image-qanunla-reklam
image-335

İqtisadi inkişaf modeli

image-lady-day-az

İqtisadi inkişaf modeli.

 İqtisadiyyat bütün dövlətlərin inkişafının özəyini təşkil edir. İqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək olmaz. Demək olar ki, dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılıdır. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Azərbaycanda iqtisadi inkişaf özünəməxsus inkişaf metodu ilə fərqlənir.

Ümummilli Heydər Əliyev Azərbaycana rəhbərliyin birinci dövründə iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür. 1969-cu ilin iyul plenumunda onun Azərbaycanın rəhbəri seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olunmasıdır. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir. Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafda geriliyi tez zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın gücü olduğunu dönə-dönə vurğulayırdı: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.

Ümummilli lider Heydər Əliyevin söylədiyi bu fikirlər qısa zamanda öz nəticəsini göstərdi. Azərbaycan tez bir zamanda bu iqtisadi böhrandan xilas ola bildi. Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün, vergi və sahibkarlığın inkişaf etdirməsi üçün bir sıra islahatlar keçirdi. Ölkədə iş yerlərinin çoxu bağlanmış və işsizlərin sayı çoxalmış, ölkədə gedən müharibənin nəticəsində öz doğma yerlərini tərk etmiş əhalinin xeyli hissəsinin çalışmaq qabiliyyəti olsa da, iş yerlərinin olmaması, pulun inflyasiya dəyərinin aşağı düşməsi, qiymətlərin qalxması, alıcılıq qabiliyyətinin azalması və xarici dövlətlərlə iqtisadi əlaqələrin olmaması iqtisadi böhranı aradan qaldırmağa mane olurdu. 1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarlarının sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərmişdir. Ulu Öndərin apardığı bu siyasət bir sahəni deyil, bir çox sahələri əhatə edirdi. Heydər Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirmişdi. Hətta Heydər Əliyev kənd təsərrüfatında olan problemlərin həlli üçün 1994-cü ildə 9 dəfə müşavirə keçirmiş, kənd təsərrüfatında olan problemlərlə şəxsən yaxından tanış olmuşdur.

Məhz Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı kimi Azərbaycan yeni inkişaf mərhələsinə Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik dövlət quruculuğu modelini, öz iqtisadi inkişaf strategiyasını və mədəni-mənəvi dəyərlərini düşünülmüş surətdə həyata keçirmək əzmi ilə qədəm qoydu.

Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

 

 

Dahi orator.

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Ümummilli lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə indi də xidmət edir.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən ulu öndərimiz Heydər Əliyev zəmanəsinin görkəmli natiqlərindən biri olmuşdur. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir insan, mütəfəkkir dövlət xadimi idi. İnsanlar onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliliyinə heyran qalır, onu dinləməkdən məmnun olurdular. Onun nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq daima nəzərə çarpırdı. Ulu Öndər Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu Öndər öz çıxışlarında fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi.

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən biri hesab olunur. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1995-ci ildə ilk Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi bir daha təsbit edildi. 2001-ci ilin 18 iyununda Prezident Heydər Əliyev “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçdi. 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünya liderləri içərisində, o cümlədən türk dünyasında Ulu öndər Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran rəhbər olmayıb.

Əsmər Məhəmmədli – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki