Hərbi sənaye kompleksi.
Bu gün uğurları ilə fəxr etdiyimiz Azərbaycanın hərb sənayesinin ilk intibah dövrü, onun etibarlı təməllərinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə respublika iqtisadiyyatının digər sahələri ilə yanaşı, müdafiə sənayesinin yaradılması və inkişaf etdirilməsi sahəsində də mühüm işlər görülmüşdü. Hər bir sahədə respublikamızın gələcəyini düşünən Heydər Əliyev Azərbaycanda yeni sənaye müəssisələrinin, o cümlədən hazırda ölkəmizin müdafiə sənayesinin əsasını təşkil edən müəssisələrin yaradılması məsələsini hər zaman diqqət mərkəzində saxlamış, bu barədə müxtəlif vaxtlarda SSRİ rəhbərliyi qarşısında məsələ qaldırmış və istəyinə nail olmuşdu. Bu gün Azərbaycanın inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyev ideyalarının yaşamasının, Ümummilli Liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Hər bir uğurumuz göstərir ki, Ümummilli Liderimizin siyasi kursu, milli inkişaf konsepsiyası layiqincə davam etdirilir. 2020-ci ilin Vətən müharibəsində Azərbaycan dövləti torpaqlarını işğaldan azad edərək tarixi ədaləti yoluna qoydu. 2023-cü ilin sentyabrında isə antiterror tədbirlərinin nəticəsində Qarabağda erməni separatçılığı darmadağın edildi. Qazandığımız bu zəfərlər bütün dünyaya Azərbaycanın həm də hərbi gücünü, qüdrətini nümayiş etdirdi. Eyni zamanda bu qələbələr Azərbaycanın gücünün və xalqımızın milli birliyinin təcəssümü oldu. İndi bütün azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı qürurla dalğalanır. Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Fəxr hissi ilə qeyd etməliyik ki, Azərbaycanın dövlətçilik tarixinin və hərbi salnaməsinin şərəfli səhifəsini təşkil edən Vətən müharibəsindəki tarixi Zəfərin qazanılmasına Müdafiə Sənayesi Nazirliyi özünün layiqli töhfələrini verdi. Nazirliyin fədakar kollektivi 44 günlük Vətən müharibəsində gücləndirilmiş iş rejimində çalışıb, Şanlı Azərbaycan Silahlı Qüvvələrini müasir silah-sursat, döyüş texnikası və PUA-larla fasiləsiz təchizatını təmin edib. MSN-in zavod və müəssisələrində istehsal edilən silah və sursatlar bu savaşda sınaqdan layiqincə çıxıb. Dövlətimiz yüksəkixtisaslı mütəxəssis hazırlığı üçün gərəkən bütün addımları atır. Qarşıda isə bizi yeni möhtəşəm uğurlar gözləyir. Təbii ki, bu yolda respublikamızın hərbi sənayesi də özünün yeni töhfələrini verəcək. Hazırda milli sənayemizin bu istiqaməti sürətli inkişaf yolundadır. Təsadüfi deyil ki, respublikamız öz daxili ehtiyaclarını ödəməklə yanaşı, onlarla ölkəyə hərbi məhsul ixrac edir. Bütövlükdə isə müdafiə sənayesində əldə edilən bütün uğurlar bu sahənin modern çağırışlara uyğun inkişafı ilə bağlı düşünülmüş və əsaslandırılmış mütərəqqi dövlət siyasətinin nəticəsində mümkün olub.
Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva
Müharibənin qaçılmazlığı.
Azərbaycana qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti 200 ildən çox davam etmişdir. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər erməni təxribatları davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdi. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdi. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdu. 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.
Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov