Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib.
Birinci Qarabağ müharibəsində strateji əhəmiyyətə malik Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Bu dəhliz tarixi Zəngəzur torpaqlarından keçid kimi Dağlıq Qarabağı birləşdirirdi və düşmənə sonradan digər torpaqlarımızı da işğal etməyə imkan yaradırdı.
Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illərboyu xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Laçın işğaldan azad olundu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə təxminən uzun illər idi ki, kağız üzərində qalmışdı. Nəhayət, Azərbaycan bu tarixi ədaləti təkbaşına bərpa etdi. Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı.
Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qürur doğuran növbəti məqamlardan biridir. Ümumiyyətlə, oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında müzakirə olunan məsələlər, Prezident cənab İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər bir çox tərəfləri ilə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.
Bu xəbərlər həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılandı. Qeyd etmək lazımdır ki, əhəmiyyətli olan digər həssas məqam var və bu məqam ölkə rəhbərinin prosesə necə uzaqgörən və bütöv nəzərlərlə baxışını sərgiləyir. Məsələn, müharibədən az sonra 2021-ci il “Nizami Gəncəvi İli” elan olundu. 2022-ci il “Şuşa İli” elan edildi. Bununla bağlı Sərəncam bizim bir xalq, dövlət kimi varlığımızın siması – sülhün və mədəniyyətin çağırışçısı statusunda tanıdılmağımız üçün mühüm dəyər kəsb edirdi. Həmin dövrdən etibarən milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində estetik bir dönəm başlandı. İndi də Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi xəbərindən qürur duyuruq. Bu qərar bizim haqq savaşımıza, qazanılan Zəfərimizə ehtiram nümunəsi olmaqla yanaşı, həm də Qarabağla bağlı aparılan quruculuq işlərinə mənəvi planda yanaşmaq, onun dəyərlərinin ehtiva olunduğu ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək məqsədi daşıyır.
Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biri idi. Şəhər tamamilə dağıdılmış, vandalizmə məruz qoyulmuş, yerlə-yeksan edilmişdi. Artıq Laçın əvvəlki əzəmət və qürurunu bərpa etməkdədir, quruculuq prosesləri burada dinamik şəkildə həyata keçirilir, keçmiş məcburi köçkünlərin bir qismi doğma yurdlarına qayıdıb və bu qayıdış ardıcıl şəkildə reallaşacaq.
Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin direktoru
Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı
44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü bir daha nümayiş etdirdi. Bu qələbə işğalçı Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yenidən anlatdı. Bu zəfər onu da göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərb sahəsində də liderdir. Məhz buna görə də xalq-iqtidar birliyindən qaynaqlanan Azərbaycanın gücü, qüdrəti Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi. Cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqı birləşdirən siyasətdir. Xalq olaraq gücümüzün mənbəyi olan milli birlik dövlətin siyasi dəyəridir. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Bu gün Azərbaycan dünyada güclü, Cənubi Qafqaz regionunun lider dövləti kimi tanınır.
İkinci Qarabağ müharibəsində Ermənistanın işğalçı hərbi birləşmələrini öz torpaqlarından qovan və ərazi bütövlüyünü bərpa edən dövlətimizin hazırkı şəraitdə beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənməkdədir. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Lakin Azərbaycanın tarixində yeni mərhələ başlanıb. Azad edilmiş torpaqlara bundan sonra həyat yenidən qayıdır. Hazırda doğma Qarabağımızda, işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Bu gün müstəqil ölkəmiz daha inamla, daha əzmlə inkişaf edəcək, beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcək, Qarabağın dirçəlişi ilə yeni tarix yazacaq.
Müstəqillik tarixində respublikamız əksər region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda sıx əməkdaşlıq əlaqələri qurmağa nail olub. Bu kontekstdə Azərbaycanın keçmiş ittifaq respublikalarının iştirakı ilə yaradılan Müstəqil Dövlətlər Birliyində təmsilçiliyi də diqqət çəkir.
Cari ilin oktyabrın 8-də Moskvada keçirilmiş Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycan-MDB əməkdaşlığının uğurla inkişaf etməsindən məmnunluğunu bildirib və keçmiş müttəfiq respublikaların birgə keçdikləri yolda, o cümlədən də İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında Azərbaycanın mühüm rol oynadığını qeyd edib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib.
MDB dövlətləri arasında əməkdaşlığın mühüm bir istiqamətini humanitar-mədəni sahə təşkil edir. Bütün bunlar isə xalqları bir-birlərinə daha yaxın edir və onları zənginləşdirir. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru