image-qanunla-reklam
image-1646989599_022a8e82-bf2e-41e5-ae64-22bf955b828b

Gəncə Dövlət Dram Teatrının yeni binasında ilk tamaşa nümayiş olundu

image-lady-day-az

Bildiyimiz kimi, 10 Mart Azərbaycanda Milli Teatr Günüdür.  Bu münasibətlə Gəncə Dövlət Dram Teatrının yeni binasında “Cavad Xan” tarixi dramı nümayiş olunub.

Qanunla.az xəbər verir ki, səhnə əsərinə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, YAP Gəncə şəhər Təşkilatının sədri Ramil Orucov, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, idarə, müəssisə, təşkilat rəhbərləri, mədəniyyət nümayəndələri və şəhər sakinləri tamaşa ediblər.

Tamaşadan əvvəl rəsmilər Gəncə Dövlət Dram Teatrının yeni binasına baxış keçiriblər, teatrın muzeyinə baş çəkiblər. Qeyd edilib ki, 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Gəncə Dövlət Dram Teatrının yeni binasında 478 yerlik böyük tamaşaçı zalı, 22 tamaşaçı yerlik lojalar və 120 yerlik kiçik tamaşaçı zalı var. Yeddimərtəbəli binada, həmçinin iki zaldan, 135 eksponat və rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb. Bir sözlə teatrın yeni binasında tamaşaların nümayişi üçün müasir texniki şərait təmin edilib, yaradıcı heyətin məşqləri ilə bağlı bütün məqamlar nəzərə alınıb.

Daha sonra “Cavad Xan” tarixi dramı nümayiş olunub. Tamaşa  Gəncənin sonuncu xanı Cavad xanın yurduna olan bağlılığından, Gəncənin tarixindəki xidmətlərindən, azadlıq uğrunda işğalçılara qarşı apardığı mübarizədən bəhs edir.

Əsərin müəllifi junalist, yazıçı Nüşabə Əsəd Məmmədlidir. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı Mirzə Mehdi, musiqi tərtibatı Sevda Əliyeva, rejissor assistenti Nişanə Qurbanovadır.

Baş rollarda Xalq artisti Pərvanə Qurbanova və Əməkdar artist Elxan Yunis iştirak ediblər. Tamaşada həmçinin,  Əməkdar artistlər İlham Hüseynov, Ramiz Vəliyev, Novruz Cəfərov, Salamulla İsmayılov, aktyorlar Yusif Cəfərov, Samir Abbasov, Murad Meyfəliyev, Şahmar Məmmədov, Ruslan Hüseynov, Günay Cabbarova, Sevinc Hüseynova, Mətləb Təhmazi, Emil Salmanov, Elmir Məmmədov, Zəminə Cəfərova, Şükufə Salmanova, Həsən Cəfərov, Hüseyn Cəfərov, Seymur Məmmədov, Nailə Əhmədova, Zaur Əhmədov, Orxan Mirzəyev, Samir Rzayev, Mirheydər Seyidov, Akif Səfərov, Murad Nazim və Rizvan Quliyev çıxış ediblər.

Səhnə əsəri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tamaşadan sonra Niyazi Bayramov səhnə arxasında Gəncə Dövlət Dram Teatrının kollektivi ilə görüşüb. O, Prezident İlham Əliyevin və Vitse-prezident Mehriban xanım Əliyevanın teatr sənətinə göstərdikləri diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Gəncə Dövlət Dram Teatrının müasir standartlara cavab verən yeni binası  bu diqqətin bariz nümunəsidir. Şəhər rəhbəri sənət adamlarını Milli Teatr Günü münasibətilə təbrik edərək, onlara milli teatrımızı yaşatmaq, maarifçi mütəfəkkirlərimizin yaratdığı milli teatr ənənələrini inkişaf etdirmək istiqamətində uğurlar arzulayıb.

Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı kollektiv adından dövlət başçısına yeni, müasir teatr binasına görə minnətdarlığını bildirib, bundan sonra teatrsevərlərin qarşısına rəngarəng repertuarlarla çıxacaqlarını qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki