image-qanunla-reklam
image-dcc

DTX rəisinə müraciət: Problemimizə biganə qalmayın

image-lady-day-az

Yüzminlərlə çek sahibindən Dövlət Təhlükəsizliyi Xidmətinə, DTX-nin rəisi Cənab Əli Nağıyevə müraciət olunub.

Çox hörmətli Əli müəllim,

Özəlləşdirmə Çeklərini satmayıb ümidlə saxlayan 100 minlərlə Ailələr adından Sizdən çox Xahiş edirik ki, əgər YAP-çı Hüquqşünas Alimlərin və Deputatların mətbuatda yazdıqları və “Youtube” kanallarında dedikləri düzgün deyilsə, onda birbaşa AzTv kanalından Siz və ya Cənab Prezident XALQA müraciət edəsiniz. Düzgün olan faktlar deyilsin ki, bu qalmaqallı problemə bir dəfəlik SON QOYULSUN!

Təcili araşdırıb həll edin ki, daxili problemimiz xaricə ayaq açmasın.

Çox Xahiş edirik cənab Prezidentə düzgün və TAM məlumatları şəxsən özünüz məruzə edəsiniz. Yüzminlərlə vətəndaş bir neçə ildir çox böyük həyəcan və gərginlik keçirir.
İnsanlar bilsinlər ki, Qanun və Konstitusiyaya əsasən Özəlləşdirmə Çekləri Dövlət Qiymətli Kağızıdır və adi kağız kimi QARA Bazara ucuz qiymətə satmasınlar. Əks halda bu mütəşəkkil korrupsiya cinayəti olduğu kimi, həm də mütəşəkkil DƏLƏDUZLUQ cinayəti sayılır.

Çox Hörmətli Əli müəllim,

Sizin təşkilat vətəndaşların haqqını yeyərək insanları narazı salan, DÖVLƏTÇİLİYİMİZƏ ləkə salan məmurları ifşa etmək üçün hətta gizli kameralardan istifadə edirlər. Bu işlə bağlı bütün faktlar isə artıq neçə ildir mətbuatda və “Youtube” kanallarında, Milli Məclisdə səsləndirilir. Hətta 2024-cü il Prezidentliyə 6 namizədin hər biri bu haqsızlıq barədə mətbuatda və seçki platformaları haqqında olan çıxışlarında açıq şəkildə müraciətlər ediblər.

PA-dakı bəzi Məmurlar cənab Prezidentdən məlumatları gizlədir. 100 minlərlə vətəndaşın haqqını yemək üçün Şərəfsiz məmurlar məlumatları ancaq oliqarx məmurlara sərf edən şəkildə çatdırırlar və Dövlətimizə qarşı təxribat edərək cənab Prezidentin ADINA və Demokratik-Hüquqi Dövlət imicimizə LƏKƏ salırlar. Cənab Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, ya BİZ Dövlət olaraq Ulu Öndər Heydər Əliyevin SİYASƏTİNİ davam etdirəcəyik, ya da məhv olacağıq. Ümummilli Lider Heydər Əliyev kapitalizmə keçid üçün əmlak bölgüsünün nə qədər həssas bir məsələ olduğunu çox gözəl bilirdi. Bəs kimlər onun siyasətindən xəbərsizdir, yaxud bu siyasəti bəyənmirlər?

Burada Heydər Əliyevin Prezident Sarayındakı 7 mart 1995-ci il tarixli çıxışını yada salmaq vacibdir – Bizim Sözümüz Bizim İmzamızdır!

Tarixi çıxışın yekun nitqi:

“… Ona görə də mən görürəm ki, bu barədə fikir ayrılığı tamamilə təbiidir və qəti bir fikir də demək çətindir. Şəxsən mən bunu demək istəmirəm. Ancaq bir şey aydındır ki, özəlləşdirmə zamanı vətəndaşların payı olmalıdır, hər bir vətəndaş öz payını almalıdır, bu payından istədiyi kimi istifadə etməlidir. O, ya özəlləşdirilən müəssisənin bir hissəsinin sahibi olacaqdır, yaxud öz payını başqasına verəcək və ya satacaqdır. Bunlar hamısı gələcək proseslərdə olacaqdır. Amma vətəndaşın payı olmalıdır. Yəni bu özəlləşdirmə 10 il, 15 il, 20 il çəkəcəkdir. Belə olan surətdə, əgər biz bu gün hesab ediriksə ki, dövlət əmlakı özəlləşdiriləcək və insanlar ondan bu payı alacaqlar, bəs bu payı nə vaxt alacaqlar? Belə çıxır ki, biri payını bu gün alacaq, biri bir ildən sonra, biri də 15 ildən sonra, 20 ildən sonra alacaq. Bəs bu, necə müəyyən olunacaq?”.

Hətta yadımızdadır ki, Ulu Öndər özəlləşdirmə çekləri paylanan zaman AzTv-də xalqa müraciət edərək özəlləşdirmə paylarını satmamağı, tələsmədən çeklərdən bir-bir istifadə etməyi məsləhət verirdi və deyirdi ki, əgər bir müəssisədən az dividend verilsə, o birisi çox verər və tarazlıq olar.

Siz hüququ yaxşı bilirsiniz – DİQQƏT EDİN!

“Dövlət Özəlləşdirmə Payı” Respublikamızın qanunvericiliyində ilk dəfə 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənib. Həmin Qanunun 18-ci maddəsində “özəlləşdirmə payı” anlayışı verilərək deyilir:

  • Özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir;
  • Özəlləşdirmə payları respublikanın vətəndaşlarına özəlləşdirmədə iştirak etməyə ilkin bərabər imkan yaratmaq üçün verilir.

Yenə həmin dövrdə Ulu Öndər Heydər Əliyevin imzası ilə Qanunla qəbul olunmuş I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü Bölməsinin 4-cü abzasında deyilir:

  • Dövlət özəlləşdirmə payı – adsız, (təqdim edənə) nağd qiymətli kağız formasında olan 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an Eyni Dəyərə malikdir.

3-cü bölmənin 6-cı bəndində deyilir:

  • Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri İNFLYASİYANIN təsirindən qorunan maddi ekvivalentdir: çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir.

Eyni zamanda bu qanunda bir qayda olaraq orta və iri müəssisələrin 15+50%-nin çeklərlə özəlləşdiriləcəyi bir dövlət öhdəliyi kimi öz əksini tapıb. Yəni qanunla bütün özəlləşdiriləcək orta və iri müəssisələrin 65 faizi dövlət əmlak payı olaraq dövət qiymətli kağızı olan çeklərin birincili olaraq yerləşdirilməsindən sonra (vətəndaşlara paylanandan sonra) vətəndaşların halal MİRAS ƏMLAK PAYI hesab olunur.

Bildiyiniz kimi, Dövlət Özəlləşdirmə Çeklərinin (DÖÇ) tədavül müddəti əvvəl Qanun ilə təsdiq olunmuş “I Dövlət Proqramı” ilə 3 il müddətinə təyin olundu, daha sonra Fərman ilə təsdiq olunmuş “II Dövlət Proqramı” ilə 2011-ci ilin yanvarın 1-nə qədər uzadıldı. Göründüyü kimi, burada Qanunla müəyyənləşdirilmiş müddət sonradan Fərman ilə uzadıldı.

Bundan belə, bir əsas sual meydana gəlir: DÖÇ-lər üçün ilk təyin olunan 3 illik müddət fərman ilə uzadılmasaydı, nə baş verəcəkdi? Fərz edək ki, DÖÇ-lər ilk 3 ildən sonra tədavül müddəti bitdiyi üçün 1999-cü ildə tədavüldən çıxarıldı. Burada sual olunur: müddəti uzadılmayıb, tədavüldən çıxarılsaydı, onda kompensasiya veriləcəkdimi?

Təbii ki, həmin qanunvericiliyə görə, 3 illik müddət bitəndən sonra özəlləşdirmə dövründə vətəndaşlar tərəfindən istifadə olunmayan payların (çeklərin) dövriyyədən çıxarılması üçün (I Özəlləşdirmə Qanunu, maddə 19), onlar dövlət tərəfindən yaradılmış İnvestisiya Fonduna qoyulmalı, oradan vətəndaşlara dividend verilməli və istifadə olunmalı idi. Lakin dövlət pozitiv öhdəliyini icra edib İnvestisiya Fondu qurmadığı üçün (bildiyiniz kimi, heç Çek İnvestisiya Fondu da yaradılmadı) vətəndaşların hüquqları pozuldu. Hesab edirik ki, bunu da DÖÇ-lərin tədavül müddətini Fərmanla uzatmaq ilə ödəməyə çalışdılar. Bu da öz növbəsində indiki pozuntulara səbəb oldu.

Bunlardan başqa, 1993-cü il tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18.4-cü maddəsinə görə, “Özəlləşdirmə payı respublikanın hər bir vətəndaşının adına müvafiq bankda açılmış xüsusi hesabda saxlanılır”.

Fərz edək ki, həmin dövrdə (1999-da) bu normaya əməl olunaraq, bu payların dəyəri hesablanıb PUL formasında banklara qoyuldu. Sual olunur: əgər belə olsaydı, həmin pulların aqibəti necə olacaqdı?

Bu suallar və 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Prezident Sarayındakı XALQA VƏDİ özü-özlüyündə bir daha özəlləşdirmə payına düşən mülkiyyət hüququnun dövlət tərəfindən vətəndaşlara ömürlük və əvəzsiz verildiyini təsdiq edir. Özəlləşdirmə payları (çekləri) Xalqa – vətəndaşlara ata-babalarının canı-qanı və özlərinin zəhməti hesabına Sovet Dövləti dövründə qurub-yaradılmış var-dövlətdən, əmlakdan düşən MİRAS ƏMLAK PAYIdır. Onlar verilən zaman qüvvədə olan qanunlara əsasən, hər bir vətəndaşa verilmiş özəlləşdirmə payı inflyasiyadan qorunan əmlak ekvivalentinə və EYNİ DƏYƏRƏ malik idi. Bu gün üçün hüquqşünas və iqtisadçı alimlərin hesablamalarına görə, dəyəri ən azı 20 000 ABŞ dollarıdır.

Yaxşı yadımızdadır, “sberkassa”larda Sovetdən qalan pullara kompensasiya barədə bizim dövlətimizin qanunla heç öhdəliyi yox idi. Ancaq cənab Prezident alicənablıq edərək, o pullara dövlətdən kompensasiya verdi. DÖÇ-lərin üzərində bütün qiymətli kağızların üzərində olduğu kimi qanun gücünə malik olan müəyyən yazılar var və həmin yazıların (öhdəliklərin) heç birinə əməl olunmayıb. Məhz DÖÇ-nin üzərində yazılır ki, “Bu özəlləşdirmə çeki Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin olunmuşdur”. DÖÇ-nin arxasında yazılır ki, “Dövlət özəlləşdirmə çeki – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”. Dolayısı ilə bu yazılar belə, həmin çekin vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənəd olduğunu göstərir. Hətta dövlətin ən kasıb vaxtında tarixi sosial ədalət naminə Heydər Əliyev kapitalizmə dinc keçid üçün dövlət öhdəliyi olaraq özəlləşdiriləcək bütün orta və iri dövlət əmlakının 65%-nin özəlləşdirilməsinin ancaq və ancaq DÖÇ ilə aparılmasını və bütün investorların özəlləşdirmədə iştirakı üçün ancaq və ancaq vətəndaşlarda olan DÖÇ-ləri alaraq iştirak edə biləcəyini qəti qayda olaraq təsdiqlədi.

Qanuna əsasən, xarici investorlar ancaq opsion aldıqdan sonra DÖÇ-ləri ala bilərdi. Qanunla dövlət orta və iri müəssisələrin ancaq ona məxsus olan 35%-ni PUL ilə sata bilərdi. Ümummilli Liderimizin göstərişi ilə, dövlət qiymətli kağızı kimi 8 milyon özəlləşdirmə payını (32 milyon çeki) təkcə çap etdirmək üçün 1995-ci ildə – dövlətin ən kasıb vaxtında 64 milyon ABŞ dolları ödənilib. Çünki DÖÇ-lərin dollardan çox qoruyuculuğu və qoruyucu nişanları var.

Artıq bir neçə ildir ki, qeyrətli deputatların, siyasətçilərin, hüquqşünasların, ziyalıların dövlətçiliyimizə inanaraq bəyan etdikləri vahid mövqe var: tezliklə Ulu Öndərin siyasəti, imzaladığı qanunlar və Konstitusiyaya əsasən, hər özəlləşdirmə payına düşən inflyasiyadan qorunan əmlak ekvivalentinin dəyəri qanunda göstərilən qaydalara uyğun hesablanacaq, DÖÇ-lər ya dövriyyəyə qaytarılacaq, ya da kompensasiya ödəniləcək ki, yüzminlərlə ailə böyük özəlləşdirmədə iştirak etsin.

Hörmətli Əli müəllim!

Artıq vətəndaşlar bu faktları oxuyub-öyrənir, öz haqlarını bilirlər və tələb edirlər. Əlbəttə, bunların içində haqsızlığa qarşı çox aqressiv reaksiya verən vətəndaşlar da az deyil. Necə deyərlər, MƏRDİ qova-qova özləri kimi NAMƏRƏD etməyə çalışan Məmurların istəyi baş tutmaqdadır.

Konstitusiya Məhkəməsinin (KM) ekspertləri olan 10-dan çox hüquqşünas alim tərəfindən, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının (AAK) “Qanun” jurnalında çap olunmuş 4 məqalədə isbat olunur ki, DÖÇ-lər verilən zaman qüvvədə olan qanunvericilik aktlarına uyğun olmayaraq, yəni kompensasiya verilmədən 13 ildir aparılan özəlləşdirmə prosesi dövlət siyasətinə ziddir və cinayətdir.

Xahiş edirik, KM-in Konstitusiya, mülkiyyət və qiymətli kağızlar üzrə ekspertləri olan hüquqşünas alimlərin dediklərinə qulaq asın – birmənalı olaraq DÖÇ-nin qiyməti və dövriyyəsi qanunla tənzimlənməlidir. Nazirlər Kabineti də bunu təsdiq edir:

Çox hörmətli Əli müəllim!

Özəlləşdirmə payları ilə bağlı bəzi hüquqi aktların araşdırılması barədə KM-in 3 hakimi (sədrlik edən və məruzəçi-hakim Rövşən İsmayılov, hakimlər Sona Salmanova və Kamran Şəfiyev) bizim müraciətdən 8 ay sonra – 19 dekabr 2023- cü ildə bu hüquqi problemin araşdırılmasından İMTİNA qərardadı çıxarıb. KM Palatasının imtina qərarındakı Konstitusiya və qanunlara ZİDD olan yozma və əsaslandırma özəlləşdirmə paylarına aid əvvəlki qanunlarda olan dövlət öhdəliklərini və vətəndaşlara verilmiş hüquqları heçə saymaqla yanaşı, hüquqi-demokratik dövlət imicimizə və dövlətçiliyimizə qarşı təxribatdır, xalqa qarşı düşməncilikdır. KM-in bu 3 hakiminin İMTİNA qərarı özəlləşdirmə başlayan zaman qanunla vətəndaşlara verilmiş mülkiyyət və bərabərlik hüquqlarını, dövlət öhdəliklərini, 2000-ci il tarixli özəlləşdirmə haqqında qanunun bu gün də qüvvədə olan 33.1-ci maddəsini (bu maddə heç bir Qanunla bu günə qədər qüvvədən düşməyib) tapdayır. Onların qərarında naməlum səbəbdən və Konstitusiyaya zidd olaraq, həmin Qanunun 33.2-ci maddəsi ilə TAM ləğv olunduğu göstərilib.

Hörmətli Əli müəllim, bu faktları öyrənmək DTX-nin Hüquqşünasları üçün də çox maraqlı olardı! Hansı səbəbdən KM Plenumu özü onlarla hüquqi məsələ, xüsusilə mülkiyyət hüququ ilə bağlı qərarlarında müqayisəli problemlərin həllində hüquqlar verilən zaman qüvvədə olan qanunların əsas sayılmasını şərtləndirib. Ancaq nədənsə, KM-də bu imtina qərarını qəbul edən 3 hakim KM-in qanun gücündə olan bu qərarlarını yaddan çıxarıb. NİYƏ? Bəlkə yaddaş problemləri var? Yoxsa bunlara vicdanı və əxlaqı olmayan hansısa oliqarx məmurlar təzyiq edirlər?

Hesab edirik ki, respublikamızda aşağıdakı hüquqi faktı bilməyən 1 nəfər belə hüquqşünas yoxdur. Bildiyiniz kimi, Konstitusiya şikayətində göstərilən məsələ “Dövlət özəlləşdirmə payları (DÖP) və dövlət özəlləşdirmə çeklərinin tənzimlənməsi” məsələsinin hansı qanunvericiliyə tabe olması məsələsidir. Yəni DÖP-lərin və DÖÇ-lərin tənzimlənməsi, onların üzərində vətəndaşların mülkiyyət hüququnu əldə etməsi və özəlləşdirmədə əmlak bölgüsü zamanı mülkiyyət və bərabərlik hüquqlarının mühafizə olunması prosesinin bu hüquqların verildiyi tarixdə qəbul edilmiş qanunvericilik ilə tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu və digər maddələrinin tələblərinə görə məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə görə, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.

Hörmətli Əli müəllim!

Biz 50-dən çox hüquqşünasın KM-in bu 3 hüquqşünasının yazdığı rəy barədə fikirlərini öyrəndik. Hamısı ancaq bunu deyir: Konstitusiya Məhkəməsinin Palatasındakı bu 3 hakimin İMTİNA qərardadındakı bu cür əsaslandırma absurddur, qəbuledilməzdir! Bu cür hüquq yozumu hüququn ayaqlar altına alınmasıdır, Konstitusiya və qanunların tapdanmasıdır, beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin heçə sayılmasıdır. Ən əsası Dövlətin və Dövlət rəhbərliyinin tarixi sosial ədalət siyasətinə qarşı gəlməkdir.

KM-in hakimləri hansı səbəbdən bu qərara imza atıblar? Bunlar KİMƏ və NƏYƏ xidmət edirlər? Bunların prezident seçkiləri öncəsi imtina qərardadı çıxarmasında əsas məqsəd nə idi? Bu cür hüquqsuzluğa hansı cürətlə yol verirlər?

Bu suallar bizi çox narahat edir. Belə çıxır ki, KM Palatası öz qərəzli yozmasında vətəndaşların hüquqlarının 2000-ci ilin may ayından sonra yavaş-yavaş, Konstitusiyaya, qanunlara və beynəlxalq hüquqa zidd olan qanunvericilik aktları ilə pozulduğunu və ölkəmizin hüquqi və demokratık dövlət olmadığını erməni faşistləri kimi həm yerli, həm də beynəlxalq ictimaiyyətə nümayiş etdirməyə çalışır.

Hörmətli Əli müəllim!

Yəqin bilirsiniz ki, Sovet dövlətindən qalan və xalqa məxsus olan əmlaklar qanunla vətəndaşlara miras əmlak payı olaraq verilib və onlar arasında bölünməlidir. Yəni vətəndaşlara məxsus 65%-lik əmlakın sonradan qəbul olunan qanunvericilik aktları ilə Konstitusiyaya zidd olaraq əllərindən alınması və İqtisadiyyat Nazirliyi tərəfindən ancaq pulla özəlləşdirilməsi oliqarx məmurların xalqa qarşı ağır mütəşəkkil korrupsiya cinayəti sayılir. Bu cinayəti bilərəkdən hansısa yerli və ya xarici sahibkar özəlləşdirmədə iştirak edirsə ya axmaqdır, ya da bu korrupsiyanın başında duran məmurların adamıdır – yəni erməni xislətli dayısına arxalanır. Ancaq heç kim unutmasın ki, dövlətimizin və dövlət rəhbərliyinin siyasətinə xələl gətirən bütün bu faktlar gec-tez cənab Prezidentə çatdırılacaq. O zaman dövlət öz dəmir yumruğunu daxildə də işə salacaq. Qarabağı yağı düşməndən xilas edən o dəmir yumruq xalqı və dövləti aldadan, haqq yeyən, həqiqəti gizlədən məmurların başına enəcək.

İnanırıq ki, sizlərin köməyi ilə cənab Prezidentə bu hüquqi faktlar barədə tam məlumatlar çatdırılarsa, bu problem dərhal öz həllini tapacaq. Bu səbəbdən sizdən çox xahiş edirik ki, ŞƏXSƏN özünüz cənab Prezidentə məruzə edəsiniz. Baş nazir hələ 2016-ci ildə yeni özəlləşdirmə qanununun hazırlanması barədə Milli Məclisdə anons vermişdi. Sonradan hətta cənab Prezident özəlləşdirmə haqqında yeni qanun layihəsini İqtisadiyyat, Ədliyyə və Maliyə nazirliklərinin birlikdə hazırlayıb, 2023-cü ildə Milli Məclisə təqdim etməsi barədə sərəncam verdi. Ancaq bu məsələ məmurlara sərf etmədiyi ücün hələ də gecikdirilir.

Hörmətli Əli müəllim!

13 ildir davam edən cinayətkar özəlləşdirmənin qarşısının alınması, mülkiyyət və bərabərlik hüququ pozuntularının aradan qaldırılması üçün köhnə qanunda olan hüquqazidd maddələrin ləğv olunması və yeni maddələr əlavə olunması məqsədilə cənab Prezidentə bu məlumatları TAM çatdırasınız. Bizim istəyimiz odur ki, vətəndaşların ümidləri üzülüb Avropa Məhkəməsinə, səfirliklərə, beynəlxalq təşkilatlara üz tutmasınlar, bu problem öz daxilimizdə həll olunsun. Dövlətçiliyimizə dəstək olun ki, daxili işimiz xaricə çıxmasın! Xalqın haqqını müdafiə edin ki, vətəndaşların zalım məmurlara qarşı söyüşü, qarğışı dayansın! Gözəl bilirsiniz ki,vaxtın uzanması insanları ayağa qaldırır, nifrət və intiqam hissini hakimiyyətə, günahsız məmurlara qarşı çevirə bilər. Tarixi sosial ədalətin, mülkiyyət və bərabərlik hüququnun pozulması, məmurların qanunsuz hərəkətləri yüzminlərlə vətəndaşı çox narazı salır və məmur-vətənaş qarşıdumasını qaçılmaz edir. Ölkə daxilində oliqarx məmurlara və onların adamları olan sahibkarlara qarşı nifrət, düşmənçilik və intiqam toxumu səpilir. Tarix, hüquq, sosiologiya, psixologiya və siyasətlə məşğul olanlar öz təcrübələrindən bunu yaxşı bilirlər.

Diqqət edin, gec-tez hansısa siyasi qüvvələr ədalətin və Konstitusiyanın bu cür kobud şəkildə pozulmasından istifadə edəcək. Hansısa Koroğlular oliqarx məmurlarin və acgöz sahibkarların ailələrinin əmlakına göz qoyacaq. Düzgün olmayan əmlak bölgüsünün nə qədər ağır nəticələrə gətirib çıxaracağını anlamaq çətin deyil. Bu cür ədalətsizliyi görüb susmaq günah və cinayətdir. Dövlətə və xalqa qarşı düşmənçilikdir. Torpaqlarını qanı bahasına alan xalq öz halal haqqı üçün vicdansız məmurlara qarşı da ermənilərə davrandığı kimi davransın? Bunumu istəyirlər?

Hörmətli Əli Müəllim!

Mütləq nəzərə alınmalıdır ki, 65%-i çeklərlə miras əmlak payı kimi xalqa qanunla vəd olunmuş orta və iri müəssisələrin Konstitusiya və qanunlara zidd olaraq ancaq PULLA özəlləşdirilməsi gələcəkdə yerli və xarici investorlar üçün böyük təhlükədir. Birincisi, bir milyon AZƏRBAYCAN VƏTƏNDAŞINA məxsus 65%-lik əmlakın qeyri-qanuni satışı ilə cinayətkar özəlləşdirmə belə davam edərsə, Ölkə daxilində VƏTƏNDAŞ QARŞIDURMASI QAÇILMAZDIR. İkincisi, bizim ŞİKAYƏTİN ARAŞDIRMASININ gecikdirilməsi AVROPADAN və başqa ölkələrdən AZƏRBAYCANDA İNVESTİSİYA adı ilə bu cinayətkar özəlləşdirmədə iştirak edən SAHİBKARLARA həm HÜQUQİ PORBLEM, həm də narazı VƏTƏNDAŞLAR TƏRƏFİNDƏN PROBLEMLƏR yaradacağını görməmək mümkün deyil. Milli Liderimiz Heydər Əliyevin Tarixi Sosial Ədalət Siyasətinin və Konstitusiyanın kobud şəkildə pozulması ilə yaradılan bu vəziyyət gələcəkdə ölkə daxili və ölkələr arası cox böyük siyasi problemlərin yaranmasının əsasını qoyur.

Konstitusiya və qanunlar bərabərlik hüququnu, hər bir vətəndaşın özəlləşdiriləcək dövlət əmlakında payının olduğunu (Heydər Əliyevin tarixi çıxışda da deyildiyi kimi) və hər bir əmlak payının qanunla inflyasiyadan qorunan əmlak ekvivalenti kimi hamı üçün eyni dəyərə malik olduğunu bir qayda olaraq təsdiqləyir. Buna baxmayaraq, sonradan bu qaydanın qanundan aşağı hüquqi aktlarla pozulduğunu bilirsiniz. Belə ki, bir vətəndaşın payı üçün 500 ABŞ dolları, başqası üçün 65 min ABŞ dolları əmlak ekvivalenti olan səhm verildi. Eyni müəssisənin kollektiv üzvlərinin payı 50 ABŞ dolları, ancaq həmin müəssisəni alan investor üçün 1 pay 1800 ABŞ dolları olaraq hesablandı. Bu səbəbdən də qanunda hər DÖÇ-lərə düşəcək əmlak ekvivalentinin qiyməti hesablanaraq açıq yazılmalıdır ki, belə ədalətsizlik bir daha təkrarlanmasın. Əmin olun ki, Xalqın yaddaşı heç nəyi unutmur!

Konstitusiya Məhkəməsinin hüququ pozması ilə aşağıdakı link vasitəsilə ətraflı tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/permalink/2109426446086988/

Xahiş edirik, diqqət edin!

Cənab Prezidentə Konstitusiya Məhkəməsi hakimlərinin etdiyi bu kobud səhvlər barədə məlumat veriləndən sonra cənab Prezidentin göstərişi ilə Prezident Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsi tərəfindən KM-nin Plenumunda işə baxılması ücün 04.03.2024-cü il tarixində 1-1-8/2-Kol-1362/3-019/3 N-li yeni məktub göndərilib. Bu məktuba qanunla 10 gün müddətində cavab verilməlidir. Xahiş edirik, siz də KM-də gedən proseslərlə maraqlanasınız.

Hörmətlə: Özəlləşdirmə Çekləri Qrupu

https://www.facebook.com/groups/668471343515846


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki