image-qanunla-reklam
image-baba12

Baba Vəziroğlu Elza Seyidcahanın AYB-yə üzv olmasından danışdı: “Mirzə Ələkbər Sabirin şeirlərini oxuyub necə gülürdük?”

image-lady-day-az

“Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsi var. Yaradıcılıqla məşğul olan hər bir kəs bu Nizamnamənin tələblərini yerinə yetirirsə, AYB-yə üzv ola bilər. Ərizə yazır, anket doldurur, çap olunmuş kitabını, ona verilən üç zəmanəti, hətta üç-dörd ölkədə çəkilmiş fotolarını təqdim edir, AYB-nin Komissiyası baxır, səs çoxluğu ilə layiq bilirlər, onu AYB-nin sıralarına götürürlər. Burada qeyri-adi heç nə yoxdur. Elza Seyidcahan gedib faşistlər partiyasının, yaxud təbiəti məhv edənlər cəmiyyətinin üzvü olmayıb ki, AYB-nin üzvü olub də. Şeir yazır. Elza Seyidcahanın şeirləri kiminsə xoşuna gələ də bilər, gəlməyə də. Bu, normal bir şeydir. Məşhur deyim var: yüz dollar deyil ki, hamının xoşuna gəlsin. Yaradıcılıq yaradıcılıqdır. Bəzən böyük bir şairə kimsə “şair” deyir, başqası isə deyir ki, o, ümumiyyətlə, şair deyil. “İki vurulsun iki” deyil ki, cavabı mütləq şəkildə dörd olsun. Yaradıcılıq elə sirri-xudadır ki, kiminsə ürəyinə toxuna bilirsən, kiminsə yox”.

Bu sözləri Qanunla.az-a müsahibəsində Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

B.Vəziroğlu “Elza Seyidcahanın şeirlərini dinləyrisinizmi?” sualına isə belə cavab verib: “Elza xanımın şeirlərini hərdən istər-istəməz eşidirəm. Çünki televiziyada, maşında gedərkən radioda səslənir, hərdən sosial şəbəkələrdə də rastıma çıxır. Baxıram ki, görüm qələm yoldaşım nə yazıb, maraqlıdır. Elza xanımın yazdığı şeirlər kimisə güldürürsə, deməli, yaradıcılıq var. Şeir budur ki, ya güldürməli, ya da ağlatmalıdır. Düşündürməli, kədərləndirməli, sevindirməlidir. Ən böyük dəhşət o olar ki, hamı o şeirə biganə qalar. Bu, faciədir. Onda həmin insan qələmi yerə qoymalı, ayrı işlə məşğul olmaldır. Amma bir insanın yazdığı bədii parçalar, şeirlər kimisə müxtəlif ovqatlara sala bilirsə, deməli, nəsə var. Elza Seyidcahanın şeirlərinə bəziləri qəzəblənir, əksəriyyəti gülür. Olsun də gülüş. Mirzə Ələkbər Sabirin şeirlərini oxuyub necə gülürdük? “Fəhlə, sən də özünü insanmı sanırsan?!”, “Kim nə deyər bizdə olan qeyrətə…” Mirzə Cəlilin əsərlərinin 90%-i gülməlidir. Deməli, bizi güldürə bilirsə, onda komediya aktyorlarının hamısını tutub həbsə ataq, ya sürgün edək ki, bizi güldürürlər? Elza xanımın şeirləri də insanları güldürür, burada nə var ki? İnsanlar var ki, əlli dənə kitabı çıxır, AYB-nin yox, lap dünya yazıçılar birliyinin üzvüdür, amma əsərləri heç sənin tükünü də tərpətmir, nə gülürsən, nə ağlayırsan. Heç nə, tamam biganəlik. Bax, faciə bundadır. Yaradıcılıq hər hansı formada insanların ürəyinə toxunursa, sevinc, kədər gətirirsə, deməli, onu oxumağa, dinləməyə dəyər. Elza xanım oğruluqla, mərdiməzarlıqla, ağac qırmaqla, məmurların çoxu kimi rüşvət almaqla məşğul deyil. Bəyəm nə edir ki? Şeir yazır də. AYB də şeir yazanların, ədəbiyyatla məşğul olanların ocağıdır. Elza xanım deyir ki, mən də bu ailənin üzvü olum. Burda nə qəbahət var? AYB ona nə etməlidir? Elza xanıma yazmağı öyrətməyəcək, pul yoxdur ki, pul verə, maşın yoxdur, maşın verə. İndi Sovetlər dövrünün Yazıçılar Birliyi yoxdur axı. Sadəcə, Elza xanımı AYB ailəsinə üzv qəbul ediblər. Ailələr kənardan yad uşaqları övladlığa götürmürlər? Əlində qələm olan bir adam bu ocağa gəlib deyirsə ki, mən də bu ailən üzvü olmaq istəyirəm. Cavabında deyirlər ki, xoş gəlmisən. Hər halda AYB-də Qəbul Komissiyası bütün parametrlərə baxıb, görüb ki, Elza xanım bu ailənin üzvü olmağa layiqdir və qərar qəbul ediblər. Elza xanımı təbrik edirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki