Nəzərdən keçirmək razılığına gəldiyimiz digər sahə birbaşa uçuşlardır.
Baltik regionu ilə Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsi son illərdə yeni iqtisadi və logistik imkanların yaranmasına şərait yaradıb. Azərbaycan ilə Latviya arasında formalaşan əməkdaşlıq təkcə diplomatik münasibətlərlə məhdudlaşmayaraq, nəqliyyat, ticarət və hava əlaqələri kimi strateji sahələri də əhatə edir. 2026-cı il aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə məhz bu istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi xüsusi diqqət mərkəzində olub.
Müasir beynəlxalq münasibətlərdə birbaşa hava əlaqələri ölkələr arasında iqtisadi və humanitar inteqrasiyanın sürətləndirilməsində mühüm rol oynayır. Turizm axınlarının artırılması, biznes əlaqələrinin asanlaşdırılması və yükdaşımaların optimallaşdırılması baxımından birbaşa uçuşların mövcudluğu strateji əhəmiyyət daşıyır. Xüsusilə qlobal logistik zəncirlərdə baş verən dəyişikliklər fonunda alternativ marşrutların və sabit hava əlaqələrinin qurulması daha da aktuallaşır.
Cənab Prezident İlham Əliyev mətbuata bəyanatı zamanı bu məsələyə toxunaraq bildirmişdir: “Nəzərdən keçirmək razılığına gəldiyimiz digər sahə birbaşa uçuşlardır. Bu, xüsusən də, müəyyən pozulmalar, həmçinin bəzi hava şirkətləri üçün aviayanacağın müəyyən dərəcədə çatışmaması ilə səciyyələnən indiki dövrə təsadüf edir və xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir. Bu, digər bir fürsət ola bilər”. Bu yanaşma göstərir ki, Azərbaycan və Latviya arasında birbaşa aviareyslərin yaradılması yalnız nəqliyyat məsələsi deyil, eyni zamanda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün real imkan kimi qiymətləndirilir. Mövcud qlobal şəraitdə hava daşımalarında yaranan çətinliklər bir çox ölkələri alternativ və dayanıqlı marşrutlar axtarmağa vadar edir. Bu baxımdan Bakı və Riqanın birbaşa hava əlaqəsi qurması həm biznes, həm turizm, həm də humanitar əlaqələr üçün mühüm üstünlüklər yarada bilər.
Azərbaycanın hava nəqliyyatı sektorunun sabit fəaliyyəti və beynəlxalq hava limanlarının müasir infrastrukturu ölkəni regional aviasiya mərkəzlərindən birinə çevirir. Latviya isə Baltik regionunda mühüm tranzit və logistika mərkəzi kimi çıxış edir. Bu iki ölkə arasında birbaşa uçuşların təşkili həm sərnişin daşımalarında rahatlıq yaradacaq, həm də yük axınlarının daha səmərəli idarə olunmasına imkan verəcək. Birbaşa aviareyslərin açılması turizm sahəsinə də ciddi töhfə verəcək. Azərbaycan və Latviya vətəndaşlarının qarşılıqlı səfərlərinin artması mədəni mübadiləni gücləndirəcək və biznes əlaqələrinin genişlənməsinə təkan verəcək.
Bakı və Riqa arasında birbaşa hava əlaqələrinin qurulması ideyası iki ölkə arasında mövcud əməkdaşlığın məntiqi davamı kimi çıxış edir.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru



















