image-qanunla-reklam
image-7690103f-ece3-36ad-8e56-f74b80ed7581_850

Yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq

image-lady-day-az

Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi.

Tarixi Zəfərimizdən sonra Azərbaycanın imza atdığı digər qələbələr də ölkəmizin bu sahəyə diqət və qayğısını nümayiş etdirdi. Ötən ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata keçirdikləri bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması da bunun bariz nümunəsidir. Cənab İlham Əliyev andiçmə mərasimində birdaha bu kimi məsələlərə diqqəti yönəldərək bildirdi ki,  bir çox ölkələr bu gün hərbi sahəyə diqqət yetirməyə başlamışlar. Biz isə bunu artıq 20 ildən çoxdur ki edirik və bu gün bizdə əldə edilmiş təcrübə, o cümlədən döyüş təcrübəsi əvəzolunmazdır.  Ordumuz təlimlərdə paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər ölkəmizə  qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. Bu, bir daha onu deməyə əsas verir ki, ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi əsas vəzifədir: “Bu gün onu da bildirməliyəm ki, bir çox ölkələr üçün bu, əsas vəzifə kimi artıq qəbul olunub, onların hərbi doktrinalarında, onların büdcə xərclərində və digər addımlarda da bunu əyani şəkildə görmək olur. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Ordumuz döyüş meydanında öz gücünü göstərib, Ordumuzda çox yüksək mənəvi ruh var, bizim peşəkarlığımız artır və biz Ermənistanı döyüş meydanında məğlub etmişik. Ona görə bu amil həmişə mövcud olacaq.” Cənab İlham Əliyev nitqində bu hədəfi də açıqladı ki, neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik: “Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar. Bu gün qürurla yeni dövrün yeni hədəflərindən bəhs edirik. Bu yeni dövrün müəllifi qalib Prezidentimizdir. Cənab İlham Əliyev nitqində böyük inamla qeyd etdi ki, indi  yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi: “Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.” Əsas olan budur ki, biz məğrur, öz tarixinə sahib çıxan, bir qarış belə torpağını düşmənə verməyən, mübarizəsindən geri dönməyən xalq olduğumuzu nümayiş etdirdik. Bu qürur qarşıdakı dövr üçün stimulverici amil rolunu oynayır. Son üç ildən artıq dövrün  uğurları bunu deməyə əsas verir. Dövlət başçısı İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi hər birimiz üçün böyük qürurdur.  30 il işğal altında qalan, amma heç zaman əyilməyən, qürurunu sındırmayan torpaqlarımız bu kimi  qürurverici, özündə böyük siyasi və rəmzi mənanı əks etdirən  hadisələrin yaşanmasından sevinclidir.

Jalə Kərimli – Zərdab Gənclər Evi Sosial Xidmət müəssisəsinin direktoru

 

 

Yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq.

Fevralın 14-də Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi daha çox öz xalqı ilə üz-üzə edilmiş səmimi söhbətə bənzəyirdi. Milli Məclisin tribunasından çıxış edən Prezident sanki öz xalqına həm hesabat verir, narahatçılıq doğan məqamları səsləndirir və həm də gələcəklə bağlı niyyətlərini qeyd edirdi. Ailə başçısı öz övladları ilə səmimi söhbət edirmiş, onlara nəsihətlər verirmiş kimi sanki böyük bir ailənin üzvləri sevincli günü bir yerdə qeyd edirdilər. Azərbaycan mentallığının gözəlliyi və üstünlüyü budur. Milli birliyin kökündə duran dəyərlər budur. Təsadüfi deyil ki, Prezident andiçmə mərasimi zamanı əlini müqəddəs “Qurani-Şərif”ə basaraq məhz bu sözləri dedi: “Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.” İnsanların diqqətini həqiqətdən uzaqlaşdıran, daha çox əyləncəli şouya bənzəyən və keçirilməsi üçün fantastik maliyyə vəsaitləri ayrılan Qərb ölkələrində təşkil olunan andiçmə mərasimlərindən fərqli olaraq Prezident İlham Əliyevin andiçmə mərasimi yenə də öz təvazökarlığı ilə seçildi. Yalnız mənəvi kasıblıq və düşüncə kasadlığı səbəb ola bilər ki, Prezidentin təvazökarlığının növbəti təzahürü olan bu cür andiçmə mərasimi “gizli mərasim” kimi dəyərləndirilsin. Bəzilərinin özləri üçün örnək hesab etdikləri ABŞ-da təşkil olunan inauqurasiya mərasimlərini xatırlayaq: bir neçə gün davam edən konsertlər, ardı kəsilməyən ziyafətlər, məşhurların libas yarışları, təşkil olunan əyləncələr, televiziya məkanında ardı kəsilməyən bahalı tok-şoular, bahalı hədiyyələr və daha nələr-nələr. Gözə kül üfürmək üçün təşkil olunan bütün bu “parıltıların” tək hədəfi hansısa həqiqətləri gizlətməkdir. Odur ki, Prezidentin bütün bu “şoubazlıq”dan uzaq olan andiçmə mərasiminin “gizli mərasim” adlandırılmasının mənəviyyatsızlıq və siyasi əxlaqsızlıqdan başqa adı yoxdur. Kontrastı daha aydın təsəvvür etmək üçün populist siyasətçilərin mövcud kontekstdəki ritorikalarının klassik vurğularına diqqət yetirək: demaqoq vədlər, ucuz populizm, əsassız iddialar, hamını hamıya qarşı mübarizəyə çağıran şüarlar, total şübhələr və s. Bunların əvəzinə biz cənab Prezidentin nitqində yalnız birlik, həmrəylik və xalqa güvən motivləri eşitdik. Heç birimiz üçün təəccüblü deyil ki, məhz elə bu amillər və cənab Prezidentin bu cür yanaşması düşmənlərimizi daha çox narahat edir. Mövcud konteksti inkişaf etdirərək dövlətimizin başçısının çıxışında əksini tapmış növbəti sözlərə diqqət yetirək: “Bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ xarakter daşımırdı, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq”. Bəli, budur cənab Prezidenti fərqləndirən cəhət. Milli Məclisin tribunasından çıxış edən Prezidentin hər bir cümləsi bizə sabaha güvən və inam hissi bəxş edirdi. Zaman və yaşadığımız hadisələr bizə sübut edir ki, dövlətimizin başçısının siyasəti məhz güvən bəxş edən etibarlı siyasətdir. Övlad öz valideyninə güvəndiyi kimi, Azərbaycan xalqı da öz Liderinə güvənir. Bu güvən amili Azərbaycan dövlətinin və xalqının gücüdür. Təsadüfi deyil ki, bütün təxribatçı qüvvələrin demaqogiyalarının hədəfində qeyd etdiyimiz bu önəmli amillə bağlı şübhələrin yaradılmasıdır.

 Zərdab Gənclər evinin metodisti – Toğrul Abulov

 

 

 

Beynəlxalq nüfuz.

Bu gün Azərbaycan regionda inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlət başçısı İlham Əliyev  tarixi Zəfərimizdə iqtisadi və siyasi müstəqilliyimizin  rolunu xüsusi qeyd edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası bu gün tarixin arxivinə atılan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində hədəfləri açıqlayarkən xarici siyasətimizlə bağlı bu məqamı xüsusi vurğuladı: “Biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur.” Cənab İlham Əliyev onu da qeyd etdi ki, ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Prezident cənab İlham Əliyev bu çağırışı ilə Qarabağ münaqişəsinin tarixə qovuşmasından keçirdiyi qürur hissini nümayiş etdirir. Bu çağırış bizi 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin birində,  Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində  “Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz” sualına cavabını xatırlatmağı bir tələbə çevirdi. Cənab İlham Əliyev sualı belə  cavablandırmışdı:  “Bilirsiniz, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.»

Cəlal Mecidli – Zərdab Gənclər evi SXM-in metodisti

 

 

İkinci Qarabağ müharibəsi olmaya bilərdi.

Seçkilərdə xalqın 92,12 faiz səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi keçirildi. Bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlindən gələni əsirgəməyəcəyəni bildirən dövlət başçısı son 20 ildən artıq dövrdə Azərbaycan xalqının dəstəyi ilə görülən işlərdən, qazanılan uğurlardan, qələbələrdən geniş bəhs etdi. Bir daha vurğulandı ki, 2003-cü ildə verilən bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqı, onun Prezidentə göstərdiyi inam və vahid amal ətrafında birləşmə bacarığıdır. Azərbaycan xalqı dünyaya sübut edib ki, böyük xalqdır, öz taleyimizi özümüz həll edirik. Ölkəmiz bu illər ərzində sürətli inkişaf yolu keçdi, tarixi nailiyyətlər qazandı. Hər bir ölkənin tərəqqisində əsas amil olan iqtisadiyyatın inkişafı istiqamətində atılan addımlar və uğurlu nəticələr bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində özünün aydın ifadəsini tapır. Son 20 ildən artıq dövrün reallıqları fonunda güclü Azərbaycanı görür və bundan böyük qürur hissi keçiririk. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində bu məqamı xüsusi vurğuladı ki, güclü Azərbaycan həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olsaydıq, heç vaxt ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Dövlət başçısı nitqində bu reallığı da xüsusi qeyd etdi ki, əgər Ermənistan və onun rəhbərliyi, arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər bəlkə də müharibəyə ehtiyac qalmazdı. Müharibədən sonrakı dövrdə də Azərbaycan bütün məsələlərdə prinsipial mövqeyini göstərib. Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, mütəmadi hərbi təxribatlar törətməsi bir günlük antiterror tədbirlərini qaçılmaz etdi. Azərbaycan Silahlı qüvvələrinin ötən ilin 19 sentyabr tarixində həyata keçirdikləri lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu.  Müharibədən ötən dövr ərzində isə Azərbaycan öz prinsipial mövqeyini davam etdirdi. Nəhayət, 2023-cü ilin sentyabrında antiterror əməliyyatı prosesin məntiqi sonluğu oldu. Beləliklə, Azərbaycanda separatizmə birdəfəlik son qoyuldu. 2024-cü il zəfər seçkilərində də xalq öz seçimini edərək, qalib liderə səs verdi. Bununla da qalib xalq və ölkə olaraq qarşımızda yeni dövr və vəzifələr durur. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, qarşıdakı mərhələdə güclü ordu quruculuğu davam etdiriləcək, hərbi sənayenin inkişafının 2-ci mərhələsinin icrası başlayıb. Bu gün əsas hədəfimiz yeni reallıqlarla əlaqədar sərhədlərimizin təhlükəsizliyinin gücləndirilməsi,  yeni sərhəd infrastrukturunun yaradılmasıdır. Müzəffər Ali baş Komandanın da söylədiyi kimi, bu, Azərbaycanı xarici risklərdən qorumaq üçün ən vacib şərtlərdən biridir.

 Cəlal Mecidli – Zərdab Gənclər evi SXM-in metodisti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki