Məqsədyönlü və prinsipial siyasət
Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.
Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərinə qoyulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi. Ölkədə mövcud olan ən müxtəlif mürəkkəbliklər arasından Ulu öndər Heydər Əliyevin müstəsna fəaliyyəti ilə respublikanın siyasi böhran və girdabdan çıxarılması adi baxışdan inanılması bir qədər çətin olan bir möcüzəyə oxşayırsa, ordunun böhrandan çıxarılması həmin möcüzənin təkrarı idi. Bu sahədə mövcud olan problemlər son dərəcə çoxşaxəli idi və müəyyən hallarda qeyri-adekvat tədbirlərin həyata keçirilməsi zərurəti də son dərəcə aktual idi. Lakin bu problemlər də həll edildi.Ümummilli Lider Heydər Əliyev bu sahədə də bir möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır. Xalqın orduya doğma münasibəti, xalqın ordunu qayğı ilə əhatə etməsi daha da möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır.Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır.
Ordu quruculuğu mürəkkəb, daimi prosesdir və hər gün yenilənir. Hər yeni gün müasir texnologiyalar tətbiq edilir. Dövlətimiz də Azərbaycan Ordusunun hərbi potensialının güclü olması üçün onun dünyanın ən qabaqcıl ölkələrinin müasir silahları ilə təmin olmasına çalışır. Şəxsi heyətin qidalanmasına, geyim, silah-sursat təminatına, işğaldan azad edilmiş ərazilərdə müasir kazarmaların və zastavaların tikilməsinə, ordunun daim təlim keçməsinə, təchizatına, kadr potensialına və davamlı islahatların aparılmasına xüsusi diqqət ayrılır.
Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin direktoru
Etnik dözümsüzlük
Azərbaycan-Ermənistan münaqişəsinin dərin tarixi kökləri XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuşdur. 1905-1906 və 1918-1920-ci illərdə Azərbaycanlılar qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir. Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına, azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir. Ermənilər bu mənfur prosesdə ən qəddar rolu ifa edən vasitə olmuşlar.Kütləvi deportasiyaların və soyqırımı aktlarının yeganə məqsədi Cənubi Qafqazda qüdrətli müsəlman və türk dövlətinin formalaşmasına mane olmaqdan ibarət idi.
XX əsrin 20-ci illərində Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilər əsrlərlə arzu etdikləri erməni dövlətini yaratmaq və qonşulara qarşı ərazi iddiasını irəli sürmək siyasətinə keçdilər.Son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində xalqımız min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqdan sonra Qarabağda ermənilər fəallaşmış,öz himayədarlarının köməyilə Azərbaycan ərazilərini Ermənistana birləşdirmək səylərini davam etdirirmişlər. Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq,mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçmişdi.
1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Bundan sonrakı dövrlərdə də ermənilər öz mənfur planlarını həyata keçirmək üçün torpaqlarımızı işğala məruz qoymuşdular. XX əsrin sonlarında Azərbaycan ərazisinin əhəmiyyətli hissəsi (iyirmi faizi), o cümlədən Qarabağ, ona bitişik yeddi rayon terroru, cinayətkarlığı, oğurluğu məqbul hesab edən Ermənistan tərəfindən işğal olundu. Təcavüz zamanı Ermənistan silahlı qüvvələri on minlərlə insanın ölümünə səbəb olan hərbi cinayətlər, insanlıq əleyhinə görülməyən soyqırımı törətdilər, Azərbaycanın yüzlərlə şəhər, qəsəbə və kəndləri dağıdılıb talan edildi. Azərbaycan xalqı bu dəhşətli günləri heç zaman unutmamışdır.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru