalmayıb, Ağdam gündən-günə dirçəlməyə, yaşamağa başlayıb.

Ağdam gündən-günə çiçəklənir, gülüstana çevrilir. Dövlətimiz tərəfindən Qarabağın qədim diyarında görülən bütün bu möhtəşəm işlər tezliklə Ağdama doğru da qayıdış karvanlarının yol alacağının xoş sorağını verir.

Artıq Ağdam Şəhəri Gününün sevincini həm də Azərbaycanın suverenliyinin bərpası, bayrağımızın bütöv Azərbaycanda  əbədi dalğalandırılmasının misilsiz qüruru ilə qeyd edirik.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

10 noyabr 2020-ci il tarixli bəyanatın gücü – işğalçı Ermənistan qüvvələrin Ağdamdan çıxarılması.

Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb.

2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın isə kapitulyasiyasının rəsmi təsdiqidir. Bu sənədin imzalanması həm də Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi.

44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, xalqımızın birliyini növbəti dəfə dünyaya nümayiş etdirdi.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 gün ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi. 2020-ci il noyabrın 8-də isə Şuşanın işğaldan azad edilməsindən sonra işğalçı Ermənistan məğlubiyyətini dərk etdi, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını  imzalamağa məcbur oldu. Üçtərəfli Bəyanat həm də rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu.

Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın bir sıra siyasi, diplomatik və iqtisadi uğurlarının əsası qoyuldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa məcbur oldu. Ölkəmizin ayrılmaz hissəsi olan Ağdam, Laçın, Kəlbəcər rayonları, Laçın şəhəri, Zabux və Sus kəndləri qan tökülmədən qaytarıldı.

Bu bəyanata əsasən noyabr ayının 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Beynəlxalq hüquqların aliliyini və tarixi ədaləti bərpa edən Azərbaycan həm döyüş meydanında , həm də siyasi müstəvidə düşmən üzərində qələbə qazandı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də Ağdam rayonunda səfərdə olarkən, ölkə başçısı Dövlət Bayrağını Ağdam şəhərində qaldırdı. Ali Baş Komandan müraciəti zamanı demişdir: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”. Bu ifadə təkcə Ağdamdan köçkün düşən soydaşlarımızın deyil, bütün Azərbaycan xalqının qəlbini sərinlətdi, qürurlandırdı.

Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Belə ki, Vətən müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma işlərinə başlanılıb. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin – ağdamlıların yolunu gözləyir.

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki