Vətəndaşların hüquq və azadlıqları
Vətən müharibəsi zamanı Konstitusiya Məhkəməsi ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində fəal iş apardı.Vətən müharibəsi dövründə Konstitusiya Məhkəməsinin Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransına, Avropa Konstitusiya Məhkəmələrinin Konfransına, habelə Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası təşkilatları çərçivəsində dünyanın bütün Konstitusiya məhkəmələrinə ünvanladığı bəyanatlarda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının mütəmadi xarakter aldığı vurğulanıb. Bu təxribatlar nəticəsində Azərbaycanın Qarabağdan uzaqdakı şəhərlərinin ağır artilleriya atəşinə məruz qalması həm hərbi, həm də mülki əhali arasında itkilərə səbəb olduğu qeyd edilib. Bəyanatda, həmçinin diqqətə çatdırılıb ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu açıq şəkildə təsdiq edilir.
Azərbaycan məhkəmə-hüquq tarixində ən mühüm hadisələrdən biri də keçən il iyulun 14-də baş verdi. Həmin gün Konstitusiya Məhkəməsinin hakimləri və məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Məhkəmənin Plenumunda baxılmış üç iş üzrə qərarları Şuşa şəhərində elan edib.
Dövlətimizin 44 günlük Vətən müharibəsində inamlı Qələbə qazanmasına baxmayaraq, Ermənistan tərəfindən hərbi təxribatlar müharibədən sonrakı dövrdə də davam etdirilib. 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirləri başlanılıb. 24 saatdan az bir müddətdə başa çatan və Azərbaycan Silahlı Qüvvələrinin yüksək məharət və peşəkarlıqla həyata keçirdiyi bu tədbirlər nəticəsində qarşıya qoyulan strateji hədəflərə uğurla nail olundu – düşmənin hərbi təyinatlı vasitələri zərərsizləşdirildi. Sentyabrın 19-20-də Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və ölkəmizin dövlət suverenliyi tam bərpa edildi. Lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan Qələbə sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa olundu, Konstitusiyada təsbit edilmiş hüquqların tam şəkildə bərpası üçün real zəmin yarandı. Ötən ilin oktyabrın 15-də dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü günündə xalqımız növbəti tarixi, sevincli və qürurverici gününü yaşadı. Prezident İlham Əliyev Sərsəng su anbarının ərazisində, Ağdərə, Xankəndi, Xocalı şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidəki çıxışında qeyd edib: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”. Qürurverici haldır ki, qalib xalqımız Əsas Qanunun qəbulunun 28-ci ildönümünü üçqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Zəfərin qazanılması, lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb.
Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru