Fransada parlament seçkilərinin ikinci turu başa çatdı. Bu tur da çox böyük seçici fəallığı ilə yadda qaldı. Hələlik nəticələrlə bağlı konkret nəsə demək tam mümkün olmasa da, sonda üç blok önə çıxdı. Bu, yaxın dövrdə üç blok siyasətinin ölkəmizin siyasi mənzərəsini müəyyənləşdirəcəyini göstərir.
Bu sözləri Qanunla.Az-a Fransada keçirilən parlament seçkilərinin ikinci turu barədə danışan Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanuel Düpüy deyib.
Düpüy ikinci turun nəticələrinə görə Milli Birlik Partiyasının ən böyük uğuru qazandığını bildirib:
“Son nəticələrə əsasən, ifrat solçuları təmsil edən Yeni Xalq Cəbhəsi parlamentdə 182 yerə, “Respublika Naminə Birlikdə” prezident koalisiyası 163 yerə sahib olub. İfrat sağçıları təmsil edən Milli Birlik Partiyası isə 143 yer qazanıb. Bu parlamentin buraxılmasının heç nəyi həll etmədiyini göstərir. Çünki üç blokun hər biri üçün nə aydın bölünmə, nə də çoxluq ehtimalı var. Dəqiq olan isə odur ki, Milli Birlik Partiyası 49 milyon seçicinin 10 milyondan çoxunun səsini qazanıb. Yəni MBP son yeddi ildə millət vəkili sayını 7-dən 143-ə çıxarıb. Bu, konret şəkildə irəliləyişin olduğunu göstərir, lakin təkbaşına hökumət olmaq üçün mütləq əksəriyyət əldə edilməyib. Digər tərəfdən Yeni Xalq Cəbhəsinin, Sosialistlərin, Ekoloqlar Partiyasının və başqalarının bir araya gələrək ifrat sağçıları əngəlləməsi çox güclü həmlə oldu”.
Ekspert heç bir tərəfin parlament çoxluğunu əldə etmədiyini, hökumətin qurulmasının müəyyən vaxt alacağını bildirib:
“Hazırda blokların heç biri mütləq çoxluğu qazana bilmədiyi üçün baş nazirliyə namizəd irəli sürə bilmir. Attal baş nazir postundan istefa versə də, Prezident Makron bunu qəbul etmədi. Ona görə də qarşıda nələr olacağı və hansı vəziyyətin formalaşağı haqqında dəqiq nəsə demək mümkün deyil. Lakin hökumətin formalaşdırılması üçün qızğın siyasi müzakirələrin, sövdələşmələrin aparılacağı, müxtəlif kombinasiyalar ilə bağlı təkliflərin olacağı dəqiqdir”.
Qeyd edək ki, Milli Assambleyanın 577 deputatı var və mütləq əksəriyyət üçün 289 yer lazımdır.