image-qanunla-reklam
image-1664354665-dsc_0223

Olimpiya mükafatçısı “Judo Club 2012” ilə müqavilə imzaladı

image-lady-day-az

Tanınmış cüdoçu, əslən Cənubi Azərbaycanın Urmiya şəhərindən olan soydaşımız, Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionu, milli komandamızın üzvü Səid Mollayi bundan sonra idman karyerasını “Judo Club 2012”də davam etdirəcək. İdmançı ilə klub arasında müqavilənin imzalanması mərasimində Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, Federasiya prezidentinin müşaviri Natiq Bağırov, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov, klubun icraçı direktoru Mübariz Cəfərov iştirak ediblər. 

“Qanunla.az” xəbər verir ki, Səid Mollayinin otuz yaşı var, on yaşından cüdo ilə məşğuldur. O, milli komandamızın heyətində bu il iki mötəbər yarışda –  Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Böyük dəbilqə”, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Beynəlxalq Cüdo Federasiyasının qran-pri yarışlarında iştirak edib və hər ikisində gümüş medal qazanıb.

ACF-nin vitse-prezidenti Elnur Məmmədli bu barədə məlumat verərkən  deyib ki, Azərbaycan bayrağı altında çıxış etmək Səidin ən böyük arzusu olub. “Federasiyanın rəhbərliyi ona bu arzusunu gerçəkləşdirmək imkanı yaradıb və milli komandanın tərkibinə daxil edib. Səidlə bağlı böyük planlarımız var, onun ölkəmizdə də karyerasının uğurla olacağına inanırıq,” – deyən E.Məmmədli idmançının “Judo Club 2012” ilə əməkdaşlığının həm onun idman karyerasına, həm də Azərbaycan cüdosunun inkişafına çox müsbət təsir göstərəcəyini bildirib.

ACF prezidentinin müşaviri Natiq Bağırov da  hazırda  milli komandanın liderləridən olan Səid Mollayinin qərarını yüksək qiymətləndirib.

Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, klubun təsisçisi  Azər Əsgərov  Olimpiya mükafatçısı Səid Mollayinin “Judo Club 2012”ni seçməsini çox sevindirici hal kimi dəyərləndirib.

Müqavilə imzalandıqdan sonra ACF rəsmilərinin və Olimpiya mükafatçısı Səid Mollayinin “Judo Club 2012”nin məşqçi heyəti və idmançıları görüşü keçilib və xatirə şəkli çəkdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki