image-qanunla-reklam
image-img_2658

Hökumətin qarşısında mühüm vəzifə – Bir milyon insanın qulağı səsdə

image-lady-day-az

Sabir Rüstəmxanlı: “Yüzminlərlə insanı əsir-yesir qoymaq düzgün deyil”

Tahir Kərimli: “Müvafiq dövlət qurumlarına müraciət edirəm: bu insanların haqqını tanıyın”

Azərbaycanda yeni hökumət təsdiqləndi. İlham Əliyev növbəti dəfə Prezident seçildikdən sonra istefaya gedən hökumət kabineti dövlət başçısı tərəfindən yenidən formalaşdırıldı.

Hökumətin qarşısına ciddi vəzifələr qoyulub. Ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsindən tutmuş iqtisadi inkişafının sürətləndirilməsinədək bütün sahələr üzrə mühüm tədbirlər həyata keçirilməlidir.

Kabinetin qarşısında duran ən əsas vəzifələrdən biri əhalinin sosial rifahının yaxşılaşdırılması, bu istiqamətdə həllini tapmayan problemlərin aradan qaldırılmasıdır. Və həllini gözləyən ən ciddi problemlərdən biri özəlləşdirmə çekləri (payları) ilə bağlıdır. 13 ildir düyünə salınan və 1 milyon vətəndaşın haqqının tapdanmasına səbəb olan bu məsələ hələ də ədalətli həllini tapmayıb.

Deməli, yeni hökumətin aidiyyəti qurumlarının qarşısında dayanan çox mühüm vəzifələrdən biri sözügedən problemin ədalətli həllini nail olmaqdır. Nəticədə yüzminlərlə vətəndaşın dövlətdən gözlədiyi halal haqqını özünə qaytarmaqdır.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, çekləri əlində qalan çarəsiz şəxslərin dövlətə inamını bərpa etmək üçün kompleks tədbirlər görülməlidir: “Mən xatırlayıram, o vaxt səbəbindən asılı olmayaraq, insanlar aldadıldı. İndi minlərlə insan haqqını tələb edir. Ona görə də çeklər ya yenidən tədavülə buraxılmalı, ya da vətəndaşlara sahib olduqları çeklərin müqabilində kompensasiya ödənilməlidir. İnsanların haqqı varsa, tanınmalıdır. Bizə, yəni deputatlara da mütəmadi müraciətlər daxil olur. Dövlətin qiymətli kağızını bu insanlar ata bilməzlər, bəs nə etməlidirlər?!”.

“Düşünürəm ki, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması vətəndaşların xeyrinə və ədalətli qərar olardı. Yaxşı olardı ki, hökumət bu məsələni bir daha nəzərdən keçirsin və dövlət əmlakının özəlləşdirilməsində çeklərin iştirakına şərait yaradılsın. Ümumiyyətlə, özəlləşdirmə çeklərinin istifadə müddətinin bitməsi qanunsuzdur. Ona görə ki, qanunda bu çeklərin müddətsiz olduğu bildirilirdi. Bu çeklər qiymətli kağızlar olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır”, – deyə həmsöhbətimiz bildirib.

Deputatın sözlərinə görə, vaxtilə necə və hansı formada istifadə olunması ilə bağlı kütləvi məlumatsızlıq olub: “Halbuki özəlləşdirmə çekləri paylananda vətəndaşlara onun əhəmiyyəti, insanların bu çeklərdən necə istifadə etməsi ilə bağlı dolğun bilgi verilməliydi. Belə olmadığı üçün vətəndaşlar düzgün istifadə qaydasını bilmədilər. Bu məlumatsızlıqdan, bilgisizlikdən də öz xeyirlərinə sui-istifadə edənlər oldu. Çeklərini saxlayan vətəndaşlar isə dövriyyədən çıxarıldığına görə bundan istifadə edə bilmirlər”.

Rüstəmxanlı əlavə edib ki, Konstitusiya Məhkəməsi məsələ ilə bağlı araşdırma aparmalı və nəticəsini elan etməlidir: “Vətəndaşın haqqı özünə qaytarılmalıdır və inanıram ki, qaytarılacaq. Yüzminlərlə insanı əsir-yesir qoymaq düzgün deyil. Müvafiq dövlət orqanları məsələyə kompleks yanaşmalıdır və qanunun tələbinə əməl etməlidir”.

Milli Məclisin üzvü, Ali Məhkəmənin sabiq sədri, peşəkar hüquqşünas Tahir Kərimli də AYNA ilə söhbətində söyləyib ki, mülkiyyət hüquqları pozulmuş yüzminlərlə insanın haqqı bərpa olunmalıdır: “Əllərində çekləri qalan yüzminlərlə insan illərdir hüquqları pozulmuş halda o dövlət qurumuna, bu dövlət qurumuna müraciət edirlər, amma məsələlərinə baxılmır. Hesab edirəm ki, vətəndaşların haqqı bərpa edilməlidir ki, onlar da dövlətdən narazı qalmasınlar”.

Millət vəkilinin qənaətincə, Azərbaycanda özəlləşmə prosesi çox sürətlə həyata keçirilib: “2011-ci ildən əvvəl, yəni çeklərin tədavül müddəti bitməmişdən əvvəl ölkədə tuğyan edən “qara bazar” qiymətləri kağızların ciddi alqı-satqı yerinə çevrilmişdi. Dəllallar insanların əlindəki vauçerləri su qiymətinə ələ keçirdilər. Xeyli vətəndaş isə çeklərini satmadı, saxladı və dəyərinin artmasını gözlədi. Nəticədə insanların əllərində milyondan artıq özəlləşdirmə çeki qaldı. Onlar gələcəkdə çeklərdən daha səmərəli istifadə edəcəklərini düşündülər. Çünki çeklər qiymətli kağız olaraq müddətsiz idi və onun tədavül müddətinin bitməsi qanunla düzgün deyildi. Amma gözlədikləri kimi olmadı. Tədavül müddəti absurd şəkildə bitdi, çekləri əlində qalan vətəndaşların hüquqları pozulmuş oldu. Hesab edirəm ki, bu pozulan hüquq bərpa olunmalıdır”.

“Parlamentin iclasında Qarabağda həyata keçiriləcək özəlləşdirmə prosesi ilə bağlı çıxış edərkən bu məsələni gündəmə gətirmişəm. İclasda da qeyd etdim ki, keçmişdə aparılan özəlləşmədən dərs almalı, nəticə çıxartmalıyıq. Qüsurları yenidən təkrar etməməliyik. Eyni zamanda, 2011-ci ildə özəlləşdirmə çeklərinin müddətini başa çatdırıb, çeklərin dəyərini sıfırlamaq böyük səhv idi, onu düzəltmək lazımdır. Çünki bu çeklər əvəzi ödənilmədən dəyərdən düşmüş sayılıb. Buna yol vermək olmaz”, – deyə müsahibimiz vurğulayıb.

Kərimli aidiyyəti dövlət qurumlarına, Konstitusiya Məhkəməsinə müraciət edib ki, hüququ pozulan insanların haqqını tanısınlar: “Həm Konstitusiyamıza, həm beynəlxalq hüquqa görə, vətəndaşın vəziyyətini yaxşılaşdıran addımların atılması vacibdir. Elə edilməlidir ki, əllərində qiymətli kağız olan çek sahibləri özəlləşmədən faydalana bilsinlər, yaxud onun kompensasiyasını ala bilsinlər. Problem müsbət həllini tapmalıdır ki, vətəndaşlar da narazı qalmasınlar. Düşünürəm ki, sözügedən problemi həll etmək üçün dövlətimizin gücü də var, iradəsi də”.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən Konstitusiya Məhkəməsinə məktub daxil olub və qeydiyyata alınıb. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Amma 11 aydır ki, Konstitusiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi yoxdur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki