image-qanunla-reklam
image-ad49431e-3bdd-4b84-9232-1d64117e61f4

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCANI BÖYÜK BƏLALARDAN XİLAS ELƏDİ!

image-lady-day-az

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCANI BÖYÜK BƏLALARDAN XİLAS ELƏDİ!

Ümumiyyətlə, hər tarixi dövrün öz görkəmli şəxsiyyətləri olur. Şəxsiyyətləri zaman yetişdirir. Amma bəzən əksinə də olur. Dahi insanlar zamanın fövqünə yüksələrək, öz dövrlərini yaradırlar. Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün belə bir şəxsiyyətdir: XX əsrin ikinci yarısının xeyli hissəsini əhatə edən dövr Onun adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübuta yetirib. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdır. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli lider Heydər Əliyevə üz tutdu. Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusilə vurğulanmalıdır. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu öndər Heydər Əliyev, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Bu kontekstdə Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır. Milli ideologiyanın yaradılması da Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Məlum olduğu kimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Şübhəsiz, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda görülən işlərin və əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Ümummilli Lider Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini, Onun layiqli davamçısı, Özü qədər inandığı cənab Prezident İlham Əliyev suverenliyini daimi etdi.

Uğurla reallığa çevrilən hər bir hədəf yeni hədəflərin başlanğıcıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil. Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Öndərimizin əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq. Həqiqətən bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Bu gün ölkəmiz dünyada böyük nüfuz sahibidir, heç kimdən asılı olmadan müstəqil siyasət həyata keçirir, dövlətimizin təhlükəsizliyi tam təmin olunub, müstəqilliyimiz möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən bacarıqla qorunur. Məmnunluqla qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Ulu Öndər Heydər Əliyevin qurduğu bünövrə üzərindədir, Onun müəyyənləşdirdiyi inkişaf siyasəti Azərbaycan xalqının daim firavanlığına, əmin-amanlığına, sabitliyinə, rifahına xidmət edir və edəcək.

 

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki