Uca bayrağımız həmişə yüksəklərdə dalğalansın!
Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixində imzaladığı Sərəncamla hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu əlamətdar gün, yalnız bayrağımızın əzəmətini deyil, eyni zamanda, xalqımızın milli kimliyini, azadlıq və müstəqillik uğrundakı mübarizəsini özündə təcəssüm etdirir. Üçrəngli bayrağımız xalqımızın tarixi, dəyərləri və milli mənəviyyatının ayrılmaz parçasıdır. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, Azərbaycan Silahlı Qüvvələrinin hərbiçilərinin əzmi ilə Dövlət Bayrağımız artıq 4 ildir ki, Şuşada, Laçında, Ağdamda, Ağdərədə, Xankəndində – Vətənimizin bütün torpaqlarında böyük qürur hissi ilə dalğalanır, torpaqlarımızın əbədi sahiblərini, bütün dünyaya bir daha xatırladır.
Azərbaycan Respublikasının Dövlət Gerbi və Dövlət Himni ilə birlikdə Dövlət Bayrağı ölkəmizin milli rəmzləridir. Bayraq bir xalqın kimliyini, birliyini və milli suverenliyini simvolizə edən ən vacib rəmzlərdən biridir. İstər tarixi bayramlarda, xalqımızın sevincli günlərində, Zəfər tədbirlərində, istərsə də dövlət-ictimaiyyət xadimlərinin, mədəniyyət nümayəndələrinin, eləcə də şəhidlərimizin dəfn mərasimində bayrağımızın həmin tədbirlərin əsas atributlarından birinə çevrilməsi göstərir ki, bayraq bizim üçün həm də milli həmrəyliyimizin rəmzidir. Xalqın bayrağa olan sevgisi, birlik və vətənpərvərlik duyğularının göstəricisidir, ona görə də bayraq hər bir vətəndaş üçün müqəddəsdir və qorunması vacibdir.
Dövlətimizin üçrəngli bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il noyabrın 9-da rəsmi olaraq qəbul edilmiş, iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılmış və 1920 – ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Dövlət Bayrağımızdakı üç rəng – mavi, qırmızı və yaşıl – hər biri ayrılıqda Azərbaycanın istiqlal ideologiyasını əks etdirir. Mavi rəng türk etnik mənsubiyyətimizi, kökümüzü ifadə edir. Qırmızı rəng inkişafı, modernliyi və irəliyə doğru hərəkəti simvollaşdırır. Yaşıl rəng isə İslam sivilizasiyasına olan mənəvi bağlılığımızı və dini dəyərlərimizi təcəssüm etdirir. Bu rənglərin ideoloji əsasını XX əsrin əvvəllərində görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadə tərəfindən ortaya qoyulmuş “Türkçülük, müasirlik və islamçılıq” prinsipi təşkil edir.
1990-cı il noyabrın 17-də Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmış, 1991-ci il fevralın 5-də həmin vəsatətə baxan Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Bayraq günü olaraq məhz 9 noyabrın qeyd edilməsi isə cənab İlham Əliyevin varisi olduğumuz Xalq Cumhuriyyətinə verdiyi xüsusi önəmin göstəricisidir.
1991-ci ilin oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının müstəqil dövlət olaraq Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağı bərpa edildi.
Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı