image-qanunla-reklam
image-cek

Konstitusiya Məhkəməsində İLK DƏFƏ – Bütün insanlar həyacanlıdır!

image-lady-day-az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün 11.09.2023 tarixdə PA-nın Vətəndaşların qəbulu şöbəsinin müdiri Süleyman İsmayılov tərəfindən Konstitusiyaya Məhkəməsinə göndərilmiş 1-1-23/2-KOL-1362/2-019/2-t/1/2023 n-li məktub 12.09.2023-cü il tarixində Konstitusiya Məhkəməsində 1483 N-li qeydiyyata alınmışdır. Eyni zamanda PA Rəhbəri Samir Nuriyevin tapşırığı ilə Administrasiyanın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdir müavini Gülnar Rəsulova tərəfindən eyniməzmunlu 2-ci 1-1-10/2-KOL-1362/3-019/3/2023 n-li məktub KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ göndərilmişdir və Konstitusiya Məhkəməsində 1518 N-li qeydiyyata alınmışdır.

Sözügedən şikayətlə bağlı vətəndaşların hüquqi nümayəndəsi, vəkil Mübariz Yolçuyev Konstitusiya Məhkəməsi aparatının vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərovla görüşüb. Görüş çərçivəsində vətəndaşların narazılıqlarını və tələblərini şöbə müdirinin diqqətinə çatdıran vəkil bildirib ki, Anar Cəfərov prosedur qaydaları barədə məlumat verdikdən sonra bu prosesin diqqətlə və ən yüksək səviyyədə araşdırıldığını, müzakirələrin davam etdiyini bildirdi. O qeyd edib ki, oktyabr ayının sonuna kimi bu məsələ ilə bağlı qərarın qəbul olunacağı gözlənilir.

Nəzərə alaq ki, Konstitusiya Məhkəməsinin və ümumilikdə müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, həm Prezident Administrasiyası, həm də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.

Bununla yanaşı, son dövrlər ölkənin tanınmış ziyalıları, Milli Məclisin deputatları, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, iqtisadçılar, hüquqşünaslar, əmlak ekspertləri ölkə rəhbərliyinə müraciət edərək, tarixi ədalətin bərpa olunmasını, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsini tələb edirlər. Çünki özəlləşdirmə çeklərinə düşən inflyasiyadan qorunan əmlak payı ekvivalenti qədər vətəndaşlara kompensasiya verilmədən 12 ildir özəlləşdirmənin aparılması Konstitusiya və qanunlara tam ziddir. Halbuki özəlləşdirmə prosesinin uzun müddət çəkə biləcəyini nəzərə alaraq, Ulu Öndər bu əmlak paylarını qanunla inflyasiyadan qorunan mülkiyyət payı kimi verdi.

Çünki Mərhum Prezident Heydər Əliyev 1996-cı ilin martında özəlləşdirmənin həyata keçirilməsini və bu prosesdə özəlləşdiriləcək dövlət mülkiyyətinin bir hissəsinin əhaliyə əvəzsiz verilməsini təmin etmək məqsədi ilə fərman imzalamışdı. Həmin fərmana əsasən, 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilmişdi. Hələ 1997-ci ildə Əmlak Komitəsi hər Özəlləşdirmə Payına ( 4 çek) düşən dövlət əmlak ekvalentinin ən azı 2000$ olduğunu öz 222 N-li əmri ilə təsdiqlədi. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi.

Ulu Öndər Heydər Əliyevin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün Qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir. Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq 35%-nin pulla satışını həyata keçirə bilər.

Yuxarıda qeyd etdiyimiz əksər ziyalıların, deputatların, YAP üzvlərinin və digər ictimai nüfuzlu şəxslərin özəlləşdirmə çekləri ilə bağlı təəssüratlarını təqdim edirik:

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, özəlləşdirmə çeklərinə malik olan şəxslərin hüquqlarının təminatı üçün Konstitusiya Məhkəməsinə müraciət etməsi başadüşüləndir:

“Tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. İstər hüquqi, istərsə də taktiki məsələlərdə Konstitusiya Məhkəməsi səviyyəsində hüquqi təsvirə ehtiyac olan mövzular var. Bu yöndə müraciət edən şəxslər əsasən, konkret arqumentlərlə çıxış edirlər. Nəzərə almalıyıq ki, insanlar hökumətin konkret strukturlarının çağırışlarına inanıblar və buna uyğun hərəkət ediblər. Bu, maliyyə məkanındakı siyasət qədər önəmlidir. Çeklər vətəndaşların iqtisadi hüququnun ayrılmaz hissəsidir. Ona görə də özəlləşdirmə çekləri ilə bağlı məsələ parlament və iqtisadi bloku təmsil edən hökumət qurumları tərəfindən ümumi nəzarətə götürülə bilər. Sosial Tədqiqatlar Mərkəzinin təmsilçisi kimi deyə bilərəm ki, bu istiqamətdə çağırışlar və tələblər var. Ona görə də özəlləşdirmə çekləri ilə bağlı məsələyə laqeyd yanaşmaq doğru deyil”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov hesab edir ki, bu gün müxtəlif variantlarla özəlləşdirmə çeklərinin real və nominal dəyərini müəyyən etmək olar:

“Nominal olaraq I Dövlət Proqramının 3-cü bölməsinin 6-cı abzasında deyilir ki, “Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir, çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32 000 000 hissəsidir”. Bu, o deməkdir ki, hər bir dövlət özəlləşdirmə payına düşən əmlak dəyəri inflaysiyanın da təsirindən qorunan maddi ekvivalentə malikdir. Dövlət Əmlak Komitəsinin 12.12.1997-ci il tarixli 222 saylı Əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19.12.1997-ci ildə 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı “Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi” haqqında Qaydalarına əsasən, bu nominal dəyəri hesablamaq mümkündür. Belə ki, həmin Qaydaların 2-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faizi miqdarında, lakin 2000 manatdan az olmamaq şərti ilə müəyyən edilir”. 1997-ci ildə dövlət özəlləşdirmə payları (çekləri) veriləndən sonra xarici investorların iştirak etməsi üçün opsionların qiymətini təyin edən DƏK-in 1997-ci il tarixli 222 saylı əmrindən belə məlum olur ki, Ulu Öndərin hər vətəndaşa verdiyi hər bir dövlət özəlləşdirmə çekinin nominal dəyəri 500 Amerika Birləşmiş Ştatları dolları, hər bir payda 4 çekin olduğunu nəzərə alsaq, bir payın dəyəri isə 2000 Amerika Birləşmiş Ştatları dolları olub. Dövlətin iqtisadi siyasəti onun qəbul etdiyi qanunlarla tənzimlənir.

Real dəyər olaraq dövlətin ümumi özəlləşdirilə biləcək əmlaklarının dəyəri 200 milyard manatdırsa, bunun 65 faizini götürsək, 130 milyard manat vəsait edir. Bu gün təxminən 1 milyon 600 min özəlləşdirmə payı əllərdədir (Hər payda 4 ədəd özəlləşdirmə çeki var) və istifadə olunmayıb. Bu isə 81 min manat real əmək ekvivalenti edir. Yəni hazırda hər dövlət özəlləşdirmə payına düşən əmlak ekvivalentinin real dəyəri 81 000 manatdır”.

Hüquqşünas, sabiq millət vəkili Çingiz Qənizadəyə görə, çeklər mülkiyyət hüququ əldə etmək üçün bir sənəddir. Mülkiyyət hüququna sahib olmaq üçün verilmiş qiymətli kağız “ölə”, müddətlə tənzimlənə bilməz:

“Əgər əlində çek qalmış vətəndaşların sayı yüzminlərlədirsə, 2011-ci ildəki qanunvericiliyə yenidən baxılmalıdır. Vətəndaşlara həmin çeklərdən sərbəst istifadə etmək hüququ verilməlidir. 2011-ci ildə dayandırılan fəaliyyət yenidən bərpa olunmalıdır. İnsanların özəlləşdirmə çekləri üzərində sərəncam vermək hüququ təmin edilməlidir ki, bundan istifadə etsinlər. Bu baxımdan Konstitusiya Məhkəməsinin doğru qərar verəcəyinə inanıram”.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun sözlərinə görə, bu məsələdə yüzminlərlə vətəndaşın hüquqları pozulub:

“Hökumət çeklərin tədavül müddətinin artırılmasına təşviq edilməlidir. Problem mütləq mənada zərərçəkmiş vətəndaşların xeyrinə həll olunmalıdır. Mən çeklərin əvəzinə pul deyil, özəlləşdirmədə pay sahibi olunmasının tərəfdarıyam. Çünki mülkiyyət hüququndan istifadə edən vətəndaşlar daimi qazanc əldə etmək imkanı əldə edəcəklər. Ümidliyəm ki, Konstitusiya Məhkəməsi doğru addım atacaq”.

“Tərəqqi və Demokratiya” İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu qeyd edib ki, əlində çekləri qalan şəxslərin dövlətə inamını bərpa etmək üçün kompleks tədbirlərin görülməsinə ehtiyac var:

“Çeklər yenidən tədavülə buraxılmalı və ya vətəndaşlara sahib olduqları çekin sayı müqabilində kompensasiya ödənilməlidir. İnanıram ki, builki “Heydər Əliyev İli”ndə doğru qərar veriləcək və vətəndaşların Konstitusiya Məhkəməsinə ünvanladığı müraciətə müsbət cavab veriləcək”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı vurğulayıb ki, çekləri əllərində qalan vətəndaşların fayda götürəcəyi bir mexanizm işlənib hazırlanmalıdır:

“Bu gün sahib olduğu çeklərini saxlayan pay sahiblərinin sayı yüzminlərlədir. Şərait yaradılmalıdır ki, vətəndaşlar dövlət qayğısının təzahürü olan paylarından istifadə edə bilsinlər. Müvafiq qurumlar iqtisadçı ekspertlərlə birlikdə bu mexanizmi hazırlayaraq hökumətə təqdim etməlidirlər”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, özəlləşdirmə çekləri qanunvericiliyə uyğun olaraq vətəndaşlara verilibsə və ləğvi barədə rəsmi qanun qəbul edilməyibsə, bu halda sözügedən çeklər hələ də qüvvədədir:

“Özəlləşdirmə çeklərinin etibarsız hesab olunması ilə bağlı qanun mövcud deyil. Yəni özəlləşdirmə çekləri hələ də etibarlı sayılır. Mövcud vəziyyətdə əlində çeki qalan vətəndaşların etirazı başadüşüləndir. Bu şəxslərin hüquqlarının qorunması üçün yeni qərarın qəbul edilməsinə ehtiyac var. Özəlləşdirmə çekləri ilə bağlı atılan addım ölkənin qanunvericiliyi və vətəndaşların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca müsbət hal ola bilər. Ona görə də Konstitusiya Məhkəməsinin qərarını gözləməyə dəyər”.

Azərbaycanın görkəmli sənətkarı olan Akif İslamzadəyə görə, özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması labüddür:

“Çox təəssüf ki, bu proses də effektiv təşkil edilmədi. Ən azından yüzminlərlə vətəndaş hələ də gözləyir. Deməli, onların ümidləri var. Vətəndaşın ümidini doğrultmaq lazımdır. Bu baxımdan hesab edirəm ki, Konstitusiya Məhkəməsinə müraciət edən vətəndaşların səsinə səs veriləcək”.

Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Sübhan Əliyev qeyd edib ki, özəlləşdirmə çekləri vətəndaşlara qanunla verilib və bu gün heç kim qanunu poza bilməz:

“Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda özəlləşdirmə prosesi başlamadan öncə xarici təcrübənin neqativ hallarının aradan qaldırılması üçün xüsusi komissiya yaradılmışdı. Bu səbəbdən 1995-ci ildə “Dövlət Özəlləşdirmə Proqramı” qəbul olunanda bütün özəlləşdiriləcək orta və iri müəssisələrin ən azı 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə həyata keçirilməsi dövlət tərəfindən qanunla qoyulmuş qayda ilə tənzimlənib. Eyni zamanda özəlləşdirmə çeklərinin çıxarılmasına əsas olan özəlləşdirmə payları inflyasiyadan qorunan dövlət əmlak payı kimi qəbul olundu. Dövlət yalnız ona məxsus olan 35 faizlik hissəni pulla sata bilər. Digər 65 faizlik hissə isə ancaq və ancaq Konstitusiya və qanunlara əsasən verilə bilər. Heç kim Konstitusiyaya zidd olaraq, qanunla vətəndaşlara verilən özəlləşdirmə çekləri ilə bağlı onların hüquqlarını, o cümlədən dövlət öhdəliklərini poza bilməz”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc bildirib ki, özəlləşdirmə çeklərindən istifadə etmək iqtidarında olan, investisiya prosesində payçılıq və iştirakçılıq hüququnu dəyərləndirə bilən insanların sayı artıb. Ona görə də bu prosesə yenidən baxılmalı və istifadəsiz qalan 6 milyondan çox özəlləşdirmə çekinin istifadəsi bərpa olunmalıdır:

“Əlində özəlləşdirmə çeki qalmış insanların hüquqları müdafiə olunmalı və onlara kompensasiya ödənilməlidir. Vətəndaşın hüququ tapdanırsa, konkret addımlarla mövcud ədalətsizlik aradan qaldırılmalıdır. Çünki çeki olan şəxsin hansısa müəssisənin özəlləşdirilməsində pay sahibi olmaq hüququ var”.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının üzvü Rəşad Abbasovun fikrincə, Ulu Öndərin imzası ilə paylanmış çeklərin hansısa formada istifadəsinə imkan yaradılması arzuolunandır:

“Bir sıra hüquqşünas alimlərin araşdırmasına görə, özəlləşdirmə çekləri müddətsiz idi və tədavülünün dayandırılması qanunaziddir. O vaxtı bizə də özəlləşdirmə çekləri verilmişdi. Lakin bu çeklərdən istifadə edə bilmədik. Hesab edirəm ki, indiki məqamda özəlləşdirmə çeklərinin yenidən tədavülünə ehtiyac var. Bu, sosial vəziyyətin yaxşılaşması ilə yanaşı, iqtisadi inkişafa da müsbət təsir edə bilər”.

Bakı Dövlət Universitetinin mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlıya görə, özəlləşdirmə çeklərinin mülkiyyət hüququna malik olması qanunla təsdiqlənib:

“Vauçerlər dövlət özəlləşdirmə paylarıdır və vətəndaşlara dövlət əmlakının bir hissəsi olaraq verilmişdi. Sovet hökuməti dövründə xalqın əmlakı sayılırdı. Sosializm quruluşundan sonra əmlak bir növ xalqın özünə qaytarılıb. Bu isə mülkiyyətdir. Özəlləşdirmə çekləri məsələsində də mülkiyyət hüququ açıq şəkildə ifadə olunur”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, YAP-çı deputat Məlahət İbrahimqızı hesab edir ki, əllərdə qalmış yüzminlərlə özəlləşdirmə çeklərinin taleyinə aydınlıq gətirilməlidir:

“İqtisadiyyat Nazirliyi, onun ayrı-ayrı strukturları, Əmlak Məsələləri Dövlət Xidməti və aidiyyəti qurumlar bu problemin həll olunması istiqamətində təkliflər planı təqdim etməlidir. Çünki bu, bilavasitə onların səlahiyyətinə aid olan məsələdir. Nəzərə almaq lazımdır ki, bu, sadə məsələ deyil və həll olunması zaman tələb edir. Ola bilər ki, mərhələli şəkildə, yaxud da kompensasiya ödənilməsi formasında bu problem öz həllini tapsın. Bir deputat kimi bu problemin tezliklə həll olunmasının tərəfdarıyam. İnanıram ki, bu istiqamətdə də müsbət yeniliklərin şahidi olacağıq”.

Özəlləşdirmə çeklərinin alqı-satqı məsələsinə toxunan Vəkillər Kollegiyasının üzvü, “Prospekt” Vəkil Bürosunun müdiri Həbib Əliyevin sözlərinə görə, çekləri yalnız maraq naminə almaq və ya satmaq yolveriləndir:

“Bir hüquqşünas kimi vətəndaşların tez bir zamanda sevindirici xəbər alacağına inanıram. Bu səbəbdən heç kimin 25 ildir ümidlə saxladığı özəlləşdirmə çeklərini satmasını tövsiyə etmirəm”.

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi sədri İlqar Hüseynli isə qeyd edib ki, özəlləşdirmə çekləri müddətsizdir və onun tədavülü ilə bağlı müddət qoyulmamalı idi:

“Hər biri 4 paydan ibarət olan özəlləşdirmə çeklərinin real qiyməti ortaya qoyulmalı və bu çeklərin yenidən istifadəsinə şərait yaradılmalıdır. Vətəndaşların mülkiyyət hüquqlarının pozulmasının qarşısını almaq üçün müvafiq addımlar atılmalıdır. Bu baxımdan Konstitusiya Məhkəməsi ona ünvanlanan müraciəti düzgün araşdırmalı və məntiqli qərar qəbul etməlidir”.

Milli Cəbhə Partiyasının və “Region Beynəlxalq Analitik Mərkəzi”nin (RBAM) sədri, deputat Razi Nurullayev çağırış edərək bildirib ki, insanlar haqlı olaraq çox narahatdır və dəfələrlə müxtəlif instansiyalara müraciət edirlər. Amma, onların səsinə səs verən yoxdur:

“Bu sahədə fəaliyyət göstərən təşkilatların, fəalların və aidiyyatı hökumət strukturlarının iştirakı ilə müzakirələrin keçirilməsi vacibdir. Özəlləşdirmə çekləri 1996-cı ildə mərhum Prezident Heydər Əliyev tərəfindən 450 nömrəli fərman ilə 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına əmlak payı olaraq verilib. Hardasa, 1 milyon 600 mindən çox özəlləşdirmə çeki ayrı-ayrı vətəndaşlarda saxlanılır. 7 ədəd özəlləşdirmə çeki də mənim evimdədir. Çek sahibləri bir neçə maddə üzrə konstitusiya hüquqlarının pozulduğunu deyirlər və Konstitusiya Məhkəməsinə də məktub ünvanlayıblar. Oxşar məktublar bir neçə millət vəkili tərəfindən eyni quruma ünvanlanıb. Özəlləşdirmə çekləri dövlətin vətəndaşlara verdiyi paydır. Bir sıra millət vəkilləri də vətəndaşların narazılığının aradan qaldırılmasının tərəfdarıdırlar”.

Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi, “Şöhrət” ordenli Səadət Bənənyarlı bildirib ki, müvafiq qurumlar özəlləşdirmə çekləri əllərində qalan vətəndaşlarla bağlı araşdırmalara başlamalıdır:

“Bu gün çekləri əllərində qalan vətəndaşlar üçün “qapıları bağlamaq” doğru yanaşma deyil: “Çünki bu, vətəndaşların konstitusion hüququdur. Onlara təqdim olunan çeklərin ya tədavül müddətini artırmaqla bazara çıxarılmasına şərait yaradılmalı, ya da müvafiq kompensasiya ödənilməlidir”.

Vauçerlərin yenidən dövriyyəyə buraxılması məsələsinin aktuallaşdığını bildirən millət vəkili, Ali Məhkəmənin keçmiş rəhbəri Tahir Kərimliyə görə, minlərlə insanın mülkiyyət hüququ pozulub:

“Ziyalıların yekdil fikri bundan ibarətdir ki, özəlləşdirmə çeklərinin tədavül müddəti yenidən artırılmalı və zərər görmüş vətəndaşlara kompensasiya ödənilməlidir. Elə qanun qəbul etməliyik ki, vauçer sahibləri özəlləşmədən faydalana bilsinlər. Problemin müsbət həllinin tərəfdarıyam. Dövlətimizin buna imkanı çatır. Xüsusi qərarla, Neft Fondundan maliyyə ayırmaqla həmin vətəndaşlarımızın pozulmuş haqqı təmin oluna bilər”.

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid vurğulayıb ki, özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılacağına ümid edir:

“Müşahidələrimə rəğmən deyə bilərəm ki, bu gün sosial mediada bununla bağlı səhifələr mövcuddur. Mətbuatda və internet xəbər resurslarında çoxsaylı məqalələr dərc olunur. Arzu edərdim ki, tədavül müddəti yenidən artırılsın. Bu, baş verərsə, yüzminlərlə vətəndaşın hüquqları bərpa edilmiş olar”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, YAP İdarə Heyətinin üzvü, professor Anar İsgəndərov bildirib ki, Ulu öndər Heydər Əliyevin əhalinin özəlləşdirmə prosesində iştirakının təmin olunması ilə bağlı qərarı mütərəqqi adım olmaqla yanaşı, dövlətin vətəndaşına verdiyi yüksək dəyərin ifadəsi idi:

“Özəlləşdirmə çekləri əllərində qalan xeyli sayda vətəndaş var və bu məsələyə məntiqi yekun vurulmalıdır. Ümumilli lider Heydər Əliyevin xeyir-duası ilə onlara təqdim olunan özəlləşdirmə paylarının yenidən dövriyyəyə qaytarılması və yaxud kompensasiya ödənilməsi “Heydər Əliyev İli”ndə vətəndaşlarımıza bayram sevinci yaşadar. Son qərarı Konstitusiya Məhkəməsi verəcək və əminəm ki, ədalətli qərar olacaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev vurğulayıb ki, özəlləşdirmə çekləri ilə bağlı məsələ diqqətdən kənarda qala bilməz:

“Yaxşı olardı ki, Nazirlər Kabineti səviyyəsində problem öz həllini tapsın. Hökumət bu istiqamətdə hərəkətə keçməlidir. Azərbaycan hökuməti özəlləşdirmə çekləri ilə bağlı Qanunun tələblərinə əməl etməlidir. Həm parlamentdə, həm də ölkə ziyalıları tərəfindən özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması, yaxud da dəyən zərərin kompensasiya şəklində ödənilməsi ilə bağlı rəsmi dairələrə çağırışlar edilir. Vauçerləri əlində qalan vətəndaşlar da müvafiq qurumlara müraciətlər edirlər. Hesab edirəm ki, hər şey hökumətin qərarından asılıdır. Elə qərar vermək lazımdır ki, yüzminlərlə vətəndaşın hüquqları bərpa edilsin”.

Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev qeyd edib ki, bu gün yüzminlərlə insan hələ də o vauçerləri evində ümidlə saxlayır:

“Ortada vətəndaşların hüquqlarının pozulması müzakirə mövzusudursa, bu halda tədavül müddəti artırılmalı və bununla yüzminlərlə insanın hüquqlarının pozulmasına son qoyulmalıdır. Problem ən qısa müddətdə öz həllini tapmalıdır”.

Məsələ ilə bağlı sabiq deputat Gülər Əhmədova düşünür ki, özəlləşdirmə çekləri ilə bağlı problem indiki kimi öz aktuallığını qoruyub saxlasa, vətəndaşlar istədikləri nəticəni tezliklə əldə edə biləcəklər:

“Vətəndaşları narahat edən bu problemin tezliklə həll olunacağına inanıram. Əgər mövzu parlamentdə müzakirəyə çıxarılarsa, vətəndaşların hüququ daha yaxşı qorunacaq. Bu baxımdan parlamentin iclaslarında deputatlar aktivlik nümayiş etdirməli və məsələnin daha da qabardılmasına təkan verməlidirlər. Çek sahiblərinin müvafiq qurumlara və Konstitusiya Məhkəməsi müraciəti təqdirəlayiqdir. Ümid edirəm ki, vətəndaşların gözlədiyi xoş xəbər tezliklə açıqlanacaq. Unutmaq olmaz ki, vətəndaşların hüquqlarının tapdanması bir cinayətdir”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, YAP yetkilisi Aydın Mirzəzadəyə görə, ümummilli liderimiz Heydər Əliyevin digər fərmanları kimi, bu fərmanı da vətəndaşların mənafeyinin qorunmasına xidmət edirdi. Ona görə də mövcud problem tezliklə həll olunmalıdır:

“Bu gün vətəndaşların özü və ya onların adından bir qrup dövlət başçısına, müvafiq qurumlara müraciət ünvanlayıblar. Vətəndaşların rəsmi müraciətindən sonra bu məsələnin araşdırılması mümkündür. Ümid edirəm ki, onların da problemi öz müsbət həllini tapacaq”.

Hüquq elmləri magistri, Milli Məclisdə Gənclər və İdman komitəsinin üzvü, deputat Jalə Əhmədova qeyd edib ki, özəlləşdirmə çekləri ilə bağlı problemə görə vətəndaşlardan daim müraciətlər alır və aidiyyatı komitəyə yönləndirilir:

“Hazırda bu məsələ üzərində çalışmalar davam edir. Yaxın gələcəkdə çeklərlə bağlı məsələ öz həllini tapacaq və ictimaiyyətə məlumat veriləcək. Bu problemin həllində parlament də maraqlıdır. Çünki parlamentə müraciət edənlərin sayı kifayət qədər çoxdur. Bu isə o deməkdir ki, məsələnin həll olunması vacibdir. Əmin ola bilərsiniz ki, bu məsələ öz həllini tapacaq”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadəyə görə, bu vauçerlər qiymətli dövlət kağızıdır və onların istifadəsinə şərait yaradılmalıdır:

“Müharibə veteranları və təqaüdçülərin Konstitusiya Məhkəməsinə müraciət etmələrindən xəbərdaram. Vətəndaşlardan mənə də müraciət daxil olub və onu Konstitusiya Məhkəməsinə ünvanlamışam. Tamamilə haqlı vurğulanır ki, fərdi şəkildə bu problemin həlli mümkün deyil. Bu səbəbdən Konstitusiya Məhkəməsi bununla bağlı qərar verməlidir. Milli Məclisin deputatı, partiya rəhbəri olaraq Konstitusiya Məhkəməsindən xahiş edirəm ki, pay sahiblərinin haqlarını təmin etsinlər. İnanıram ki, belə də olacaq. Aidiyyəti qurumlar da problemin müsbət mənada həllinə öz töhfəsini verməli, bu istiqamətdə aktiv fəaliyyətə keçməlidir”.

Son olaraq Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü, vəkil Mübariz Yolçiyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyində bu məsələ öz həllini tapa bilər:

“Bu gün müxtəlif variantlarla özəlləşdirmə çeklərinin real və nominal dəyərini müəyyən edə bilərik. Real dəyər olaraq dövlətin ümumi özəlləşdirilə biləcək əmlaklarının dəyəri 200 milyard manatdırsa, I və II Dövlət Proqramlarına görə əmlakların 65 faizi özəlləşdirmə çekləri vasitəsilə vətəndaşlara verilməlidir. 200 milyardın 65 faizini götürsək, hardasa 125-130 milyard manat vəsait olur. Bu gün təxminən 6 milyon özəlləşdirmə çekləri əllərdədir. Bu baxımdan 125 milyardı 6 milyona bölsək, hər özəlləşdirmə çekinə düşə biləcək dəyər 50-60 min manatdır. Digər tərəfdən, 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb. Bu əmr vasitəsilə çeklərin nominal dəyərini hesablaya bilərik. Bu gün özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması fərmanla baş tutub, halbuki bu məsələ qanunla tənzimlənir. Ona görə də özəlləşdirmə çeklərin tədavülünün dayandırılması doğru yanaşma deyil”.

Ali Məhkəmənin keçmiş rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Tahir Kərimliyə görə, Qanunvericilik və hökumətin bu problemi həll etmək üçün imkanları var:

“Bu mənada dəymiş zərərin kompensasiya olunması və ya tədavül müddətinin artırılması ilə bağlı təşəbbüsləri dəstəkləyirəm. Baş Prokurorluq yanında bu məsələləri araşdıran xüsusi bir komissiyaya ehtiyac var. Milli Məclisin iclasında Qarabağda həyata keçiriləcək özəlləşdirmə prosesi ilə bağlı çıxış edərkən bu məsələni gündəmə gətirdim. Qeyd etdim ki, keçmişdə aparılan özəlləşmədən dərs almalı, nəticə çıxartmalıyıq. Qüsurları yenidən təkrar etməməliyik. Minlərlə insanın mülkiyyət hüququ pozulub”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədova görə, sözügedən problemlə bağlı geniş müzakirələr aparılır və güman olunur ki, yaxın vaxtlarda konkret fəaliyyət planı təsdiq ediləcək:

“İnsanların əllərində qalan özəlləşdirmə çekləri istifadəyə buraxılmalı, bunun üçün müvafiq qərar verilməlidir. Hesab edirəm ki, vətəndaşların əlində qalan vauçerlər istifadə olunmalıdır. Yəni, bu, onların hüququdur və heç kim bu hüququ poza bilməz. Yaxın gələcəkdə bəzi dövlət qurumlarının özəlləşdirməyə çıxarılması nəzərdə tutulur. Bununla bağlı müəyyən addımlar atılır. Xüsusən gəlir gətirməyən dövlət şirkətlərinin özəl idarəetməyə verilməsi nəzərdə tutulur. Gələcəkdə bu vauçerlərdən həmin qurumların özəlləşdirilməsi zamanı istifadə oluna bilər”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, YAP-çı deputat Azər Badamov vurğulayıb ki, onun Konstitusiya Məhkəməsindən gözləntiləri böyükdür:

“Özəlləşdirmə paylarının tədavülə qaytarılması əlində çeki qalan vətəndaşlar üçün unikal imkandır. Azərbaycan hökumətinin bunu həyata keçirməyə imkanı yetdiyi qənaətindəyəm. İnanıram ki, Konstitusiya Məhkəməsi müharibə veteranları, təqaüdçülər, özəlləşdirmə payları əlində qalan vətəndaşlar və biz deputatların çağırışlarını nəzərə alaraq, tarixi ədaləti bərpa edəcək”.

Xüsusi Qeyd: Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri QANUNLA verilib! Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Sonda statistikadan məlumdur ki, 1 ildə yaşlı insanların 1%-i ölür. 25 ildir dövlətçiliyimizə, Ulu Öndər Heydər Əliyevin imzasını daşıyan Konstitusiya və qanunlarımıza inanaraq özəlləşdirmə paylarını ümidlə saxlayan bir milyon vətəndaşdan hər il 10 000-i ölür və deməli, hər gün öz halal miras əmlak haqqını ala bilmədən 30 vətəndaş ölür. Qarabağ müharibəsində heç bu qədər insan ölməyib. Bu, çox acnacaqlı bir haldır. “İnsanlar haqqını tələb etməlidir və necə tələb etməyi bacarmalıdır” – bu, Cənab Prezidentin sözləridir. Biz əslində həm xalqın haqqını, həm də Prezidentin ləyaqətini müdafiə edirik.

Özəlləşdirmə Payları (çekləri) ilə bağlı Konstitusiya Məhkəməsinin müraciətlərə münasibət bildirməsini xahiş edirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki