Orta dəhliz də Ermənistandan yan keçəcək, daha doğrusu, artıq yan keçir.
Qanunla.Az xəbər verir ki, bu sözləri siyasi elmlər doktoru, professor Vahe Davtyan qeyd edib.
O bildirib ki, hazırda Mərkəzi Asiya ölkələri, xüsusən də Qazaxıstan və Özbəkistan Avrasiyanın bu mühüm infrastrukturunun inkişafı istiqamətində dəhlizin əsas benefisiarı olan Çinlə əməkdaşlığı gücləndirir:
“Çin də öz növbəsində 2022-ci ildən Orta dəhlizin “Bir kəmər və bir yol” meqalayihəsinə inteqrasiyası məqsədilə Azərbaycanla strateji dialoq aparır. Azərbaycan uzun müddətdir Gürcüstandan keçən və Bakı-Tiflis-Qars dəmir yolu kimi tanınan Avropa-Qafqaz-Asiya marşrutunun formalaşması kontekstində Orta dəhlizin strateji məqsədəuyğunluğuna AB-nin bəzi aktorlarını inandırmağı bacarıb. Bu yol, böyük ehtimalla, Qars-İğdır-Naxçıvan dəmir yoluna qoşulacaq və Zəngəzur dəhlizi ilə davam etmək perspektivi ilə, nəhayət, Ermənistan ətrafında nəqliyyat halqasını daraldacaq.
Bütün bunlar Orta dəhlizin kommersiya göstəricilərinə birbaşa təsir edir. Belə ki, 2024-cü ilin 10 ayı ərzində onun həyata keçirdiyi yükdaşımalar 68% artaraq 3,8 milyon tona çatıb. Dəhlizin benefisiarları artıq onun rəqəmsallaşdırılmasından danışırlar, yəni onunla bağlı bütün strateji qərarlar çoxdan qəbul edilib. Cənubi Qafqazın illərlə, bəzi hallarda isə onilliklər boyu inkişaf etdirilən kommunikasiyalarının logistikasına heç kim yenidən baxmayacaq. Biz ən vacib şeyi – vaxtı itirmişik. Ona görə də gəlin, reallığa qayıdaq”, – deyə o vurğulayıb.